20 oktyabr 2022 16:03
689

Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı – Aydın HÜSEYNOV

“Azərbaycan Silahlı Qüvvələrinin 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində oktyabrın 25-də Qubadlının işğalına son qoyuldu. Uğurlu əməliyyatlar davam etdirilərək Vətən müharibəsinin 27-ci günü - oktyabrın 23-də Ordumuz Qubadlı ərazisinə daxil oldu, rayonun yaşayış məntəqələrini erməni işğalçılarından təmizləməyə başladı. Həmin gün Qubadlı rayonunun bir neçə yaşayış məntəqəsi işğaldan azad edildi. Vətən müharibəsinin 29-cu günündə - oktyabrın 25-də isə Ordumuz Qubadlı şəhərini və Qubadlı rayonunun daha bir neçə kəndini işğaldan qurtardı. Bu hadisəni Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı özünün tvitter hesabından elan etdi”.

“İki sahil” xəbər verir ki,  bunu Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, növbəti gün dövlət başçısı xalqa müraciətində bir aya yaxın davam edən Vətən müharibəsində düşmənin məhv edilmiş və qənimət götürülmüş silah və texnikası barədə məlumat verib: “Eyni zamanda Prezident İlham Əliyev Azərbaycan Ordusunun oktyabrın 25-də Qubadlı şəhəri ilə yanaşı, rayonun bir neçə kəndi ilə yanaşı Zəngilan və Cəbrayıl rayonlarının bir neçə kəndinin işğalına son qoyulduğunu bəyan etdi. İşğalçı Ermənistan ordusu Qubadlıda xeyli canlı qüvvə və texnika itirib. Qubadlının azad olunması ilə Azərbaycan Ordusunun Laçın rayonuna yolu açılıb, Silahlı Qüvvələrimiz Laçın dəhlizi istiqamətində irəliləməyə başlayıb. Xatırladaq ki, Qubadlı rayonu 31 avqust 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal müddətində Qubadlı şəhəri və rayonun kəndləri ermənilər tərəfindən dağıdılıb, tarixi, dini, mədəni abidələr, qəbiristanlıqlar məhv edilərək vandallıq əməlləri törədilib. İşğalçılar Qubadlının zəngin təbiətinə, flora və faunasına qarşı da ekoloji terror törədib, meşələri, nadir ağac və bitki növlərini qırıb, yandırıb.

Rəsmi statistikaya nəzər salsaq, işğaldan əvvəl rayonda 79812 hektar torpaq fondu olub. Bundan 14956 hektarı əkin, 850 hektarı çoxillik bitki, 631 hektarı biçənək, 17192 hektarı örüş-otlaq, 543 hektarı həyətyanı, 13160 hektarı meşə, 582 hektarı bağ və üzümlüklər idi. İşğaldan qabaqkı illərdə qəsəbə və kəndlərdə onlarla yeni ictimai və yaşayış binaları tikilmiş, bağlar, xiyabanlar, meydanlar, körpülər salınmış, yollar çəkilmişdir. İşğal nəticəsində 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə dağıdılıb. Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı."