Dövlət başçısı İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında bir daha həqiqətləri faktlar əsasında diqqətə çatdıraraq bildirdi ki, baş verənlər barədə müxtəlif versiyaların dolaşdığını nəzərə alaraq yeganə həqiqi versiyanı özümdən eşitməyinizi istədim
«Postmünaqişə vəziyyətinin digər aspektlərinə gəldikdə, indi biz azad edilmiş ərazilərin bərpası ilə fəal məşğul oluruq. Hər şey dağıdılıb, görüntülər dərc edilib, arzu edənlər tanış ola bilərlər. On min kvadratkilometr ərazidə demək olar bir salamat bina qalmayıb, 67 məsciddən 65-i dağıdılıb. Müsəlmanların müqəddəs yerlərinin təhqir edilməsi, məscidlərdə donuz və inək saxlanılmasına dair görüntüləri internetdən də əldə etmək olar. Bütün bunlar Azərbaycan xalqına və bütün müsəlman dünyasına qarşı ifrat dərəcədə nifrətdən xəbər verir. Bunu ancaq belə başa düşmək olar.» Dövlət başçısı İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında 30 illik işğal, eyni zamanda, postmünaqişə dövrünün reallıqları barədə geniş məlumat verdi.
Cənab İlham Əliyev erməni vəhşiliklərindən, vandalizmindən bəhs edərkən hər zaman tarixi və dini abidələrimizin dağıdılmasını xüsusi qeyd edir. Ermənilər bu yolla bütün izləri silməyə çalışsalar da bunun mümkünsüzlüyünün fərqində olmalı idilər. Tarixi saxtalaşdırmaqla, başqa xalqa məxsus dəyərləri özününküləşdirməyə cəhdlər etməklə hec nəyə nail olmaq olmaz. Bu, ondan irəli gəlir ki, dövlətimiz daim milli irsimizin qorunmasına və gələcək nəsillərə çatdırılmasına xüsusi çağırışlar edir. Son iki ilə yaxın dövr ərzində işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinə, ən əsası hər bir şəhərin Baş planına diqqət yetirsək tarixi və dini abidələrin bərpasının prioritetliyi özünü aydın şəkildə göstərəcək. Onu da qeyd edək ki, bu torpaqlarımız müasir tələblər səviyyəsində bərpa olunsa da dövlət başçısı İlham Əliyev müasirliklə qədimliyin vəhdətinin yaradılmasını qarşıya mühüm vəzifə kimi qoyur. Hər daşı, qayası bir tarix olan bu torpaqlarımız Azərbaycan tarixinin, mədəni irsinin təbliğində əhəmiyyətli rol oynayır.
Artıq iki ildir ki, Qarabağın döyünən ürəyi, türk dünyasının mədəniyyət payxtaxtı Şuşamızda, Cıdır düzündə «Xarıbülbül» musiqi festivalı ənənəsi bərpa edilib. Milli sərvətimizin, ruhumuzun ən qiymətli incisi olan muğamlarımızla da erməni işğalçılarına zərbə vurduq. Cıdır düzündən muğamımız bütün dünyaya səs saldı. «Ermənilər nə qədər çalışsalar da, Şuşadan Azərbaycan ruhunu silə bilmədilər. Bəli, mənfur düşmən tərəfindən binalar dağıdıldı, məscidlərimiz dağıdıldı, tarixi abidələrimiz dağıdıldı. Ancaq Şuşa Azərbaycan ruhunu qoruya bildi» söyləyən dövlət başçısı İlham Əliyevin vurğuladığı kimi, Cıdır düzündə Azərbaycan muğamının səslənməsi, Yuxarı Gövhərağa məscidində bayram namazının qılınması minilliklərdən bu günümüzə ərmağan olan ənənələrimizə sadiqlikdir. «Biz öz dini, milli, mənəvi köklərimizə bağlı olan xalqıq. Əks-təqdirdə, biz heç vaxt işğala son qoya bilməzdik. Biz bütün bu illər ərzində bir amalla yaşamışıq - torpaqları azad edək, ədaləti bərpa edək, milli ləyaqətimizi qoruyaq və buna nail olduq. Bugünkü tədbir bir daha onu göstərir ki, biz Şuşaya qayıtmışıq və bundan sonra burada əbədi yaşayacağıq» bəyan edən cənab İlham Əliyev onu da əlavə etdi ki, ermənilər tərəfindən qurudulmuş «Xan qızı Natəvan»” bulağından gələn su Böyük Qayıdışımıza aydınlıq xeyir-duasıdır. Muğamlarımız əbəs yerə Azərbaycan xalqının milli sərvəti adlandırılmır. Muğam festivallarının İslam Mədəniyyətinin Paytaxtı elan olunan Bakıda keçirilməsini tarixi və önəmli hadisə adlandıran Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan xalqı əsrlər boyu bu gözəl sənəti öz həyatında uca tutmuş, qəlbində yaşatmışdır: «Nəsildən-nəslə keçən muğam sənəti bu gün də Azərbaycanda yaşayır, qorunur və inkişaf etdirilir. Azərbaycanı muğamsız, muğamı Azərbaycansız təsəvvür etmək mümkün deyil.» Azərbaycan xalqı, Şərq aləmi, eyni zamanda, bütün dünya musiqi ictimaiyyəti üçün dəyərli olan muğam sənətinin əbədiyaşarlığını qeyd edən, muğamın insanlara bəxş etdiyi mənəvi zövqün, zənginliyin, duyğuların heç nə ilə əvəz olunmadığını diqqətə çatdıran Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bildirdiyi kimi, muğam Azərbaycan xalqına xas olan ən gözəl xüsusiyyətlərin daşıyıcısıdır: «Torpağa, köklərə bağlılıq, vətənpərvərlik, milli ləyaqət hissi, qonaqpərvərlik, xeyirxahlıq, mərhəmət, emosional zənginlik - bütün bu hisslər muğam fəlsəfəsinin əsasındadır. Odur ki, desəm muğam gözəlliyin və məhəbbətin rəmzidir - səhv etmərəm”.» Mehriban xanım Əliyevanın təşəbbüsü ilə UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin inciləri siyahısına salınan muğam sənəti mədəniyyətimizin, tariximizin musiqi dili ilə yazılmış əlifbasıdır.
Dövlət başçısı İlham Əliyev bölgələrimizin turizm imkanlarından bəhs edərkən xarici qonaqların bu ərazilərə səfərləri zamanı daha dolğun məlumata malik olmaları üçün bütün zəruri addımların atılmasını qarşıya mühüm vəzifə kimi qoyur. Hər bir bölgədə aparılan bərpa-quruculuq işləri elə səviyyədə təşkil edilir ki, şəhərlərin, kənd və qəsəbələrin siması yenilənir, amma tarixi görünüşü qorunur.
Azərbaycan böyük turizm məkana çevrilib. Ölkəmizə gələn qonaqlar inkişafın belə yüksək səviyyədə olmasından, Azərbaycan xalqının tarixinə, milli-mənəvi dəyərlərinə bağlılıqlarından heyrətlərini gizlətmirlər. O da məlumdur ki, beynəlxalq aləmdə tarixi Zəfərimizi şərtləndirən amillərdən bəhs edərkən xalqımızın torpağa, Vətənə, tarixinə sevgisi xüsusi qeyd edilir.
Azərbaycan xalqı zəngin dövlətçilik tarixinə malik olan xalqdır. Xalqımızı dünya xalqları arasında fərqləndirən milli-mənəvi dəyərləridir ki, bunlar hər bir bölgəmizdə qorunur, yaddaşlara həkk olunur və gələcək nəsillərə çatdırılır. Ölkəmizə səfər edən xarici qonaqların tariximiz barədə zəngin məlumat əldə etmələri üçün bölgələrimizdə muzeylər yaradılır. Onu da xüsusi qeyd etməliyik ki, dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinə start verilən zaman qarşıya qoyduğu əsas vəzifələrdən biri məhəllələrdə erməni vəhşiliyini göstərən dağıntıların saxlanılması idi. Bunun Baş plana da salınması tələb edildi. Burada da məqsəd tariximizin bu səhifələrini unutmamaq, ölkəmizə səfər edən xarici qonaqlara, turistlərə erməni vandalizmi barədə dolğun məlumatlar verməklə yanaşı, bunları əyani şəkildə görmək imkanının yaradılması idi. Hər bir bölgəsinin tarixi simasının saxlanılmasına edilən çağırışlar da bu məqsədə xidmət edir. Bu ilin iyun ayında Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyasında video-formatda çıxış edən dövlət başçısı İlham Əliyev bu reallığı diqqətə çatdırmışdır ki, paytaxt Bakının tarixi simasını qorumaqla bərabər, biz onun infrastrukturunun yenidən qurulmasına və müasirləşdirilməsinə nail olmuşuq. Bakının və Azərbaycanın digər şəhərlərinin müasirləşdirilməsi və yenidən qurulması zamanı biz şəhərlərin inkişafı baxımından yeni imkanlar və təcrübə əldə etmişik. Ən gözəl şəhərlərdən biri hesab olunan Bakı misilsiz memarlığı, park və bulvarları ilə tarixi irs və müasirliyin ahəngliyini özündə birləşdirir. Dövlət başçısı bunu da bildirmişdir ki, Azərbaycan Ümumdünya Şəhər Forumunun növbəti sessiyalarının birinə ev sahibliyi etmək arzusundadır və buna hazırdır: «Əminəm ki, yüksək səviyyəli beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə böyük təcrübəyə malik ölkə olan Azərbaycanda Ümumdünya Şəhər Forumunun keçirilməsi uğurlu olacaqdır.»
Bu günlərdə Azərbaycan milli platformasını təqdim etdi. Ağdamda 44 ölkədən 130-dan çox nümayəndənin, ümumilikdə isə 400 nəfərdən çox iştirakçının qatıldığı Azərbaycan Milli Şəhərsalma Forumu ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında öz sözünü deyəcək. Ölkəmizdə ilk dəfə məhz Ağdam şəhərində keçirilən Azərbaycan Milli Şəhərsalma Forumu şəhərsalma sahəsində dünyanın müxtəlif ölkələrindən olan sahə mütəxəssislərinin təcrübələrinin bölüşülməsi və dayanıqlı inkişafın təmin edilməsi üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından da nadir və uğurlu platformadır. Ağdamın timsalında işğaldan azad edilmiş ərazilərdə erməni vəhşiliklərini görməyin mümkünlüyünü qeyd edən dövlət başçısı İlham Əliyev çıxışında yenə də diqqəti sökülən, dağıdılan tarixi və dini abidələrimizə yönəltmişdi: «Bütün binalar viran qoyulub və sökülüb, daşlar oğurlanıb və satılıb. Görə bilərsiniz ki, yarıdağılmış yeganə tikili Cümə məscidinin binası olub. Lakin onun keçmiş işğal altında olan ərazilərdə Ermənistanın dağıtdığı digər məscidlərlə birlikdə dağıdılmamasının səbəbi odur ki, onlar minarələrdən müşahidə üçün, Azərbaycan Silahlı Qüvvələrinin potensial hərəkətini görmək üçün istifadə edirdilər. Lakin bizdə Ağdam məscidinin təhqir olunmasına dair foto və video sübutlar var. Ermənilər məsciddə donuz və inək saxlayıblar. Azad etdiyimiz ərazilərdə yerləşən ümumilikdə 67 məsciddən 65-i tamamilə dağılıb. Onlardan 2-si – biri burada, digəri Şuşada yarımçıq sökülüb və təhqir olunub. Burada - Ağdamda gördüklərinizi Qarabağ ərazisində hər bir kənddə görə bilərsiniz.»
Göründüyü kimi, bütün hallarda milli sərvətimizin, tariximizin qorunması əsas çağırışlar sırasında yer alır. Azərbaycan hər zaman beynəlxalq aləmdə ənənələri olan ölkə kimi səciyyələndirilir, tarixinə bağlılığı yüksək dəyərləndirilir. Əbəs yerə deyilmir ki, tarixinə sahib çıxan xalq məğlubedilməzdir. Azərbaycan xalqı bunun ayrı-ayrı dövrlərdə təsdiq edib. MDB Dövlət Başçıları Şurasının iclasında bütün həqiqətləri faktlar əsasında diqqətə çatdıran cənab İlham Əliyev bildirdi ki, həmkarlarımı baş vermiş hadisələr haqqında məlumatlandırmağı zəruri hesab etdim: «Çünki baş verənlər barədə müxtəlif versiyalar dolaşır. İstədim ki, siz bizim versiyamızı və yeganə həqiqi versiyanı mənim özümdən eşidəsiniz.»
Yeganə Əliyeva, «İki sahil»
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası