Oktyabrın 13-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQFETM) forumdan təşkilata çevrilmək barədə qərar qəbul edib. Bu qərar bu gün Astanada qurumun VI sammitinin plenar iclasında Asiya ölkələri liderlərinin forumuna sədrlik edən Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin təşəbbüsü ilə qəbul edilib.Sammitdə həmçinin bir sıra sənədlər qəbul edilib. Onların arasında dövlət başçılarının informasiya texnologiyaları sahəsində təhlükəsizlik üzrə əməkdaşlıq haqqında bəyanatı,Birləşmiş Millətlər Təşkilatının qlobal əks-terror strategiyasının həyata keçirilməsi üzrə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin fəaliyyət planı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə Fondu haqqında əsasnamə var. Küveyt Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 28-ci üzvü olub. Onun təşkilata daxil olması müşavirə iştirakçısı olan 27 dövlətin nümayəndələri tərəfindən yekdilliklə qəbul edilib.
Prezident Tokayev ümidvar olduğunu bildirib ki, qurumun tamhüquqlu beynəlxalq təşkilata çevrilməsi vasitəçiliyə və sülhməramlılığa yardımda mühüm rol oynayacaq. Təşkilatın bu missiyası bu gün prezidentlər Ərdoğan və Putinin ikitərəfli görüşündə təsdiqlənib. Görüş əsasən Ukrayna və Suriyaya həsr olunub. Oktyabrın 12-13-də Astanada keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin VI sammiti Müşavirənin çağırılması təşəbbüsünün 30 illiyinə həsr olunub.Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin çağırılması barədə ideya ilk dəfə 1992-ci ilin oktyabrında Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 47-ci sessiyasında Qazaxıstan tərəfindən irəli sürülüb.Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə Asiyada sülhün, təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə, həmçinin müvafiq sahələrdə əməkdaşlığın möhkəmləndirilməsinə yönələn çoxtərəfli etimad tədbirlərinin işlənib hazırlanması və həyata keçirilməsi üçün səy göstərir. Daha sonra Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreşin iclas iştirakçılarına videomüraciəti nümayiş olundu.
Tədbirdə Prezident İlham Əliyev plenar iclasda çıxış zamanı, Azərbaycanın Qazaxıstan Prezidenti Tokayevin rəhbərliyi ilə aparılan siyasi və sosial-iqtisadi islahatları dəstəklədiyini xüsusi qeyd edib. İkinci Qarabağ müharibəsində qazanılmış Qələbə nəticəsində iki il əvvəl Azərbaycan öz torpaqlarını Ermənistan işğalından azad etdi, 30 il davam edən Qarabağ münaqişəsinə son qoydu, ədaləti bərpa etdi və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinin icrasını özü təmin etdi. Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğal zamanı şəhərlərimiz və kəndlərimiz, mədəni və dini abidələrimiz, məscidlərimiz məqsədli şəkildə dağıdılıb, təhqir və talan edilib. Hətta məscidlərdən heyvan saxlamaq üçün tövlə kimi istifadə olunurdu. Təəssüf ki, 30 il ərzində biz erməni cəmiyyətinin bu cür vandalizmə qarşı heç bir etirazını eşitmədik, əksinə, hətta bu dağıntılar, erməni vandallar və hərbi cinayətkarlar təqdir edilir və qəhrəmanlaşdırılırdı. Ermənistan Azərbaycanın mülki əhalisinə və hərbçilərinə qarşı sistemli şəkildə müharibə cinayətləri törədib. Birinci Qarabağ müharibəsindən bəri 3900-ə yaxın Azərbaycan vətəndaşı itkin sayılır. Onların əksəriyyəti işgəncələrə məruz qalıb, öldürülüb və kütləvi məzarlıqlarda basdırılıb. Biz işğaldan azad edilmiş iki kənddə bu il kütləvi məzarlıqlar aşkar etmişik. Ermənistan Azərbaycana itkin düşənlərin taleyi və kütləvi məzarlıqların dəqiq yerləri barədə məlumat təqdim etməlidir. Biz iki ilə yaxındır ki, bu məlumatı tələb edirik, ancaq Ermənistan hökuməti bunu Azərbaycanla bölüşməkdən imtina edir və bununla da özünü Ermənistanın əvvəlki rejimlərinin cinayətkar liderləri ilə assosiasiya edir.Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasındadır. İlkin hesablamalara görə, Ermənistan işğal zamanı bir milyondan çox mina basdırıb. İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən iki il ərzində 250-dən çox Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb. Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır. Minalardan təmizlənmə ilə paralel, indi Azərbaycan həm də işğaldan azad olunmuş ərazilərdə öz resursları hesabına genişmiqyaslı quruculuq işləri aparır. Biz, həmçinin keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı prosesinə başlamışıq. "Böyük Qayıdış" adlanan proqram artıq başlayıb. Qarabağ münaqişəsinin həll olunmasına baxmayaraq, Ermənistan sərhəddə təxribatlar törətməkdə davam edir, bunlardan sonuncusu isə bu ilin sentyabr ayında törədilib. Azərbaycan Silahlı Qüvvələri Ermənistanın hərbi təxribatının qarşısını almaq üçün qətiyyətli əks-həmlə əməliyyatına başlamağa məcbur oldu. Bütün bu təxribatlara görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Ermənistan tərəfindən törədilmiş etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlının 30 il ərzində əziyyət çəkməsinə, misli görünməmiş vəhşiliyə, yüzlərlə şəhər və kəndimizin dağıdılmasına baxmayaraq, Azərbaycan Ermənistana qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünün tanınması əsasında sülh sazişi imzalamağı təklif edib. Eyni zamanda Azərbaycan tərəfindən həyata keçirilən genişmiqyaslı nəqliyyat infrastrukturu layihələri ölkəmizi ən mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzlərindən birinə çevirib. 2022-ci ilin ilk doqquz ayı ərzində Azərbaycan ərazisindən keçən tranzit təxminən 65 faiz artıb.Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına mühüm töhfələr verir. Azərbaycan Orta Dəhlizin önəmli hissəsini təşkil edəcək Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir. 2019-cu ildən bəri Azərbaycan üzv ölkələrin yekdil qərarı əsasında dünyada BMT-dən sonra ən böyük beynəlxalq struktur olan Qoşulmama Hərəkatına sədrlik edir. Sədrliyimiz yenə də yekdil qərar əsasında daha bir il, 2023-cü ilin sonuna qədər uzadılıb. Biz Qoşulmama Hərəkatı çərçivəsində həmrəyliyi gücləndirmək, bu Hərəkatın siyasi çəkisini və qlobal nüfuzunu artırmaq üçün böyük səylər göstəririk. Azərbaycan Hərəkatın bu məqsədlə təsisatlanması ideyasını fəal şəkildə təşviq edir. Bu baxımdan, Qoşulmama Hərəkatının Azərbaycanın təşəbbüsü ilə yaradılan Parlament Şəbəkəsi və Gənclər Təşkilatı qeyd edilməlidir. Biz COVID-19-dan sonrakı dünya ilə bağlı fikir mübadiləsi aparmaq və Hərəkatın mövqeyini formalaşdırmaq məqsədilə Qoşulmama Hərəkatına üzv dövlətlərin növbəti il üçün yüksək səviyyəli iclasının keçirilməsini təklif etmişik.
Plenar iclasda AQEM-in tamhüquqlu beynəlxalq təşkilata çevrilməsi planları müzakirə olundu. Növbəti iki ildə - 2022-2024-cü illərdə də AQEM-ə Qazaxıstan sədrlik edəcək.Tədbirin sonunda Astana bəyannaməsi və digər sənədlər qəbul edildi.

Həsən Əliyev,
YAP Xətai rayon təşkilatının fəalı
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası