15 oktyabr 2022 12:47
133

Ortaq tarixdən strateji tərəfdaşlığa  

Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun yaradılması ilə bağlı qərarın qəbul olunması iki ölkə arasında iqtisadi əməkdaşlığın genişlənməsində mühüm rol oynayacaq

Ortaq tarixə, qardaşlığa və qarşılıqlı hörmətə əsaslanan Azərbaycan və Qırğızıstan dövlətlərarası münasibətləri artan sürətli xətlə inkişaf etməkdədir. Bu baxımdan Prezident İlham Əliyevin Qırğızıstana səfəri tarixi və strateji əhəmiyyət daşıyır. Bu səfər zamanı aparılan görüşlər, imzalanan sazişlər, müqavilələr və verilən bəyanatlar türk dünyasının birliyinə böyük töhfə verəcək.

Prezident İlham Əliyevin Qırğızıstana səfərini və iki qardaş ölkə arasında münasibətlərin ən yüksək mərhələyə - strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsini bütövlükdə Türk dünyasının uğuru kimi qiymətləndirmək lazımdır. Ümumiyyətlə, Azərbaycan Prezidentinin Özbəkistana, Türkmənistana və Qırğızıstana səfərləri, Qırğızıstan və Qazaxıstanın dövlət başçılarının isə Azərbaycana səfərləri zamanı əldə edilmiş razılaşmalar TDT-nin (Türk Dövlətləri Təşkilatı) üzv dövlətləri arasında inteqrasiya prosesinin güclənməsinə xüsusi impuls verib.

Oktyabrın 11-də Bişkekdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclası keçirilib. İlham Əliyevin bu səfəri Qırğızıstanla Azərbaycan arasında strateji tərəfdaşlığın məntiqi davamı kimi xüsusi əhəmiyyət verir. Dövlətlərarası münasibətlərin yüksək səviyyədə dəstəklənməsi, mövcud və gələcək əməkdaşlıq üzrə bütün əlaqələri intensivləşdirmək əsas amildir. Bundan əlavə sevindirici haldır ki,  iki dövlət arasında ortaq tarix, köklər, mədəniyyət, ənənələr və milli xüsusiyyətlər var. Azərbaycan və Qırğızıstan mədəniyyət, təhsil, elm, turizm, idman sahələrində münasibətlərin inkişafı məsələlərinə böyük əhəmiyyət verir. Cənab İlham Əliyevin də qeyd etdiyi kimi, artıq yarım ildir ki, Azərbaycan və Qırğızıstan rəsmi şəkildə strateji tərəfdaşlardır.

Səfər çərçivəsində keçirilən görüşlərdə prezidentlər dövlətlərarası münasibətlərin yüksək səviyyədə dəstəklənməsinə, mövcud və gələcək əməkdaşlıq üzrə bütün əlaqələri intensivləşdirməyə hazır olduqlarını bildiriblər. Azərbaycan və Qırğızıstan prezidentləri iki ölkə arasında əmtəə dövriyyəsinin həcminin artırılmasının zəruriliyini gündəmə gətiriblər. Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun yaradılması ilə bağlı qərarın qəbul olunması iki ölkə arasında iqtisadi əməkdaşlığın genişlənməsində mühüm rol oynayacaq.

Fidan Əliyeva,
YAP Xətai rayon təşkilatının məsləhətçisi