20 oktyabr 2022 09:33
1384

Zəngilan döyüşləri İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu Arazboyu əməliyyatlarından biridir

«2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Zəngilan döyüşləri Sərhəd Qoşunlarının Komandanlığı altında aparıldı. Oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etmişdir. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Azad olunanın ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb. Zəngilan döyüşləri İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu Arazboyu əməliyyatlarından biri kimi tarixə yazıldı.»

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, Zəngilanın azad olunmasının bir sıra hərbi-strateji əhəmiyyəti var idi.  Zəngilanın  azad olunması 132-km Azərbaycan–İran sərhədinin bərpası demək idi. İranla sərhəd nəzarətə götürülməklə düşmənin İrana çıxışı bağlanmış  və Ermənistana gələ biləcək humanitar-hərbi yüklərin qarşısı alınmışdı. Şanlı ordumuz tərəfindən Qubadlı mühasirəyə alınır  və qısa zamanda azad olunur. Zəngəzur bölgəsi bütövlüklə nəzarətə götürülür. Beləliklə də, ordumuz İrəvan-Gorus-Laçın-Şuşa-Xankəndi yoluna nəzarət etmək imkanı qazanıb. Hərbi mütəxəssislər Zəngilanın azad olunmasının Qarabağın taleyinin həll olunmasında əhəmiyyətini xüsusi olaraq qeyd edirlər. Çünki, Zəngilanın azad olunması ilə Vardenis-Ağdərə, Stok-Kəlbəcər yolu, o cümlədən, İrəvan-Gorus-Laçın-Şuşa-Xankəndi yolunun bir hissəsinin nəzarətdə saxlanılması Ermənistan tərəfindən gələn hərbi və qida yüklərinin qarşısını alıb. Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhəddi tam bərpa edilib. 
Deputat diqqətə çatdırıb ki, 2020-ci il noyabrın 26-da «Zəngilanın azad olunmasına görə» medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6972 hərbi qulluqçusu «Zəngilanın azad olunmasına görə» medalı ilə təltif olunmuşdur. Zəngilanın azad olunması, onun beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirilməsi üçün imkanlar yaratdı. Bu gün Zəngilanda Beynəlxalq Hava Limanının açılışı nəzərdə tutulur. Bu hava limanı digər nəqliyyat infrastrukturu ilə birgə bölgənin inkişafında mühüm rol oynayacaq. Yeni hava limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul edə biləcək. Təməli qoyulan Zəngilan-Horadiz avtomobil yolu isə strateji əhəmiyyəti ilə seçilir. Yolun ümumi uzunluğu 124 kilometrdir və 6 zolaqdan ibarət olacaq. 
K.Bayramov əlavə edib ki, bu gün Zəngilan rayonu  yeni inkişaf dövrünü yaşayır. Bərpa-quruculuq işləri sürətlə davam edir. Birinci pilot layihə Zəngilanda icra edildi. Ağalı kəndinə əhalinin köçürülməsi Böyük Qayıdışın ilk qədəmləridir. İşğala qədər bu inzibati ərazi 3 kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda isə 161 ailə (675 nəfər) yaşayıb. Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352-dir (1504 nəfər). Bu gün Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir. Ağalı kəndində 200 evdən ibarət gözəl kənd salınıb. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən, ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi nəzərdə tutulur. Kənddə məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – «ASAN», «DOST», kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. Mövcud qanunvericiliyə əsasən, məcburi köçkünlər daimi yaşayış yerlərinə qayıtdıqdan sonra üç il müddətində dövlətin onlar üçün müəyyən etdiyi sosial müdafiə tədbirlərindən yararlana biləcəklər.