27 oktyabr 2022 10:07
719

Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət idi

Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası yarandığı zamandan keşməkeşli yol keçib və ümumxalq partiyasına çevrilib. Azərbaycan xalqının Ümummilli Liderinin qətiyyəti və iradəsi hesabına yaradılan və bu gün istər ölkə daxilində, istərsə də regionda lider partiya olan Yeni Azərbaycan Partiyası həm ölkə daxilində cərəyan edən siyasi proseslərdə, həm də beynəlxalq əlaqələrdə böyük uğurlara imza atıb.

Hər bir siyasi partiyanın keçdiyi yolu tədqiq etmək üçün bir sıra müxtəlif məqamlara toxunmaq lazımdır. Bunlardan biri partiyanın hansı ictimai-siyasi şəraitdə yaranması və fəaliyyət göstərməsidir.

30 il böyük inkişaf yolu keçən Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi.

Ümummilli lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasını tarixi zərurət kimi qiymətləndirərək söyləyirdi: “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içindən çıxmış zərurətdir. Azərbaycanda yaranan partiyaların bir çoxu ayrı-ayrı şəxslərin, siyasi fəaliyyətə başlayan şəxslərin şəxsi təşəbbüskarlığı ilə yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərənin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmışdır”.

Müstəqilliyin bərpasının ilk illərində ölkədə gedən xoşagəlməz proseslər, böhran, iqtisadi tənəzzül demək olar ki, suverenliyimizə böyük zərbələr vurmuşdu. Belə bir şəraitdə parlaq simaları, ziyalılar, ictimaiyyət arasında böyük hörmətə malik olan insanlar ulu öndər Heydər Əliyevin ətrafında birləşərək Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərara gəldilər.

Beləliklə, 1992-ci ilin noyabrın 21-də 550 nəfərin iştirakı ilə Yeni Azərbaycan Partiyası təsis olundu və ulu öndər Heydər Əliyev partiyanın Sədri seçildi. Ümummilli lider Heydər Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində təşkilatlandı, xalqın dəstəyi ilə 1993-cü ildə hakimiyyətə gəldi. Bu, xalqın ümummilli lider Heydər Əliyevə böyük inamının, Onun rəhbərlik etdiyi partiyaya dəstəyinin bariz ifadəsi idi.

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının ötən il martın 5-də keçirilən VII qurultayında “91-lər”in Ulu Öndərə müraciətini və onların fəaliyyətini yüksək qiymətləndirərək demişdir: “Bu gün də onların bir çoxu bizim sıramızdadır. Bundan sonra da onlar fəal işlərlə məşğul olacaqlar, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasında fəaliyyət göstərəcəklər və ictimai həyatda fəaliyyət göstərəcəklər. Onları Azərbaycan xalqı unutmamalıdır. Mən Prezident kimi hər zaman onların fəaliyyətini yüksək qiymətləndirirəm. Təkcə ona görə yox ki, Heydər Əliyevə müraciət ediblər. Ona görə ki, qorxmadılar, çəkinmədilər, ölkə maraqlarını öz şəxsi maraqlarından üstün tutdular.”

Partiyamızın ilk addımları da Azərbaycanda siyasi sabitliyin bərpasına yönəldilmişdi. Təsadüfi deyildir ki, 1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi başlanan dövrdə cəmiyyətimizin bütün ümidləri yenə də Heydər Əliyevin dühası ilə bağlı idi. O vaxt xalqın tələbi ilə hakimiyyətə gələn Ulu Öndər qısa müddət ərzində vəziyyəti sabitləşdirdi və bu, imkan verdi ki, ölkəmiz inkişaf yoluna qədəm qoysun. O ildən bu günə qədər Azərbaycan yalnız və yalnız inkişaf yolu ilə gedir.

Cəmiyyət daim yeniləşir, ictimai münasibətlərin inkişaf səviyyəsi yeni çağırışlar və reallıqlar yaradır.

Məhz bundan irəli gələrək, YAP-ın 2021-ci il martın 5-də keçirilmiş VII qurultayında partiyanın qarşısına yeni hədəflər və vəzifələr qoyulmuşdur.

Bəli, bu gün cənab Prezident İlham Əliyevin apardığı siyasətin məqsəd və vəzifələri, eyni zamanda, onun Sədri olduğu partiyanın məqsəd və vəzifələri deməkdir. Buna görə də Prezident İlham Əliyevin təsdiq etdiyi, cəmiyyətin müxtəlif sahələrinin inkişafını nəzərdə tutan Milli Prioritetlər, Dövlət proqramları, Konsepsiyalar, İnkişaf strategiyaları və Fəaliyyət planlarındakı müddəalar partiyanın Proqramında öz əksini tapmışdır.

Bu gün Ümummilli Liderin ideyalarını həyata keçirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP böyük gücə çevrilib, onun 800 minə yaxın üzvü var. Bu üzvlərin böyük hissəsi gənclərdir ki, onlar da Azərbaycanın tarixi Zəfərinin qazanılmasında müstəsna rol oynadılar. Əsası məhz Ulu Öndər tərəfindən qoyulmuş ordu quruculuğu siyasəti yekunda öz müsbət nəticəsini verdi. 2020-ci ilin 27 sentyabr tarixindən başlanan 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalına son qoydu, xalqımız adını tarixə qalib xalq kimi yazdırdı.

Bu gün əminliklə demək olar ki, yaradıcısı Ümummilli Lider olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır. Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan partiyanın Sədri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləyəcəkdir.

Kənan Kərimov,
YAP Gənclər Birliyinin üzvü