25 oktyabr 2022 12:25
705

Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan iki dövlət yoxdur

Şuşa Bəyannaməsi xalqlarımızın təhlükəsiz və məsud yaşam təminatıdır

Xəbər verildiyi kimi, oktyabrın 20-də Cəbrayıl şəhərində təkbətək görüş başa çatandan sonra Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan mətbuata birgə bəyanatlarla çıxış ediblər. Dövlətimizin başçısı çıxışında Vətən müharibəsi zamanı şanlı ordumuzun möhtəşəm Qələbəsindən, azad edilmiş ərazilərimizdə həyata keçirilən abadlıq-quruculuq işlərindən, Türkiyə-Azərbaycan birliyinin əhəmiyyətindən danışıb.

Ötən il Şuşada şəhərində Şuşa Bəyannaməsini imzalandığını bildirən Prezident İlham Əliyev bildirib ki, bununla Türkiyə və Azərbaycan bütün sahələrdə rəsmən müttəfiq oldu: “Bu, həm xalqlarımıza ciddi gözaydınlığıdır, eyni zamanda, bölgəyə və dünyaya ciddi mesajdır. Çünki Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir. Bu, sülh, sabitlik amilidir.”

Bu tarixi hadisələrin bünövrəsi 2021-ci il iyunun 15-də qoyuldu. Həmin gün mədəniyyət beşiyi Şuşa şəhərində Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalandı.

Şuşa Bəyannaməsinə əsasən, Azərbaycan Respublikası və Türkiyə Respublikası müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutaraq müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyən edir, xarici siyasət sahəsində əlaqələndirmənin və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələrin həyata keçirilməsinin vacibliyini qeyd edirlər.

Bəyannamədə tərəflərin öz milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirdikləri qeyd edilib. Tərəflər regional və beynəlxalq miqyasda sabitlik və rifah vasitəsilə sülh, dostluq və mehriban qonşuluğa əsaslanan beynəlxalq münasibətlərin inkişaf etdirilməsi, eləcə də münaqişələrin, regional və qlobal təhlükəsizlik, sabitlik məsələlərinin həlli istiqamətində birgə səylər göstərir. Həmçinin aktual xarakter kəsb edən, qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək yaxın və ya üst-üstə düşən mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığı dərinləşdirəcəklər.

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə birliyinin və qardaşlığının əbədiliyini göstərməklə yanaşı, iki dövlətin əməkdaşlığının daha üst səviyyədə və çoxşaxəli həyata keçirilməsinə imkan verir. Ölkələrimiz regional və beynəlxalq miqyasda sabitlik və rifah yaratmaqla sülh, dostluq və mehriban qonşuluğa əsaslanan beynəlxalq münasibətlərin inkişaf etdirilməsi, eləcə də münaqişələrin, regional və qlobal təhlükəsizlik, sabitlik məsələlərinin həlli istiqamətində birgə səylər göstərməklə bağlı niyyətlərini bəyan ediblər. Eyni zamanda, tərəflər iki qardaş ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səy göstərməyə davam etmək əzmində olduqlarını bildiriblər. Bundan əlavə, dövlətlərimiz kibertəhlükəsizlik sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayırlar və bu sahədə birgə elmi tədqiqat işləri, mütəxəssis hazırlığı həyata keçirəcək, qarşılıqlı texniki əməkdaşlığı təşviq edəcəklər.

Lakin iki dövlət arasında inkişaf etdirilən və hər iki tərəfin milli maraqlarına cavab verən hərbi-siyasi əməkdaşlıq üçüncü dövlətlərə qarşı yönəlməmişdir. Beynəlxalq hüququn norma və prinsiplərinə hörmət, beynəlxalq münasibətlərdə vicdanlı mövqe, eləcə də sülh və sabitliyə yönəlik fəaliyyətin həyata keçirilməsi üçün möhkəm zəmin yaradan sənəd əslində hər iki dövlətin dünya birliyinin ləyaqətli üzvü olmasını bir daha sübut edir.

Türkiyə-Azərbaycan birliyinin mövcud səviyyəsinin ümumi regional və beynəlxalq sülh və rifaha töhfə verdiyini, əlaqələrin sadəcə iki ölkəyə deyil, eyni zamanda, bölgəyə sülh və rifah gətirərək başda region ölkələri olmaqla beynəlxalq birliyin sabitlik, sülh və maraqlarına xidmət edəcəyi ilə bağlı bənd Şuşa Bəyannaməsinin əsl məramına aydınlıq gətirir.

Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri