«Azərbaycan və Türkiyə xoş gündə də, dar gündə də,birgə addımlayan iki dövlət-bir millətdir. İkinci Qarabağ müharibəsindən sonra Türkiyə-Azərbaycan qardaşlığı, birliyi daha da yüksək pilləyə yüksəlib. Müharibənin ilk günlərindən qardaş Türkiyə Azərbaycana siyasi-mənəvi dəstək verdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq və birmənalı bəyanatlar səsləndirərək, bu müharibədə Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirdi. Bu ölkələrin dövlət başçılarının qarşılıqlı səfərləri əsl qardaşlıq və dostluq nümunəsidir. Eyni zamanda, bu, bir mesajdır ki, bundan sonra da Türkiyə və Azərbaycan iki qardaş ölkə bir-birinə daha da yaxın olacaq, dövlətlərimiz bundan sonra da uğurlu əməkdaşlıq edəcək”.»
Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.
K.Bayramov qeyd edib ki, Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Azərbaycana növbəti səfəri, Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak etməsi bu birliyin bariz nümunəsidir. İki qardaş dövlət erməni işğalından azad olunan torpaqlarda, Qarabağın, Şərqi Zəngəzurun bərpa-quruculuq işlərində də bir yerdə çalışırlar. Uzun illər düşmən tapdağı altında qalan, yerlə-yeksan olunan torpaqlarımızda bərpa-quruculuq işlərinin ölçüyə gəlməzliyi görülən işlərin miqyasında özünü aydın şəkildə göstərir. Zəngilan Beynəlxalq Hava Limanı işğaldan azad olunan ərazilərdə Füzulidəki hava limanından sonra istifadəyə verilən beynəlxalq statuslu ikinci aeroportdur. Üçüncü hava limanı isə Laçın rayonunun ərazisində inşa olunur. Hazırda işğaldan azad olunmuş torpaqlarda geniş quruculuq, bərpa işləri aparılır. Hər zaman olduğu kimi bu gün də Türkiyə yanımızdadır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, Qarabağın bərpası işində türk qardaşlarımız bizimlə bərabər çalışır: «Dəmir yolları, eyni zamanda, 33 tunelin inşası nəzərdə tutulub. Onların bir neçəsində fəal iş gedir. Tunellərin ümumu uzunluğu 50 kilometrdən çoxdur, 84 körpü inşa ediləcək, onların bir qismi artıq,inşa olunub. Körpülərin uzunluğu 12 kilometrdir. Bu, ancaq birinci mərhələdə görüləcək və görülən işlərdir. Qarabağı və Şərqi Zəngəzuru tam bərpa etmək üçün daha böyük işlər görüləcək və biz bunu edəcəyik.»
K.Bayramov diqqətə çatdırıb ki, iki qardaş ölkə bölgədə və dünyada sülhün, təhlükəsizliyin, inkişafın yeni modelini yaradıb. Azərbaycan-Türkiyə birliyi regional və beynəlxalq təhlükəsizliyin təminatçısıdır. Hər iki ölkənin siyasi iradəsi, qətiyyəti sayəsində reallığa çevrilən enerji layihələrinin coğrafiyasının genişlənməsi, regional çərçivədən çıxaraq beynəlxalq miqyas alması dövlətlər, xalqlar arasında birliyi, həmrəyliyi, dostluq körpüsünü daha da gücləndirir. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan –Türkiyə regionda problemləri silah, hədə-qorxu gücü ilə deyil, əməkdaşlıq, dostluq çərçivəsində həll edilməsi yollarını əməlləri ilə ifadə edirlər.
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası