15 oktyabr 2022 16:31
154

Strateji tərəfdaş olan Azərbaycan və Qırğızıstan yeni hədəflərə doğru birgə addımlayır

Azərbaycan və qırğız xalqları tarix, dil, din və mədəni dəyərlər baxımından bir-birinə çox sıx tellərlə bağlıdırlar. Bu iki xalq arasında münasibətlər tarixin dərinliklərinə gedib çıxır. Azərbaycanın türk dövlətləri ilə əlaqələri, qarşılıqlı səmərəli əməkdaşlıqları intensiv şəkildə inkişaf etməkdədir. Təkcə bu il reallaşan Qırğızıstan və Qazaxıstan prezidentlərinin Azərbaycana, Prezident İlham Əliyevin Özbəkistana, Türkmənistana və Qırğızıstana səfərləri, imzalanan sənədlər və əldə olunan razılaşmalar bu istiqamətdə görülən işlərin miqyasını əks etdirir. Bu siyasətin davamı kimi Qırğızıstanla əlaqələr yenilənir, inkişaf etdirilir. 

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun bu il aprelin 19-20-də Azərbaycana rəsmi səfəri  zamanı iki ölkənin dövlət başçılarının iştirakı ilə “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə” və “Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının yaradılması haqqında Memorandum”, həmçinin müxtəlif sahələri əhatə edən ümumilikdə 10 sənəd imzalanmışdır.  Məhz həmin vaxtdan etibarən iki dost və qardaş türk dövlətinin münasibətlərində yaranmış strateji tərəfdaşlıq rəsmiləşmişdir. Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında Dostluq və Əməkdaşlıq Haqqında Müqavilənin 25 illiyi və Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlər qurulmasının 30-cu ildönümü ərəfəsində  Qırğızıstan Prezidentinin Azərbaycana sonuncu rəsmi səfəri çərçivəsində  baş tutan həm prezidentlərin təkbətək görüşündə, həm də nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə,  eləcə də dövlət başçılarının mətbuata bəyanatlarla çıxışlarında investisiya layihələri,  nəqliyyat infrastrukturu ilə və Şərq-Qərb nəqliyyat dəhlizinin daha səmərəli fəaliyyət göstərməsi üçün səylərimizi necə birləşdirməklə bağlı, eləcə də ticari-iqtisadi münasibətlər,  kənd təsərrüfatı ilə bağlı məsələlər ətraflı müzakirə edildi. Qırğızıstanda və Azərbaycanda həyata keçirilən layihələr və onları qarşılıqlı faydalı şəkildə necə əlaqələndirməyin mümkün olması barədə fikir mübadiləsi aparıldı. Kənd təsərrüfatında əməkdaşlığın inkişafı ilə bağlı məsələləri də müzakirə  edildi.

Bundan əlavə, ölkələrimiz tərəfindən BMT, ATƏT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, MDB və Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli formatda sıx qarşılıqlı fəaliyyət göstərildiyi, Qırğızıstanın Şanxay Əməkdaşlıq Təşkilatında Azərbaycanın statusunun müşahidəçi səviyyəsinə qədər artırılmasını hərtərəfli dəstəklədiyi xatırladıldı. Beləliklə, Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycanda rəsmi səfəri gələcəkdə bütün sahələrdə fəal qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsi baxımından səmərəliliyi, müsbət nəticələri ilə diqqət çəkdi.

Bu il, oktyabrın 11-12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasına  rəsmi səfəri  mühüm əhəmiyyət daşıyır. Belə ki, səfər çərçivəsində Qırğızıstan və Azərbaycan liderləri ikitərəfli danışıqlar aparıb, Birinci Dövlətlərarası Şuranın iclasında iştirak ediblər.

Prezidentin səfəri zamanı aparılan görüşlər, imzalanan sazişlər, müqavilələr və verilən bəyanatlar türk dünyasının birliyinə böyük töhfə verəcək  Əlavə olaraq Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının, Nizami Gəncəvi adına 103 saylı məktəbin, Heydər Əliyev adına Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılması ölkələrimiz arasında humanitar, mədəni əlaqələrin yüksək səviyyəsindən xəbər verir. Artıq strateji tərəfdaş olan Azərbaycan və Qırğızıstan yeni hədəflərə doğru birgə addımlayır. Strateji tərəfdaşlıq qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir və ölkələri məhz strateji xarakterli əməkdaşlığa kökləyir. Bu mənada Azərbaycan-Qırğızıstan strateji tərəfdaşlığı perspektiv inkişafın möhkəm təməlini təşkil edir.

Ruslan Qasımov,
YAP Xətai rayon təşkilatının fəalı