19 oktyabr 2022 14:10
470

Füzuli şəhərinin erməni işğalından azad edilməsi Zəfər tariximizin şanlı səhifələrindən biridir

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 1993-cü ilin avqust ayında Füzuli rayonu işğal olundu. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan Silahlı Qüvvələrinin hücumu nəticəsində Füzuli rayonunun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdu.

30 ilə yaxın dövr ərzində ərzilərinin 20 faizinin təcavüzkar Ermənistan tərəfindən işğala məruz qalan Azərbaycan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti siyasəti və dönməz iradəsi, həmçinin xalqımızın Fateh Sərkərdə ətrafında sıx birləşməsi sayəsində azad olundu. 44 günlük Vətən müharibəsi zamanı bütün dünyaya göstərilən şücaət və qəhrəmanlıq mücəssəməsi həm də yeni tarixin və reallıqların başlanğıcını qoydu. Azərbaycan işğalçı Ermənistana öz yerini göstərdi. Beynəlxalq aləm 2020-ci ildə apardığımız haqq-ədalət uğrundakı mübarizəmizin şahidlərinə çevrildi. Öz sahiblərini gözləyən torpaqlarımız, tarixi abidələrimiz, müqəddəs ocaqlarımız öz sahiblərinə qayıtdı.  Oktyabrın 17-də xalqımız Füzuli şəhərinin işğaldan azad edilməsinin ikinci ildönümünü qeyd edir.  İşğala məruz qalan qədim yaşayış məskənlərimizdən biri də ərazilərinin xeyli hissəsi 27 il işğalçı Ermənistan silahlı birləşmələrinin və terrorçularının nəzarəti altında qalan, Azıx mağarasının yerləşdiyi Füzuli rayonudur. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri idi. Füzuli Vətən müharibəsinin ilk günündən son gününədək ərazisi uğrunda döyüşlərin gərgin aparıldığı rayonlardandır. Cəbhədən gələn qələbə müjdələri xalqımızı daha da qürurlandırır, tezliklə 30 ilin işğalına son qoyulacağına əminlik yaradırdı. Hər gün bir şəhərin, yaşayış məntəqəsinin azadlığa qovuşması ilə yadda qaldı. Azərbaycan Ordusunun gücü, qüdrəti qarşısında  dayana bilməyən erməni silahlı qüvvələri hərbi texnikanı, silah-sursatı qoyub qaçdı. Torpaq, Vətən sevgisini döyuş ruhunun artmasında qabarıq şəkildə büruzə verən Azərbaycan Ordusu hər gün irəli getdi.   Tarixi Zəfərimiz bir daha sübut etdi ki, dünyanın ən güclü ordusu Azərbaycan Ordusudur. Hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur. Düşmən və bütün dünya artıq Azərbaycanın gücünü görüb və bunu etiraf edib. Müzəffər Ali Baş Komandanın xilaskarlıq missiyası nəticəsində 44 gün ərzində Füzulinin şəhər mərkəzi ilə yanaşı, 53 kəndi erməni işğalından azad edildi. Vətən müharibəsinin gedişində strateji əhəmiyyət kəsb edən Füzuli əməliyyatı ilə qədim yaşayış məskənimiz işğaldan azad olundu. Azərbaycan Ordusu döyüş meydanında xalqımızın qisasını aldı və həlak olanların qanı yerdə qalmadı. Ermənistan Füzuli istiqamətində cəbhə xəttini olduqca gücləndirmişdi, bir neçə mərhələli müdafiə mövqeləri yaratmışdı. Lakin qəhrəman Azərbaycan əsgərinin gücü və əzmi qarşısında bu mövqelər tab gətirə bilmədi və elə ilk həmlədə ələ keçirildi. Təsadüfi deyil ki, Ali Baş Komandan İlham Əliyev 2020-ci il oktyabrın 17-də xalqa müraciəti zamanı Füzulinin böyük hərbi peşəkarlıq nəticəsində işğalçılardan azad edildiyini açıqladı. Ali Baş Komandan İlham Əliyev tarixi Zəfərimizdən sonra Füzuli rayonuna reallaşdırdığı ilk səfəri zamanı da Azərbaycan Bayrağını ucaltdıqdan sonra çıxışında  rəşadətli Ordumuzun qüdrəti, gücü sayəsində torpaqlarımızın tarixi sahibinə qovuşmasından, xalqımızın yenilməz, məğrur xalq olmasından geniş bəhs etdi. 17 oktyabr tarixi bütün Azərbaycan xalqı üçün qürur, sevinc tarixidir. Artıq xalqımız torpaqlarımızın işğaldan azad edildikləri tarixi qeyd etdikləri üçün özlərini xoşbəxt hiss edir, Böyük Qayıdışın bütünlüklə reallığa çevrilməsindən sonra bu ərazilərimizin  gələcəyini necə görmək istədikləri barədə  düşüncələrini paylaşırlar. Dövlət başçısı İlham Əliyev tarixi Zəfərimizin sayəsində işğaldan azad edilmiş ərazilərimizdə ermənilərin törətdikləri vəhşiliklərdən, vandalizmdən bəhs edərək yekun olaraq bildirir ki, indi əsas məsələ bu torpaqların yenidən qurulmasıdır.  Digər tərəfdən, Prezident İlham Əliyevin Füzuliyə səfərləri çərçivəsində Füzuli Beynəlxalq Hava Limanının, Horadiz-Ağbənd dəmir yolu xəttinin, Füzuli-Hadrut avtomobil yolunun təməlinin də qoyulması azad Qarabağımızın qısa müddətdə ən inkişaf etmiş bölgələrimizdən birinə çevriləcəyi reallığını isbatlayır. Həmçinin, dövlət başçımızın “Füzuli” yarımstansiyasının açılışını etməsi və Aşağı Köndələnçay su anbarında yaradılan şəraitlə tanış olması yaxın perspektivlərdə görüləcək növbəti uğurlu işlərin, layihələrin icrasına geniş zəminlər yaradıb.

Azərbaycan və Türkiyə Prezidentlərinin iştirakı ilə 2021-ci ilin oktyabr ayının 26-da açılışı baş tutan Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olundu. Bu hadisə eyni zamanda, Azərbaycan və Türkiyə qardaşlığının, həmrəyliyin nümayişi baxımdan region dövlətlərinə bir mesaj idi. İşğaldan azad edilmiş ərazilərimizə səfərlərini bu aeroport vasitəsilə reallaşdıran xarici qonaqlar  gördükləri mənzərələrdən heyrətlərini gizlətmirlər. Bir tərəfdə ermənilərin illərdir törətdikləri dağıntılar, digər tərəfdə isə Azərbaycan dövlətinin öz gücü, daxili imkanları hesabına həyata keçirdiyi bərpa-quruculuq işləri  yer alır. Bu gün azad edilmiş digər ərazilərdə olduğu kimi Füzulidə də erməni vandalizmi özünü aydın şəkildə göstərir. Belə ki, işğal dövründə Füzuli şəhəri və rayonun kəndləri tamamilə məhv ediliblər. Bütün bunlara görə, Ermənistan dövləti törətdiyi hərbi cinayətlərə görə məsuliyyət daşımalıdır. Dövlət başçısı İlham Əliyevin göstərişi əsasında Füzuli-Şuşa, Zəfər yolunun təməli qoyuldu və çox qısa zamanda istifadəyə verildi.  Azərbaycanın tarixi Zəfərində əhəmiyyətli rol oynayan Şuşa əməliyyatına şahidlik edən bu Zəfər yolunun rəmzi mənası vardır. Bu gün bu yol soydaşlarımızı Qarbağın tacı Şuşaya qovuşdurur. Füzuli uğrunda döyüşlərdə iştirak edənlərin qəhrəmanlığı heç zaman unudulmayacaq. 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalının təsis edilməsi də bu məqsədə xidmət edir. Xalqımız əmindir ki, azad olunmuş ərazilərimizdə sürətli bərpa işləri nəticəsində tezliklə həyat öz axarına qayıdacaq, insanlar doğma yurdlarına qayıdaraq firəvan həyat sürəcəklər.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri