21 oktyabr 2022 10:42
319

Azad Qubadlı yenidən qurulur

Qubadlı rayonu, Ermənistan Silahlı Qüvvələri tərəfindən 1993-cü ilin avqust ayında işğal edilmişdi. Rayon işğal edilərkən, 1 şəhər və 93 kənddən ibarət idi.

2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ Müharibəsi zamanı, rayonun şərqində yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və cənubda yerləşən Zəngilan rayonunda qısa müddətdə aparılan uğurlu əməliyyatlar, Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Qubadlı rayonunun inzibati hüdudlarına çıxmasına şərait yaratdı. Qubadlı və onun ətrafında yerləşən kəndlər hələ XVIII əsrdə Qarabağ inzibati ərazisinə daxil idi. Qubadlı şəhəri Qarabağ yaylasının cənub-şərqində, yerləşir. Ermənistanın Gorus, Qafan rayonları və Zəngilan, Cəbrayıl, Laçın və Xocavənd rayonları ilə həmsərhəddir.

Qubadlı rayonunun azad edilməsinə dair ilk məlumatı biz oktyabrın 23-də alsaq da, rayon ərazisində düşmən hərbi obyektlərinə raket zərbələri döyüş əməliyyatlarının başlanmasından bir saat sonra endirilməyə başlanmışdı. Bu zərbələr adətən düşmən ehtiyatlarının yerləşdiyi dislokasiya məntəqələrinə, sursat və yanacaq anbarlarına endirildi. Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunması həm düşmən ordusunun geri çəkilmə sürətini artırdı, həm də Ordumuzun mənəvi-psixoloji üstünlüyünü daha yüksək səviyyəyə qaldırdı. Buna görə də Azərbaycan Silahlı Qüvvələri hücum templərini artırmaqla Qubadlı rayonunun daha sürətlə azad edilməsi üçün münbit şərait yaratmışdı. Ordumuz bundan kifayət qədər ustalıqla yararlandı. Döyüş əməliyyatları nəticəsində Qubadlının şəhər mərkəzi ilə yanaşı, 41 kəndi də əsgərlərimizin igidliyi nəticəsində işğaldan azad edildi. Digər 52 kənd isə noyabrın 10-da qüvvəyə minmiş birgə Bəyanatın imzalanmasından sonra əraziyə yerləşdirilən Rusiya sülhməramlıları tərəfindən erməni silahlılarının təmizlənərək Azərbaycana qaytarıldı. Hazırda dövlətimiz Qubadlının təhlükəsizliyinin təmin olunması üçün kifayət qədər ciddi tədbirlər görür. Oktyabrın 25-də Prezident İlham Əliyev Qubadlı rayonunda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışında iştirak etdi. Hərbi hissədə silah-sursata baxdıqda məlum olur ki, dünyanın barmaqla sayılacaq qədər ölkəsində belə müasir silah arsenalına malik hərbi hissələrə rast gələ bilərik. İyirmi beş hektarlıq kompleksin döyüş texnikası parkında helikopterlər, “Harop”, “Quzğun” və “Qırğı” zərbəendirici pilotsuz uçuş aparatları, tank əleyhinə dəzgahlı qumbaraatanlar və idarə olunan raketlər, minaatanlar, zenit qurğuları və digər müasir silah sistemlərinin mövcudluğu Azərbaycan dövlətinin təhlükəsizik məsələlərində heç bir məsrəfdən çəkinmədiyini əyani nümayiş etdirir. Bu, Azərbaycanın hərbi qüdrətinin və sərhədlərinin etibarlı qorunmasının göstəricisidir. Burada şəxsi heyət üçün qərargah binası, zabit-gizir və əsgər yataqxanaları, iş otaqları, yeməkxana, yaşayış binaları, anbarlar və digər zəruri infrastruktur yaradılıb. Bu, şəxsi heyət üçün yaradılan dövlət qayğısının təzahürüdür.

Ermənistan ordusu Qubadlıda xeyli canlı qüvvə və texnika itirib. Qubadlının azad olunması ilə Azərbaycan Ordusunun Laçın rayonuna yolu açılıb, Silahlı Qüvvələrimiz Laçın dəhlizi istiqamətində irəliləməyə başlayıb.Azərbaycan Respublikasında “Qubadlının azad olunmasına görə” medalı təsis olunub.Prezident İlham Əliyevin sərəncamı ilə Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş hərbi qulluqçular “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib.Qeyd etmək lazımdır ki, müharibənin gedişində xalq-dövlət-ordu birliyi daha da möhkəmləndi. Azərbaycan Respublikasının bütün vətəndaşları etnik, sosial, dini baxımdan bütövlük nümayiş etdirdi, ön və arxa cəbhədə mükəmməl birlik yarandı. Arxa cəbhədə olan vətəndaşlar vuruşan orduya kütləvi yardım kampaniyaları keçirir, qanvermə aksiyaları təşkil edir, həmçinin müxtəlif formalarla mənəvi dəstək olurdular.  Bütün bunlara görə, Ali Baş Komandan, böyük sərkərdə, bu Qələbənin bizə yaşadan cənab İlham Əliyevə borcluyuq. Vətən uğrunda canını qurban vermiş şəhidlərimizin ruhu qarşısında baş əyirik. 30 ildən çoxdur əzablı, məşəqqətli məcburi köçkünlük həyatı yaşayan insanlarımız öz doğma yurd yerlərinə qayıdıb yaşayacaqlar. Azərbaycanın həmin guşələri yenidən dirçələcək, yurd yerlərimiz, işğaldan azad olunmuş ərazilərimiz yenidən qaynar həyatına dönəcək. Qarabağ Azərbaycandır! Yaşasın müstəqil, azad Azərbaycan!

Mirhaşim Calalov,
II Qarabağ müharibəsi iştirakçısı, həkim