23 oktyabr 2022 14:23
830

Erməni vandalizminə məruz qalan Qubadlı yenidən qurulur

Qubadlı rayonu 31 avqust 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub

Qubadlı rayonu 1993-cü il avqustun 31-də Ermənistan ordu hissələrinin genişmiqyaslı hücumu nəticəsində işğal edilib.Qubadlı şəhəri və rayonun 93 kəndi erməni qüvvələrinin nəzarətinə keçib, rayonun 31 mindən çox əhalisi yurd-yuvasından didərgin düşüb.

Qubadlı rayonu 1933-cü ildə təşkil edilib. 1963-cü ildə ləğv edilərək, ərazisi Zəngilan rayonuna verilib. 1964-cü ildən yenidən müstəqil rayon kimi fəaliyyətə başlayıb. Qubadlı rayonunun sahəsi 802 kvadrat-metr, əhalisi işğaladək dövrdə 31 min nəfər idi.

Rayon Azərbaycan Respublikasının cənub-qərbində yerləşir. Dağlıq və dağətəyi rayondur. Ən hündür yeri Torağac yüksəkliyidir. (Dəniz səvviyəsindən 2003 metr yüksəklikdədir). İqlimi mülayim kontinentaldır. Rayon ərazisindən iki böyük dağ çayı keçir. Həkəri-Bərgüşad. Həkəri çayı öz mənbəyini Kəlbəcərdən götürüb. Araza qovuşana kimi bir çox dağ çayları ona qovuşur. Qubadlı rayonu qərbdən 120 km məsafədə Ermənistan Respublikası ilə, şimaldan Laçın rayonu, Hadrut rayonu, şərqdən Cəbrayıl rayonu, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir. Kəndlərin əksər hissəsi Həkəri və Bərgüşad çayları ətrafında yerləşir. Dağlıq və dağətəyi, meşələrlə əhatə olunmuş ərazilərdə də kəndlər vardır. Saray, Poladlı, Xocamsaxlı, Çardaxlı kəndləri ərazisində keçilməz sıldırım qayalar üzərində son dövrə qədər qalan istehkam qalaçalar ayrı-ayrılıqda VII-IX əsrlərə aid edilsə də, əslində bu istehkam qalaçalar b.e.ə. I yüzillikdə Atropatena və Albaniya dövlətlərini ayıran sərhəd boyunca vahid keşikçi-gözətçi məntəqələri sisteminin tərkib hissəsidir.

Ötən əsrdə Qubadlı dəfələrlə erməni işğalçı qüvvələrinin hücumlarına məruz qalıb. (1915, 1918, 1920) Bu dövrdə bütövlükdə Zəngəzurla birlikdə Qubadlının kəndləri yandırılıb, dinc əhaliyə divan tutulub. Bununla belə bütün çətinliklərə və azab-əziyyətlərə baxmayaraq hər dəfə işğalçı erməni qoşunları torpaqlarımızdan qovulublar. 1988-ci ildən başlayaraq Ermənistanla (120 km) və Dağlıq Qarabağla (45 km) sərhəddə yerləşən Qubadlı rayonuna hər iki tərəfdən təcavüzkar hücumlar başlayıb, dinc əhaliyə qarşı terror törədilməsi sistemli şəkildə davam etdirilib. Laçın,Ağdam, Füzuli, Cəbrayıl rayonları işğal olunduqdan sonra faktiki yarımmühasirə vəziyyətinə düşən Qubadlı rayonu 1993-cü il avqust ayının 30-31-də erməni təcavüzkar qüvvələrinin işğalına qaldı. Erməni işğalı nəticəsində 30 min nəfərdən artıq Qubadlı sakini yurd-yuvalarından didərgin düşdü, respublikanın 2 şəhər və rayonunda məcburi köçkün kimi məskunlaşdılar.

Qubadlı Azərbaycan tarixinə görkəmli şəxsiyyətlər vermişdir. Azərbaycanın xalq qəhrəmanlarından ikisi - Qaçaq Nəbi, və Həcər Qubadlı rayonundandırlar. Ermənilər Qubadlıda 205 mədəni-məişət obyektini, 12 tarixi abidəni yandırıb və talan ediblər. İşğala qədər 33 800 əhalisi olan Qubadlıda 21 orta, 15 səkkizillik, 15 ibtidai məktəb, 7 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərib, bu təlim-tərbiyə və təhsil müəssisələrində 1280 nəfər müəllim çalışıb. Rayonda 111 mədəni-maarif müəssisəsi, o cümlədən 60 kitabxana, 10 mədəniyyət evi və 28 klub, 6 avtoklub olub.

Ermənistanın iki rayonu ilə (Qafan və Gorus) həmsərhəd olan bu rayonun əhalisinin uzun illər alın təri və zəhmətlə topladıqları var-dövlət, yaratdıqları imarətlər, yollar, körpülər, bir sözlə, hər şey ermənilər tərəfindən dağıdıldı, talan olundu. Əldə olunan videogörüntülər bir daha təsdiq edir ki, işğalçılar o torpaqda daşı-daş üstdə qoymayıblar. Evləri söküb, son daşına qədər aparıbar. Qubadlı, həqiqətən, viran edilmişdir.

Amma qubadlılar elə bu elin quruca torpağına qayıtmağa belə razıdırlar. Onlar mətin iradəli, məğrur, əyilməz insanlardır. Qubadlılar müharibənin dəhşətli illərində düşmənə baş əymədilər. Bu gün bu rayondan 12 Milli Qəhrəman var.  1993-cü il avqust ayının sonunadək davam edən 5 illik müharibə zamanı Qubadlı rayonundan 238 nəfər şəhid verilib. Onların ruhu qarşısında baş əyirik!

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən 2020-ci ildə Qubadlı rayonu işğaldan azad edilib.

Qubadlı şəhərinin işğaldan azad olunduğunu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı  oktyabrın 25-də xalqa  elan edib. Ermənistan ordusu Qubadlıda xeyli canlı qüvvə və texnika itirib. Rayonun işğaldan azad edilməsi nəticəsində oradakı tarixi, memarlıq abidələrimiz də erməni əsarətindən qurtuldu. Prezident İlham Əliyevin göstərişi ilə Heydər Əliyev Fondu tərəfindən digər tarixi-mədəni, dini abidələrimiz kimi Qubadlı rayonunun ərazisində olan tarixi-dini abidələrimiz də bərpa olunacaq.

Prezident İlham Əliyevin sərəncamı ilə Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş hərbi qulluqçular “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib.

Sənan Abdullayev,
Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri.
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının fəal üzvü