Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin komandanlığı ilə 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində Azərbaycan öz şanlı Qələbəsini yazdı. Möhtərəm Prezident İlham Əliyevin rəhbərlik etdiyi Silahlı Qüvvələrimizin müəllifi olduğu bu Zəfərimizin qazanılmasında xüsusi rolu olan xalq-ordu birliyi daha bir imtahandan uğurla çıxdı. İllərdən bəri göstərilən siyasi qətiyyətin, möhkəm iradənin məntiqi nəticəsi olan bu Zəfər yolunda atılan addımlar bəhrəsini verdi, Azərbaycan bayrağı işğaldan azad olunan ərazilərimizdə dalğalandı. Müharibədən qısa vaxt keçməsinə baxmaqyaraq həmin ərazilərdə sürətlə aparılan bərpa quruculuq işləri artıq töhvəsini verdi və Qarabağımıza yeni nəfəs gəldi.
44 günün hər günündə cənab İlham Əliyev xalqımıza qələbə müjdələrini çatdırdı. Dünyaya səs salan “Dəmir yumruq” əməliyyatını uğurla davam etdirən Silahlı Qüvvələrimizin əsgər və zabitləri oktyabr ayının 17-də Füzuli şəhəri daxil olmaqla rayonun 7 kəndi işğaldan azad edilmişdir. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub. Bu əməliyyat sayəsində həmçinin Cəbrayıl və Xocavənd rayonunun bir sıra yaşayış məntəqələri Azərbaycan Ordusu tərəfindən azad edilmişdir. Qeyd edək ki, Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən oldu.
Müzəffər Silahlı Qüvvələrimiz öz Ali Baş Komandanının etimadını, xalqın və dövlətin etimadını Füzulini azad etməklə bir daha yüksək səviyyədə doğrultdu! Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmənin dirənişi qırıldı, nəhayət, son mərhələdə silahlarını yerə qoyan işğalçılar qaçmağa məcbur qaldı. Füzulinin işğaldan azad olunması bir sıra əlamətdar xüsusiyyətlərə malikdir. Bu rayon Hadrut və Cəbrayıldan sonra işğaldan azad edilmiş üçüncü böyük yaşayış məntəqəsi olmaqla yanaşı, həm də ermənilərin məğlubedilməzliyi barədə yaradılmış mifin mərkəzində dayanan düşman səddinin keçdiyi və bir neçə cərgə güclü istehkam, müdafiə xətlərinin olduğu bir ərazi idi. Lakin Azərbaycan Ordusu öz daxili resursları hesabına, öz Ali Baş Komandanına, dövlətinə, xalqına sədaqəti hesabına tarixi Zəfərə imza atdı.
Füzuli uğrunda döyüşlərdə iştirak edənlərin fədakarlığı, hərbi xidmətləri, qəhrəmanlığı həm daha öncələrdən mövcud olan dövlət təltifləri ilə həm də Vətən müharibəsindəki tarixi Zəfərdən sonra təsis edilmiş orden və medallarla dəyərləndirildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş hərbi qulluqçularımuz “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub.
2020-ci ilin 16 noyabr tarixində Azərbaycan Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunan Füzuli rayonunda ilk dəfə səfərdə olmuş, Müzəffər Ali Baş Komandan Füzuli şəhərində Azərbaycan bayrağını ucaltmış, Füzuli-Şuşa avtomobil yolunun – Zəfər yolunun təməli qoymuşdu. Ümumilikdə 9 dəfə Füzuli rayonuna səfər etmiş ölkə başçısı bu səfərlər zamanı çoxsaylı obyektlərin təməli qoymuş, eyni zamanda, açılış mərasimləri baş tutmuşdur. Bu obyektlərdən“Qarabağın hava qapısı” adlandırılan Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimini xüsusilə qeyd etmək olar. Cəmi 8 ay ərzində inşa olunan Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak etmişdir.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Rəşadətli Ordumuz düşməni tarixi ata-baba torpaqlarımızdan qovub çıxardı. Düşmən öz başı üzərində “dəmir yumruğun” zərbəsini hiss edərək acizanə şəkildə qaçmağa məcbur oldu. Azad olunmuş torpaqlarımızın hər qarışında igid vətən övladlarının tökülən müqəddəs qanı vardır. Füzulinin azadlığı-Qarabağın azadlıığı xalqımızın 30 illik həsrətli vətən nəğməsinə xoş və müjdəli sədalar gətirdi. Yaşasın Azərbaycan Respublikası!
Məmləkət Qaraçobanova,
Yeni Azərbaycan Partiyası Pirallahı rayon Təşkilatı Aparatının məsul əməkdaşı
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası