Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın Zəngilan BeynəlxalqHava Limanının açılış mərasimində iştirak etmələri qürurdoğrucu haldır və Türkiyənin həmişə Azərbaycanın yanında olduğunun parlaq ifadəsidir. Bu iki qardaş ölkə daim bir - birinin yanındadır və bu birliyi heç bir qüvvə sarsıda bilməz.
Türkiyə Prezidentinin Zəngilana bu dəfə ki, səfəri də bunu bir daha təsdiq edir. Bu səfər Azərbaycan dövlətinə, xalqına, Prezident İlham Əliyevə göstərilən böyük qayğıdan, uğurlarımıza bəslənilən hörmətdən, Azərbaycanın böyük gələcəyinə inamdan qaynaqlanır.
Bütün dünya işğaldan azad olunmuş ərazilərimizdə görülən möhtəşəm tikinti - abadlıq bərpa işlərinə və bu işlərin planlı şəkildə tez bir zamanda görülməsinə şahiddir.
Zəngilan rayonu bu baxımdan xarakterikdir. Məhz birinci pilot layihə bu rayonda icra edildi. Ağalıda 200 evdən ibarət kənd salındı. Əlavə 150 evin inşa edilməsi nəzərdə tutulur. Artıq kəndin sakinləri doğma torpaqlarında məskunlaşmağa başlamışlar.
Şərqi Zəngəzur iqtisadi rayonunda Zəngilanın yeri və rolu əhəmiyyətlidir. Horadiz - Zəngilan - Ağbənd dəmir yolunun inşası strateji əhəmiyyətə malik olmaqla regionda sərnişin və yükdaşımalarının faydalılığını artıracaqdır. Təməli qoyulan Zəngəzur - Horadiz avtomobil yolu da rayonun iqtisadi inkişafında əsaslı rol oynayacaqdır.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Zəngilana səfəri və eləcə də ərazidə beynəlxalq hava limanının açılışı bilavasitə bu rayonun gələcək inkişafına hesablanmışdır. Dövlətimizin rəhbərinin söylədiyi kimi işğaldan azad olunan ərazilər cənnətə çevriləcəkdir və bu real işlərdə öz əksini tapır. Həyata keçirilən mühüm layihələr, tədbirlər hər bir vətəndaşı sevindirir və gələcək böyük uğurlarımızdan xəbər verir.

Tahir Rzayev,
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası