24 oktyabr 2022 16:58
669

Zəngilan Beynəlxalq Hava Limanının açılışı bütün türk dünyası üçün əlamətdar hadisədir

Ötən əsrin 80-ci illərindən Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları daha geniş vüsət aldı. 90-cı illərin əvvəllərindəki xaos, hakimiyyətsizlik şəraitindən yararlanan mənfur qonşularımız ərazimizin 20 faizini işğal etdilər. 1993-cü ilin 15 iyununda Ulu Öndərimiz Heydər Əliyev xalqın çağırışı ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra ölkə həyatının bütün sahələrində dönüş yaranmağa başladı. Beləliklə, inamlı qələbəmizə gedən yolun təməlləri Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyuldu.

2003-cü ildə xalqın böyük dəstəyi ilə Azərbaycan Respublikasının Prezidenti seçilən, Ulu Öndərin layiqli davamçısı İlham Əliyev inamlı qələbəmizə gedən yolun daha da mökəmlənməsi naminə böyük islahatlara başladı. Ölkəmizin siyasi, iqtisadi və bütün bunların fonunda isə hərbi qüdrəti daha da artdı. Artıq inamlı qələbənin, tarixi Zəfərin işartıları da görünürdü. Aprel döyüşləri, Günnüt əməliyyatı, Tovuz döyüşləri bunun bariz nümunəsi idi.

Nəhayət, 2020-ci sentyabrın 27-də müzəffər Azərbaycan ordusu düşmənin növbəti təxribatına cavab kimi inamla son döyüşə başladı. 44 gün davam edən Vətən müharibəsi xalqımızın tarixi qələbəsi ilə başa çatdı. Beynəlxalq təşkilatların qəbul etdiyi, lakin  30 il boyunca kağız üzərində qalan qətnamələr səngərdə müzəffər Azərbaycan ordusu tərəfindən reallaşdırıldı. Ərazi bütövlüyümüz təmin olundu, cənnət Qarabağımız istiqbalına qovuşdu.

Tarixi zəfərlə bitən 44 günlük Vətən müharibəsindən sonra Qarabağda müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm quruculuq işləri başlayıb. Ötən il Füzuli Beynəlxalq Hava Limanının açılışı, qardaş ölkə Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasının Ptezidenti, müzəffər Ali Baş Komandan  İlham Əliyevlə birgə açılış mərasiminə qatılması xalqlarımız və dövlətlərimiz arasındakı münasibətlərin, müştərək tarixə mənsub olmağımızın daha bir örnəyi oldu.

2022-ci il oktyabrın 20-də Zəngilanın mənfur düşmənlərdən azad edilməsinin ikinci ildönümündə daha bir möhtəşəm layihənin gerçəkləşməsinə bütün dünya şahidlik etdi. Məhz həmin tarixdə Şərqi Zəngəzurun qapısında – azadlığının ikinci ilini yaşayan Zəngilanda Beynəlxalq Hava Limanı açıldı. Yenə də iki qardaş ölkənin liderlərinin - Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin birgə iştirakı ilə! Dostlarımız sevindi, düşmənlərimiz bir daha rəzil oldu.

Müasir dünya tələblərinə cavab verən beynəlxalq aeroportun terminalı saatda 200 sərnişinə xidmət göstərmək imkanına malik olacaq. Terminal daxilində VIP-zal, kafe, tibb məntəqəsi və ofis otaqları mövcuddur. Aeroportda tam avtomatlaşdırılmış hava hərəkətinə nəzarət və aviasiya rabitəsi sistemləri ilə təchiz olunmuş Hava Hərəkətini İdarəetmə Qülləsi tikilib. Zəngilan Beynəlxalq Hava Limanının ərazisində yardımçı binalar, transformator binası, qazanxana və su çənləri inşa edilib. Uzunluğu təxminən 10 kilometr olan 35 kilovoltluq ikidövrəli elektrik kabel xətti çəkilib. 230 metr dərinlikdə artezian quyusu qazılaraq su çıxarılıb.

Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas obyektlərdəndir. Həmçinin bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Görülən işlərin sürəti buranın beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevriləcəyi günü yaxınlaşdırmaqdadır.

Zəngilan Beynəlxalq Hava Limanının açılışı ölkəmizin, eləcə də bütün türk dünyasının həyatında olduqca əlamətdar hadisədir. Bu hadisə Azərbaycan – Türkiyə birliyinin, dostluğumuzun, günü-gündən möhkəmlənən qardaşlığımızın dünyaya növbəti mesajıdır. Onu da qeyd edim ki, Zəngilan Beynəlxalq Hava Limanı işğaldan azad olunan ərazilərdə Füzulidəki hava limanından sonra istifadəyə verilən beynəlxalq statuslu ikinci aeroportdur. Üçüncü hava limanı isə Laçın rayonunun ərazisində inşa olunur.

Şəfəq Bayramova,
Bakı şəhəri Xətai rayonu 221 saylı orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi