Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi zamanı işğal altında olan torpaqlarımızı, o cümlədən Qubadlı rayonunu düşməndən azad edib. Bununla oradakı tarixi, memarlıq abidələrimiz də erməni əsarətindən qurtulub.
İkinci Qarabağ müharibəsi zamanı Qubadlı uğrunda şiddətli döyüşlər gedib. Hər iki tərəf çoxlu itki verib. Onların arasında əslən Qubadlı rayonundan olan Milli Qəhrəman Şükür Həmidov öz doğma diyarı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Ermənistan ordusu şəhərin girəcəyində hərbi baza yaratmışdı və ətraf yüksəkliklərdə onların hərbi birləşmələri yerləşmişdi. 2020-ci il oktyabrın 25-də Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndi və Qubadlı şəhəri işğalçılardan azad edilib. Bununla əlaqədar, 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edilib. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 15 189 hərbi qulluqçu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib.
Vətən müharibəsindən sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilk dəfə 2020-ci il dekabrın 23-də Qubadlı və Zəngilan rayonlarında olublar. Səfər zamanı Ali Baş Komandan Azərbaycan bayrağını Qubadlıda və Zəngilanda ucaltdı və bir daha bütün dünyaya göstərdi ki, işğaldan azad olunmuş bu torpaqlar Azərbaycan dövlətinin ərazisidir. Beləliklə, “Qarabağ Azərbaycandır!” bəyanatının növbəti nidası Zəngilan və Qubadlıda qoyuldu.
Hazırda Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında digər azad olunmuş ərazilərimizdə olduğu kimi, Qubadlı rayonunda da böyük abadlıq-quruculuq işləri həyata keçirilir. Heydər Əliyev Fondu tərəfindən Qubadlı rayonunun tarixi-dini abidələri sürətlə bərpa olunur.
Qubadlı rayonu 1993-cü il avqustun 31-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş və nəticədə minlərlə rayon sakini evlərindən didərgin düşmüşdü. Rayonun 1,2 milyard ABŞ dollar dəyərində (1993-cü ilin qiymətləri ilə) şəxsi və ictimai mülkiyyəti erməni işğalçıları tərəfindən talan və məhv edilmişdir.
Qubadlı Azərbaycanın qədim yaşayış məskənlərindəndir. Rayon ərazisində inşa olunan ilk dünyəvi məktəbin yaşı bir əsrdən artıqdır. Bu rayon Qarabağ yaylasının cənub-şərqində, Həkəri və Bərgüşad çayları hövzəsində yerləşir. Qərbdən Ermənistanla (120 kilometr), şimaldan Laçın, cənubdan Zəngilan, şərqdən Cəbrayıl rayonları ilə həmsərhəddir. İşğaldan əvvəl rayon əhalisi 94 kənd və bir şəhərdə məskunlaşmışdı. Rayonun əhalisi, əsasən kənd təsərrüfatı və heyvandarlıqla məşğul olub.
Erməni silahlı birləşmələri 1988-ci ildən başlayaraq Ermənistan (120 km) və Qarabağla (45 km) sərhəddə yerləşən Qubadlı rayonuna hər iki tərəfdən təcavüzkar hucumlar edir, mütəmadi olaraq yaşayış məskənlərimizi atəşə tutaraq əhaliyə qarşı əsl terror aktları və qətllər törədirdilər. Onların məqsədi Qubadlı əhalisini köçürmək, ərazisini Ermənistana birləşdirmək idi.
1993-cü ilin avqust ayının sonunadək davam edən müharibə zamanı Qubadlı rayonunda 238 nəfər şəhid olub, onlardan 9 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. İşğal nəticəsində 30 mindən çox Qubadlı sakini yurd-yuvasını tərk etmək məcburiyyətində qalaraq Bakı, Sumqayıt şəhərləri ilə bərabər, respublikanın 42 rayonunda müvəqqəti olaraq məskunlaşıb. İşğal zamanı qadın və uşaqlar daxil olmaqla, çoxlu sayda dinc sakin öldürülüb, əsir götürülüb, bir çoxlarından isə bu günə qədər heç bir məlumat yoxdur. Ermənilər rayonda həmçinin 205 mədəni-məişət obyektini, 12 tarixi abidəni, 5 mindən çox nadir eksponat saxlanılan Qubadlı tarix-diyarşünaslıq muzeyini yandıraraq talan etmişdilər.
Beləliklə, İkinci Qarabağ müharibəsi zamanı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusunun şücaəti sayəsində işğal edilmiş torpaqlarımız erməni təcavüzündən xilas oldu və bununla da erməni vandalizminə son qoyuldu. Bu gün Azərbaycanda yeni inkişaf dövrü başlanıb. Bununla da işğaldan azad edilmiş ərazilərimizdə dağıdılmış bütün sosial infrastruktur, ən əsası da tarixi-mədəni abidələrimiz yenidən qurulacaq.
Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası