24 oktyabr 2022 11:17
754

Qubadlı rayonu bütün özünəməxsus xüsusiyyətləri nəzərə alınmaqla ən yüksək səviyyədə bərpa olunacaq

Hər biri bir tarix olan 44 günlük Şanlı Vətən Müharibəsinin 29-cu günü Qubadlı şəhəri erməni işğalından azad edilib. Artıq 2 ildir ki, işğaldan azad olunmuş digər rayonlarımızla birlikdə Qubadlı  səmasında da üçrəngli bayrağımız dalğalanır.

Qubadlı məhsuldar torpalqarı, meşələri, qiymətli bitkiləri ilə seçilən dağlıq rayonlarımızdan biridir. İşğala qədər Qudadlı ölkəmizin əsas kənd təsərrüfatı rayonlarından biri olmuşdur, bununla yanaşı rayon ərazisində olan mərmər, əhəng daşı, qum-gil yataqlarının istifadəsi nəticəsində sənaye sahələri də rayonun iqtisadiyyatında yer almağa başlamışdı. Lakin erməni işğalı  bütün bunlara son qoydu. İşğal nəticəsində rayonun 30 minə yaxın əhalisi yurd-yuvasından didərgin düşmüş, Azərbaycanın digər rayonlarında məcburi köçkün həyatı yaşamağa məhkum olmuşdur. İşğalçılar rayonun demək olar ki, bütün yaşayış məntəqələrini, inzibati binaları, sosial-təsərrüfat obyektlərini, mədəniyyət obyektlərini, o cümlədən məscidləri, bütün infrasturturu dağıtmaqla yanaşı, Qubadlının zəngin təbiətinə qarşı da ekoloji teror törətmişdir. Meşələr, nadir ağac və bitki növləri  qırılmış və yandırılmışdır. Qubadlıdakı erməni vandalizminin ən ağır nəticələrindən biri məşhur Qubadlı tarix-diyarşünaslıq muzeyinin dağıdılması və yandırılması olmuşdur. Muzeyin eksponantları işğal zonasında qaldığından ermənilər tərəfindən vəhşicəsinə talan edilmişdir.

İşğaldan sonra Qubadlı rəsmi İrəvanın qanunsuz məskunlaşdırma siyasətinə də məruz qalmışdır. Beynəlxalq hüquqa məhəl qoymayan Ermənistan Cenevrə konvensiyalarını kobud şəkildə pozaraq xaricdən gətirilən erməniləri Qubadlıda qanunsuz yollarla yerləşdirmişdir.

Bütün bu işğala, hüquq pozuntularına, terora və dağıntılara son qoyan Müzəffər Ali Baş Komandan və onun Rəşadətli Ordusu oldu. Ermənistan ordusu Qubadlıda xeyli canlı qüvvə və texnikasını  itirərək məğlubiyyətə boyun əymiş və geri çəkilməyə məcbur olmuşdur. Qubadlının azad olunması ilə Azərbaycan Ordusunun Laçın rayonuna yolu açılmış, Silahlı Qüvvələrimiz Laçın dəhlizi istiqamətində irəliləməyə başlamışdır.

Qubadlının azad edilməsi əməliyyatı Vətən Müharibəsinin ən mürəkkəb əməliyyatlarından biri idi. Çünki rayon dağlıq olduğundan yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi və güclü müdafiə istehkamları qurulmuşdu. Bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş  açıldığından ilk növbədə həmin yüksəliklər düşməndən götürülməli idi. Ordumuz yüksək peşəkarlıq və fədakarlıqla bu vəzifənin öhdəsindən gəlmiş, əvvəl strateji yüksəkliklər, sonra isə şəhər özü düşməndən azad edilmişdir. Hərbi qulluqçularımızın bu fədakarlığı dövlətimiz və cənab Prezident tərəfindən ən yüksək səviyyədə qiymətləndirilmiş, 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edilmişdir. Qubadlı əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15 mindən çox hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

Artıq azad Qubadlı, rayonun bütün kəndləri, o cümlədən  Qubadlı şəhəri özü yenidənqurma və bərpa dövrünü yaşayır. Yenidən qurulma ən müasir formada aparılmaqla yanaşı, rayonun təbiəti, meşələri, memarlığı, tarixi keçmişi də hər zaman diqqət mərkəzində saxlanılmaqla həyata keçirilir. Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edən dördzolaqlı yolun bir hissəsi də Qubadlı rayonu ərazisində çəkilir. Bu yol Qubadlının həm Şərqi Zəngəzurun rayonları ilə, həm də bütövlükdə Respublikamızın digər bölgələri ilə rahat inteqrasiyasına şərait yaradacaq.

İşğaldan azad olunmuş ərazilərdə Müzəffər Ali Baş Komandanın tapşırığına əsasən zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması üzrə fəaliyyət də davam etdirilir. Qubadlı Ermənistanla həmsərhəd olğu üçün rayonun müdafiəsinə xüsusi diqqət ayrılır. Azərbaycan Respublikasının Ermənistanla dövlət sərhədinin Qubadlı rayonu ərazisindən keçən hissəsinin mühafizəsini təmin etmək məqsədi ilə 25 oktyabr 2021-ci il tarixində cənab Prezidentin şəxsən iştirakı ilə rayonda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksi açılmışdır. 

Heç şübhə yoxdur ki, 30 il əzablı məcburi köçkünlük həyatı yaşayan digər həmvətənlərimiz kimi Qubadlıdan olan məcburi köçkünlər də  tezliklə öz doğma yurd-yuvalarına qayıdacaqlar. Təkcə Qubadlının yox, işğaldan azad edilmiş bütün rayonlarımızın sürətlə yenidən bərpası, dövlətimizin günü-gündən artan nüfuzu, inkişafı, cənab Prezidentin yorulmaq  bilməyən əzmi və əməyi bizə əminlikə bunu deməyə əsas verir.

 Elə oktyabrın 20-də qardaş Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Zəngilana və Cəbrayıla səfəri, iki qardaş ölkə prezidentlərinin birlikdə Zəngilan Hava Limanının açılışını etməsi, birlikdə bütün dünyaya dostluq-qardaşlıq, həmrəylik mesajları verməsi Azərbaycanın Vətən Müharibəsindən sonrakı yeni inkişaf tarixinə növbəti unudulmaz səhifələr kimi daxil olmuşdur. Müharibənin bitməsindən dərhal sonra başlamış bərpa və yenidənqurma işlərinin ən yaxın şahidlərindən biri olan qardaş ölkə Prezidenti son səfərindəki təəsüratlarından sonra əminliklə bildirmişdir ki, Qarabağda atılan bütün bu addımlardan sonra Zəngəzur dəhlizinin açılması ilə bağlı qorxu və narahatlıq reallıqdan uzaqdır.

Bütün bunlar təsdiq edir ki, Azərbaycan əmin addımlarla yoluna davam edir, qarşımızda dayanan növbəti vəzifələr, məcburi köçkünlərimizin öz doğma torpaqlarına qayıtması və Zəngəzur dəhlizinin açılması  da bu əmin addımlarla ən yüksək səviyyədə öz həllini tapacaq.

Ziyafət Əsgərov,
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri