24 oktyabr 2022 10:14
298

Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının qarşısını heç bir qüvvə ala bilməz

Dünya ictimaiyyətinin diqqəti yenidən Azərbaycanın dilbər guşəsi olan Qarabağa yönəlmişdi. İşğaldan azad edilmiş Zəngilan rayonunda beynəlxalq hava limanının açılış mərasimində  qardaş Türkiyə Cümhuriyyətinin başçısı Rəcəb Tayyib Ərdoğanın  iştirakı marağı daha da artırmışdı. Bu hava limanı işğaldan azad olunan ərazidə artıq ikincisidir. Ötən il  oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi oldu. Həmin mərasimdə də qardaş ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak etmişdi. Hətta hörmətli Prezident  həmin aeroportun ilk əcnəbi dövlət başçısı sərnişini oldu.   Üstündən bir il keçməmiş Qarabağda daha bir hava limanının istifadəyə verilməsi Azərbaycanın iqtisadi qüdrətinin bariz nümunəsidir.Bütün dünyaya sülh mesajı verən liderlər haqlı olaraq bildirdilər ki, Zəngilan Hava Limanı Şərqi Zəngəzurun və Qarabağın dirçəliş dastanının yazıldığının bariz nümunəsidir. Zəngilan görüşü Azərbaycan-Türkiyə birliyinin, dostluğunun və sarsılmaz müttəfiqliyinin təkcə, bölgənin inkişafının   deyil, eyni zamanda Cənubi Qafqazda  sülhün və təhlükəsizliyin yeganə qarantı olduğunu bir daha nümayiş etdirdi. Azərbaycanla Türkiyə arasında uzun illərin sınağından çıxmış dostluq və qardaşlıq münasibətləri bir daha onu göstərir ki, iki ölkə arasındakı əlaqələr əbədidir və heç bir qüvvə Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının qarşısını ala bilməz.

Azərbaycan-Türkiyə qardaşlıq, dostluq, sıx əməkdaşlıq və strateji müttəfiqlik münasibətləri ən yüksək səviyyədə olmaqla bərabər, özünün ən qürurverici anlarını yaşayır. Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Eyni zamanda, türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini bu gün şərtləndirən ən mühüm amillərdən biri də məhz Azərbaycan və Türkiyənin münasibətlərinin inkişafından keçir. İkinci Qarabağ müharibəsi zamanı Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi Azərbaycana əlavə güc verdi, ruh verdi, inam verdi.Zəngilan aeroportunun açılış mərasimi  Qarabağ və Şərqi Zəngəzur üçün çox önəmli bir günə – Zəngilan şəhərinin işğaldan azad olunmasının ikinci ildönümünə təsadüf edirdi.  Düz iki il əvvəl erməni işğalına son qoyuldu. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  Azərbaycan Ordusu Zəngilan şəhərini işğaldan azad etdi. Belə bir şad  gündə Türkiyə Prezidentinin Azərbaycanda, Zəngilanda və Cəbrayılda olması  iki ölkə arasında  dostluq və qardaşlığın əbədiliyinin göstəricisidir. Bu siyasi və mənəvi dəstək  müharibənin son gününə qədər davam etdi. Bu, həm də bəzi qüvvələrin bu məsələyə müdaxiləsinin qabağını aldı. Eyni zamanda,  Azərbaycan-Türkiyə birliyinə heç bir qüvvə tərəfindən  xələl gətirilə bilməməsi barədə dünyaya bir mesaj idi.  Türkiyə-Azərbaycan birliyi bir daha zəfər çaldı. Bu gün dünya ictimaiyyəti bərpa edilən, yenidən qurulan  Qarabağda və Zəngəzurda yenə də Türkiyə-Azərbaycan birliyinin şahididir. İkinci Qarabağ müharibəsindən sonra  Türkiyə-Azərbaycan qardaşlığı, birliyi daha  yüksək pilləyə qalxıb. Azərbaycan və Türkiyə bayraqları bir yerdə dalğalanır. Bu, əcdadlarımızdan qalan mirasdır, onların vəsiyyətidir və zəmanəmizin tələbidir.  Türkiyə-Azərbaycan birliyi bir daha zəfər çaldı. Bu gün biz bərpa edilən Qarabağda və Şərqi Zəngəzurda yenə də Türkiyə-Azərbaycan birliyini görürük. Türkiyə şirkətləri bu işlərdə fəal iştirak edirlər. Türkiyə kimi qüdrətli ölkə bizim qardaşımızdır, bu, bizim üçün böyük xoşbəxtlikdir. İkinci Qarabağ savaşı, savaşdan sonrakı dövr bu birliyi daha da gücləndirdi. Keçən il biz Şuşada Şuşa Bəyannaməsini imzaladıq və Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldu, bu amil bölgəyə və dünyaya ciddi mesajdır.” Çünki Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir. Bu, sülh, sabitlik amilidir.

Aynur Həsənova,
YAP-ın gənc fəalı