24 oktyabr 2022 13:45
612

Azərbaycan – Türkiyə qardaşlığı yeni mərhələyə qədəm qoyub

Müasir geosiyasi şəraitdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib, genişləndirilməsi ölkəmizin xarici siyasətinin mühüm tərkib hissəsidir.

Ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunda mühim yer tutan Türkiyə ilə münasibətlərin inkişafına yönəlmiş ardıcıl və məqsədyönlü xətt bugün dövlət başçısı İlham Əliyev tərəfindən daha da inkişaf etdirilmiş və ölkələrimizin strateji tərəfdaşlığının dərinləşməsinə nail olunmuşdur. Hər iki ölkənin dövlət və hökumət başçılarının, eləcə də digər rəsmilərinin vaxtaşırı qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayaraq ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəyə qalxmasına şərait yaratmış və müxtəlif sahələrdə müqavilələr imzalanmasına, sazişlər bağlanmasına gətirib çıxarmışdır.

Beləliklə, indiyə qədər daim Azərbaycan və Türkiyə bir-birinin çətin günlərində dəstək olmuş, beynəlxalq müstəvidə bir-birinin haq səsinin çarçısı olmuşdur. Türkiyə hələ SSRİ-nin mövcud olduğu şəraitdə - 1991-ci il noyabrın 9-da Azərbaycanın dövlət müstəqilliyini tanıdı və 1992-ci il yanvarın 14-də iki ölkə arasında diplomatik əlaqələr quruldu. Türkiyə hökuməti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə ölkəmizə ilk gündən dəstək verərək problemin Azərbaycanın ərazi bütövlüyü və sülh yolu ilə həllinə tərəfdar olduğunu bəyan etmişdir. Son dövrdə Ermənistanın Tovuz rayonu istiqamətində törətdiyi təxribatdan sonra bu dəstək özünü daha qabarıq şəkildə  göstərdi. Türkiyə hökuməti tərəfindən ən müxtəlif səviyyələrdə Azərbaycana dəstək mesajları göndərildi. Əlbəttə ki, bu, bəzi ölkələrdə narahatlığa və qıcıqlanmalara səbəb oldu. Əslində isə buna heç bir əsas yoxdur. Bütün dünya bilir ki, iki dövlət arasında müqavilələr var, yəni Türkiyə ilə Azərbaycanın birgə addımları strateji tərəfdaşlıq və qarşılıqlı yardıma əsaslanır. İki dövlət arasında hərbi sahədə bir çox əməkdaşlıq Sazişləri bağlanmışdır.

Ümumiyyətlə, Türkiyə Azərbaycana hərbi sahədə daim dəstək vermiş və Azərbaycan Ordusunun formalaşmasında yaxından iştirak etmişdir. Azərbaycan müstəqillik qazandıqdan sonra Türkiyə Azərbaycan Ordusunda kadrların hazırlanmasında və hərbi məktəblərin proqramlarının formalaşmasında böyük rol oynayıb. Sonrakı dövrdə də iki ölkə arasında hərbi-texniki əməkdaşlıq inkişaf etmişdir. Hazırda hər il Azərbaycan və Türkiyə silahlı qüvvələri birgə hərbi təlimlər keçirir. Bu təlimlərin keçirilməsi hər iki ölkənin ordularının döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələr arasında təcrübə mübadiləsinin həyata keçirilməsi, müxtəlif qoşun növlərinin qarşılıqlı fəaliyyətinə nail olmaq baxımından böyük əhəmiyyət kəsb edir. Qeyd edək ki, iki ölkənin ordularının iştirakı ilə keçirilən və bütün qoşun növlərini əhatə edən təlimlərin sayı ildən-ilə artmaqdadır. Bir faktı qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri dünyanın güclü orduları arasında 9-cu yerdədir. Türkiyə hərbi potensialına görə NATO-da 4-cü, Avropada 3-cü, Yaxın və Orta Şərqdə 1-ci yerdədir. Belə böyük hərbi potensiala malik qardaş ölkə ilə hərbi təcrübəni bölüşmək sözsüz ki, ölkəmizin xeyrinə olan amildir.

Rza Eyvazlı,
YAP-ın gənc fəalı