Dövlət başçısı İlham Əliyev Cəbrayıldan bu çağırışı etdi: “İkinci Qarabağ savaşından sonra Türkiyə-Azərbaycan qardaşlığı, birliyi daha da yüksək pilləyə qalxıb. Yəqin siz də görürsünüz ki, hər yerdə Azərbaycan və Türkiyə bayraqları bir yerdə dalğalanır. Bu, ürəkdən gələn duyğulardır, bu, əcdadlarımızdan qalan mirasdır, onların vəsiyyətidir və bu, zəmanəmizin tələbidir.”
44 günlük İkinci Qarabağ müharibəsi əbəs yerə həqiqət anı kimi dəyərləndirilmədi. Müharibə bir daha kimin haqqın, ədalətin, kimin isə şərin, təcavüzkarın yanında olduğunu təsdiqlədi. Türkiyənin ilk gündən qardaş dəstəyi dünyanın diqqətindən kənarda qalmadı. Bu baxımdan ki, Türkiyə Prezidenti Azərbaycanın tək olmadığını dəfələrlə dünyaya çatdırdı. Bu gün işğaldan azad edilmiş ərzilərimizdə həyata keçirilən bərpa-quruculuq işləri də bu birliyin nümayişundə mühüm rol oynayır. Azərbaycan və Türkiyə Prezidentləri birgə həm Qarabağın, həm də Şərqi Zəngəzurun hava qapısını dünyaya açdılar. Bu, həm bu torpaqların malik olduqları potensial imkanlardan səmərəli istifadəyə yol açır, həm də Azərbaycanın tarixi Qələbəsinin dünyaya təqdimatı ilə yanaşı, qəbulunun göstəricisidir.
Dövlət başçısı İlham Əliyev Cəbrayıldan səsləndirdiyi bəyanatında bu məqamı da xüsusi qeyd etdi ki, əziz Qardaşımın böyük heyətlə, hökumət nümayəndələri ilə burada olması bir daha onu göstərir ki, biz hər zaman olduğu kimi, bir yerdəyik və bir yerdə olacağıq: “Bundan sonra bölgədə gedən işlər, əlbəttə ki, Türkiyə və Azərbaycanın fəal iştirakı və izni ilə aparılacaq. İstər siyasi təşəbbüslər, iqtisadiyyat, enerji, nəqliyyat – bütün bu sahələrdə bizim işbirliyimiz artıq regional çərçivədən çıxıb, beynəlxalq səviyyəyə qalxıbdır.”
Qeyd edildiyi kimi, Türkiyə ilə ölkəmiz arasında əlaqələr bütün sahələrdə uğurla inkişaf edir. Məhz iki dövlətin siyasi iradəsi, qətiyyəti əsasında reallığa çevrilən enerji layihələri regionda sabitliyi, təhlükəsizliyi möhkəmləndirməklə yanaşı, dünyanın enerji təhlükəsizliyinin təminatına böyük töhfələrdir. Regional çərçivədə qurulan əməkdaşlıq əlaqələrinin coğrafiyası getdikcə genişlənir. Azərbaycan və Türkiyə eyni köklər üzərində böyüyən ulu bir çinara bənzədilir. Həmin çinarın kölgəsi həyata keçirilən layihələrlə bu gün Qafqazdan Avropayadək bir çox ölkəyə qədər uzanır. BTC və BTƏ neft-qaz layihələrinin ardınca, BTQ dəmir yolunun istifadəyə verilməsi, çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin rəsmi açılışı, onun əsas seqmentlərindən olan TANAP və TAP-ın istifadəyə verilməsi və sair kimi mühüm layihələr içtirakçı, həmçinin dünya dövlətləri arasında körpü rolunu oynayırlar. İki qardaş ölkə bu körpünün rolunu artırmaq, daha da möhkəmləndirmək üçün səylərini daha da artırırlar.
Qeyd etdiyimiz kimi, reallaşan hər bir layihə region və tərəfdaş ölkələrin həyatına yeni nəfəs gətirir. Azərbaycanla Türkiyə arasında əlaqələr tarixi Zəfərimizdən sonra yüksələn xətlə inkişaf edir. Həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılmasında diaspor təşkilatlarının rolu böyükdür. 44 günlük İkinci Qarabağ müharibəsinin getdiyi dövrlərdə Azərbaycan və Türkiyə diasporunun fəallığının şahidi olduq. 44 günün hər gününü tariximizə Qələbə səhifəsi kimi yazan Ordumuza dəstək məqsədilə keçirilən aksiyalar da deyilənlərin təsdiqidir. Dövlət başçısı İlham Əliyev daim bu çağırışı edir ki, bir millətin iki diasporu ola bilməz. Azərbaycan və Türkiyə diasporu daim birgə fəaliyyət göstərməli, ölkələrimizə qarşı əsassız təbliğatı faktlar cavablandırmalıdırlar. Bu birlik tarixi Zəfərimizdə öz sözünü dedi. Zəfərimizin reallıqları fonunda atılan addımlar sırasında Azərbaycan-Türkiyə Ortaq Media Platformasının yaradılmasını da qeyd etməliyik. Hər bir addım Azərbycan-Türkiyə birliyinin daha da möhkəmləndirilməsinə xidmət edir.
Təhlil əsasında bu əminliyi böyük fəxrlə qeyd edirik ki, bütün sınaqlardan şərəflə çıxan Türkiyə-Azərbaycan birliyi sarsımazdır, əbədidir. Bütün dünya görür ki, iki dost, qardaş və müttəfiq ölkə bir yerdədir.
Gülər Kərimova,
YAP Şabran rayon təşkilatının məsləhətçisi
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası