16 oktyabr 2022 14:27
299

İşğal dövründə Ermənistan tərəfindən şəhərlərimiz və kəndlərimiz, mədəni və dini abidələrimiz dağıdılıb

13 oktyabr 2022-ci il tarixində Astanada Asiyada sülhün və təhlükəsizliyin təmin edilməsi məqsədilə yaranmış Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə Toplantısı olmuşdur. Zirvə Toplantısının 30-cu ildönümünə həsr edilmiş iclas Qazaxıstanın sədrliyi ilə baş tutmuşdur. Tədbirdə 11 dövlətin başçısı - Azərbaycanın, Türkiyənin, Rusiyanın, İranın, Özbəkistanın, Qırğızıstanın, İraqın, Fələstinin, Tacikistanın prezidentləri, Pakistanın Baş naziri, Qətərin Əmiri, eləcə də Vyetnamın vitse-prezidenti, Çin Xalq Respublikasının Sədrinin müavini və beş nazir, həmçinin AQEM-in dövlət müşahidəçisi olan Belarusun Prezidenti iştirak etmişlər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev plenar iclasda çıxış etmişdir. Ölkə başçısı iki il əvvəl olmuş Vətən müharibəsində qazanılmış Qələbəmiz barədə tədbir iştirakçılarına məlumat vermişdir. Bildirilmişdir ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsi müharibədə qazanılmış Zəfərin sayəsində təmin olunmuşdur. Azərbaycan müharbə yolu ilə 30 il davam edən Qarabağ münaqişəsinə son qoymuş və ədaləti bərpa etmişdir.

30 ilə yaxın davam edən işğal dövründə Ermənistan tərəfindən şəhərlərimiz və kəndlərimiz, mədəni və dini abidələrimiz, məscidlərimiz məqsədli şəkildə dağıdılmışdır. Məscidlərimizdən heyvan saxlamaq üçün tövlə kimi istifadə olunaraq təhqir və talan edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 30 il ərzində erməni cəmiyyətində bu cür vandalizmə qarşı heç bir etirazın eşidlmədiyini, əksinə, dağıntıların, erməni vandallarının və hərbi cinayətkarların təqdir edilməsinin və qəhrəmanlaşdırılmasının təəssüf doğurduğunu bildirmişdir.

Cənab Prezident Ermənistanın Azərbaycanın mülki əhalisinə və hərbçilərinə qarşı sistemli şəkildə müharibə cinayətləri törətdiyini, Birinci Qarabağ müharibəsindən bəri 3900-ə yaxın Azərbaycan vətəndaşının itkin sayıldığını, onların əksəriyyətinin işgəncələrə məruz qalaraq öldürüldüyünü və kütləvi məzarlıqlarda basdırıldıqlarını tədbir iştirakçılarının nəzərinə çatdırmışdır. Ölkə başçısı Ermənistan tərəfin Azərbaycana itkin düşənlərin taleyi və kütləvi məzarlıqların dəqiq yerləri barədə məlumat təqdim etməli olduqlarını bildirmişdir. İki ilə yaxın müddətdə bu məlumatı tələb edilməsinə baxmayaraq, Ermənistan hökuməti bunu Azərbaycanla bölüşməkdən imtina etmişdir. Azərbaycan tərəfi özü işğaldan azad edilmiş iki kənddə bu il kütləvi məzarlıqlar aşkar etdik.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bildirmişdir ki, “Ermənistan tərəfindən törədilmiş etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlının 30 il ərzində əziyyət çəkməsinə, misli görünməmiş vəhşiliyə, yüzlərlə şəhər və kəndimizin dağıdılmasına baxmayaraq, Azərbaycan Ermənistana qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünün tanınması əsasında sülh sazişi imzalamağı təklif edib”.

Bahar Məmmədova,
Bakı şəhəri, Xətai rayon İlqar Mirzəyev adına 98 №li tam orta məktəbin Təlim Tərbiyə İşləri üzrə direktor müavini,
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilat sədri