18 oktyabr 2022 11:22
536

Azərbaycan-Qırğızıstan əlaqələrinin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri mühüm rol oynayır

Oktyabrın 11-də Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana dövlət səfəri münasibətlərin gələcək inkişafı baxımından böyük əhəmiyyətə malikdir. Bu səfər  yarım il öncə imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə və qarşılıqlı münasibətləri keyfiyyətcə yeni səviyyəyə çıxarıb. Yarım il bundan əvvəl əldə edilən razılaşmaların çoxu artıq real siyasət sahəsinə ötürülür. Mədəni-humanitar, iqtisadiyyat, nəqliyyat, təhsil, yüksək texnologiyalar sahələri ilə bağlı geniş məsələlər ətraflı müzakirə olunub. Prezident İlham Əliyevin Bişkekdə mətbuata verdiyi bəyanatından nəticə çıxarmaq olur ki, nəticələrə hədəflənmiş iki ölkə arasındakı əməkdaşlıq nəzərdə tutulandan daha tez həyata keçir. Azərbaycan və qırğız xalqlarını tarixi dostluq əlaqələri birləşdirir. Böyük tarixə malik olan bu əlaqələr zaman-zaman inkişaf edərək özünün müasir inkişaf səviyyəsinə çatıb. Bu gün Azərbaycan-Qırğıstan əlaqələrinin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri mühüm rol oynayır. Prezidentlərin qarşılıqlı səfərləri onu göstərir ki, hər iki tərəf münasibətlərin dinamikasının artmasına böyük önəm verir. Dövlət başçımızın Qırğızıstana səfərinin gündəliyi kifayət qədər zəngin olub. Keçirilən görüşlərdə Prezidentlər dövlətlərarası münasibətlərin yüksək səviyyədə dəstəklənməsinə, mövcud və gələcək əməkdaşlıq üzrə bütün əlaqələri intensivləşdirməyə hazır olduqlarını bildiriblər. Azərbaycan və Qırğızıstan Prezidentləri iki ölkə arasında əmtəə dövriyyəsinin həcminin artırılmasının zəruriliyini gündəmə gətiriblər. Vurğulanıb ki, bunun üçün böyük potensial var.

Qırğızıstana dövlət səfəri və səfər zamanı Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun yaradılması barədə qərar mühüm əhəmiyyətə malikdir. Bu fond iki ölkə arasında investisiyaların cəlb edilməsi işinə, ticari-iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinə töhvə verəcəkdir. Bu gün Azərbaycan istər qonşu, istərsədə türk dövlətləri ilə beynəlxalq əlaqələrin qurulmasında mühüm addımlar atmışdır. Bütün bu uğurlar ölkə başçısı cənab İlham Əliyevin apardığı daxili və xarici siyasətin uğurlu nəticəsidir. İki ölkə arasındakı əməkdaşlıqdan danışarkən effektiv əməkdaşlığın konkret nümunələrinə diqqət çəkmək yerinə düşər. Azərbaycanın iki peyki – “Azersky” və “Azerspace-1” Qırğız tərəfdaşlarımıza xidmətlər göstərir. Nəqliyyat-tranzit sahəsində Çin-Qırğızıstan-Özbəkistan-Xəzər yeni dəmir yolunun tikintisinə və istismarına başlamaqla əmtəə dövriyyəsinin artması və yüklərin daşınmasının ucuzlaşması üçün imkanlar yaranacaq. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq səmimidir və qarşılıqlı dəstəyə əsaslanıb. Bişkekdə ən böyük məktəblərdən biri Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyevin adını, digər məktəb isə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyacaq. Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılması münasibətlərimizin perspektivliyini təmin edəcək. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa da Qırğızıstan şəhərləri ilə qardaşlaşacaq. Bir sözlə, Bakı və Bişkek qardaşlaşmış şəhərlərə çevriliblər. Azərbaycanla Qırğızıstan arasında beynəlxalq əməkdaşlığın ən səmərəli platformalarından biri Türk Dövlətləri Təşkilatıdır. Prezident İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclasındakı çıxışında bildirib ki, bu gün Türk dünyası yeni potensial əldə edir, həm Azərbaycan, həm də Qırğızıstan türkdilli dövlətlər arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə fəal töhfə verir. Türk Dövlətləri Təşkilatında əməkdaşlıq ölkələr arasında daha liberal ticarət rejimlərinin formalaşmasına imkan yaradacaq. Bütün bunlar o anlama gəlir ki, perspektivdə Türk dünyasında iqtisadi əlaqələr daha da dərinləşəcək. Qırğızıstan Prezidenti Sadır Japarov iki ölkə arasında siyasi əlaqələrlə yanaşı mədəni-humanitar sahədə də münasibətlərin inkişafından məmnunluğunu bildirib. O, bildirib ki,  Diplomatik münasibətlərimizin qurulmasının 30 illiyi ərəfəsində növbəti mərhələ kimi biz birgə İnkişaf Fondunun fəaliyyətinin sürətləndirilməsi, əməkdaşlığın inkişafı üçün beşillik kompleks proqramın imzalanması və 2023-cü ildə Azərbaycanda Qırğızıstanın Mədəniyyət Günlərinin, 2024-cü ildə isə Qırğızıstanda Azərbaycanın Mədəniyyət Günlərinin keçirilməsi barədə razılığa gəldik. Mədəniyyət günlərinin keçirilməsi tamaşaçılarımıza, dinləyicilərimizə ölkələrimizin zəngin mədəniyyəti ilə tanış olmağa, müxtəlif səviyyələrdə daha çox, daha sıx təmaslar qurmağa imkan verəcək.

Bu gün açıq dənizlərə çıxışı olmayan Azərbaycan artıq mühüm nəqliyyat şəbəkəsi yaradıb. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu Orta Dəhlizin bir hissəsi olacaq. Ələt ticarət limanının potensialı 15 milyon tondan 25 milyon tona qədər artacaqdır. Azərbaycandan çox böyük potensiala malik Şimal-Cənub dəhlizi də keçir. Artıq həm Cənub-Qərb, həm də Şimal-Qərb dəhlizlərinin potensialını genişləndirmək üçün imkanlar var.  O da faktıdr ki, Azərbaycan və Qırğızıstan strateji tərəfdaşlardır. Bəyannamə uğurla həyata keçir. Bununla da iki ölkə arasında imzalanan çoxsaylı sazişlər ikitərəfli məsələlərin səmərəli həllində, ölkələrarası münasibətlərin yaxşı məcrada gələcək inkişafında çox müsbət rol oynayacaq  və əlaqələrin daha da möhkəmlənməsinə  xidmət edəcəkdir.

Ayaz  Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri