Ötən ay sərhəddə silahlı toqquşma oldu. Bu silahlı toqquşmaların səbəbləri bəllidir – Azərbaycana münasibətdə terror, ilk növbədə, mina terroru və snayper terroru davam edir.
Zaman-zaman xalqımıza ermənilərin ssenarisi ilə vurulan zərbələr az olmayıb. Dözülməz faktdır ki, ermənilər törətdikləri vəhşilikləri ən yüksək səviyyədə bəyan edir, bunu qürürla dillərinə gətirir. Onlar yaşlıları, qadınları, uşaqları necə qəddarlıqla öldürdüklərindən fəxarətlə bəhs edirlər. 30 il ərzində Ermənistanın hərbi-siyasi rəhbərliyi bütün qanunlara hörmətsizlik nümayiş etdirib. İşğal olunmuş ərazilərdə minalar elə quraşdırılıb ki, (altdan tank əleyhinə, üzərindən isə piyada əleyhinə mina), hadisə zamanı minaya düşən şəxsin sağ qalmaq ehtimalı olmasın. Bu kombinasiyanın məqsədi, həm də daha çox insan öldürmək üçün partlayışın dalğasını maksimum böyütməkdir. Ermənistan işğal etdiyi ərazilərdə hərbi təyinatı olmayan əraziləri də minalayıb, bircə bu faktın özü Ermənistanın terrorçu xislətindən xəbər verir.
Problem həm də ondadır ki, Ermənistan indiyə kimi Azərbaycanla sülh müqaviləsi bağlamayıb. Azərbaycan qələbə qazanıb, ərazi bütövlüyünü bərpa edib, lakin İrəvan sülh sazişini imzalamaqdan müxtəlif bəhanələrlə imtina edir. Kapitulyasiya aktına imza ataraq biabırçı məğlubiyyətlə barışmalı olan Ermənistan indi də mina xəritələri məsələsində təxribatlara əl atır. İstər işğal zamanı, istərsə də 44 günlük Vətən müharibəsindən sonra işğalçılar belə təxribatlardan əl çəkməyiblər. Əslində, faşist düşüncəsində olan düşməndən başqa nə isə gözləmək də sadəlövhlük olardı. Digər tərəfdən, Ermənistanın terrorçu xislətinə yaxşı bələd olduğumuzdan qarşı tərəfdən hansısa xəritə bizə təqdim edilsə belə, buna inanmaq, etibar eləmək mümkün deyil. Çünki 90-cı illərdə xeyli minalanmış sahə vardı, atəşkəs dövründə isə ermənilər bu işin miqyasını daha da genişləndirdi. İndi təqdim edilən xəritələrin nə qədər real olması, onların işlənməsi zamanı bu sənədləri hazırlayanların nə qədər professional olması da şübhə altındadır. Bu, yeni siyasət deyil. Ermənistanda bütün hakimiyyətlər dövründə Xocalıdan tutmuş Gəncənin və Bərdənin bombalanmasına qədər – daim dinc sakinlər və mülki şəxslər hədəf götürülüb. Ümumiyyətlə, Ermənistanın milli ideologiyası Türkiyə və Azərbaycana qarşı terror və nifrət üzərində qurulub. Qeyri-dəqiq xəritələr, ağır texnikanın keçmədiyi ərazilərdə – məsələn, meşələrdə tank əleyhinə mina “tələlərinin”, ölüm ehtimalını artıran “mina-sürprizlərin” quraşdırılması – bütün bunlar Ermənistanın dövlət səviyyəsində “mina terroru” həyata keçirdiyini bir daha sübut edir.
Dövlət başçısı bildirib ki, İkinci Qarabağ müharibəsi başa çatandan sonra Azərbaycanın 250-dən çox vətəndaşı əsasən işğal dövründə basdırılan minaların partlaması nəticəsində ya həlak olub, ya da ciddi xəsarət alıb: "Eyni zamanda, bizim tərəfimizdən Ermənistan istehsalı olan piyada əleyhinə 1400 mina aşkarlanıb. Bu minalar 2021-ci ildə Laçın rayonu ilə sərhəd ərazidə basdırılıb. Həmçinin Azərbaycanın bir hərbi mövqeyindən digərinə aparan yollar minalanıb. Silahlı toqquşmalar davam edib, aktiv faza maksimum 8 saat çəkib. Bəzilərinin hesab etdiyi kimi, Azərbaycan Ermənistan ərazisini işğal etmək niyyətində olmayıb. Nə bir şəhər, nə də bir kənd işğal olunmayıb. Rusiya tərəfinin vasitəçilik fəaliyyəti nəticəsində, - mən bunu xüsusi vurğulamaq istərdim, - məhz Rusiya tərəfi atəşkəs təklifi ilə çıxış etdi, bəziləri bunu başqa ölkələrə aid edirlər ki, bu da tamamilə əsassızdır. Rusiya tərəfinin vasitəçilik fəaliyyəti nəticəsində silahlı toqquşmalar, artıq dediyim kimi, dayandırıldı". Prezident cənab İlham Əliyev dəfələrlə beynəlxalq platformalarda Ermənistanın işğalçılıq siyasətini ifşa edərək təcavüzkarın faşist ideologiyası yürütdüyünü və terrorizmin dövlət səviyyəsində dəstəkləndiyini bütün dünyaya bəyan edib.Lakin Ermənistan tərəfinin bütün cəhdlərinə baxmayaraq, Azərbaycan öz ərazilərini minalardan təmizləyəcək, işğaldan azad edilmiş torpaqları təhlükəsiz, yararlı hala gətirə biləcək. Bununla belə, Azərbaycan öz ərazilərinin minalardan təmizlənməsi işində haqlı olaraq beynəlxalq təşkilatlardan daha fəal dəstək gözləyir. Baxmayaraq ki, Azərbaycan bunun üçün xüsusi Agentlik yaradıb, işğaldan azad edilmiş ərazilərdə Rusiya, Türkiyə kimi dövlətlərin dəstəyi ilə təmizləmə işləri aparır, lakin bu məsələdə beynəlxalq ictimaiyyətin həm siyasi, həm də əməli dəstəyi olmalı, onlar humanitar məsələlərlə bağlı öhdəliklərini yerinə yetirməlidirlər.
Mirhaşim Calalov,
II Qarabağ müharibəsi iştirakçısı, həkim,
Mərkəzi Neftçilər Xəstəxanasının Hemodializ şöbəsinin müdiri
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası