Vətən Müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə atılan bütün addımların tarixi əhəmiyyəti var idi. Hər qarış torpağımızın azad edilməsi, hər bir kənddə, qəsəbədə, ən kiçik yüksəklikdə şanlı ordumuzun Azərbaycan bayrağını qaldırması ordumuzu və xalqımızı daha da güclü edirdi.
Nəzərə almalıyıq ki, işğaldan azad edilmiş rayonlarımızın hər birinin mühüm strateji əhəmiyyəti var idi. Bu baxımdan Füzuli rayonunun azad edilməsini xüsusi əhəmiyyət kəsb edir.
Füzuli şəhəri və rayonun böyük hissəsi 1993-cü il avqustun 23-də erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Sonradan Prezident Heydər Əliyevin rəhbərliyi ilə aparılmış hərbi əməliyyatlarla Azərbaycan Silahlı Qüvvələri rayonun 22 yaşayış məntəqəsini işğaldan azad etmişdi. Həmin vaxt işğaldan azad olunmuş ərazilərdə hazırda rayon əhalisinin 50 faizə qədəri yaşayır. Füzulinin azad olunması Ordumuzun Zəfər yürüşünə yol açdı və ona əlavə mənəvi güc verdi. Zəngin infrastruktura və tarixi abidələrə malik olmuş Füzuli rayonunda işğaldan əvvəl 2 şəhər, 16 qəsəbə, 82 kənd var idi. Füzuli rayonu tarixi-dini abidələrlə də zəngin idi. Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edildi. Füzuli uğrunda gedən döyüşlər İkinci Qarabağ müharibəsinin cənub-şərq cəbhəsində ən mühüm döyüşlərindən biri idi. Uğurlu Füzuli əməliyyatı ilə, həmçinin Cəbrayıl və Xocavənd rayonunun da bir sıra yaşayış məntəqələri Ordumuz tərəfindən azad edildi. Əlbəttə ki, Füzulinin azad edilməsi hərbçilərimizin böyük peşəkarlığı, məharəti və fədakarlığı sayəsində mümkün oldu. 30 il ərzində düşmənin təmas xəttində möhkəm istehkamlar qurmasına və hətta ən tanınmış hərbi mütəxəssislərin belə, Füzulini işğaldan azad etmək üçün aylarla vaxt lazım olacağı barədə proqnozlarına baxmayaraq, qəhrəman Azərbaycan Ordusu mümkünsüzü mümkünə çevirdi.
Ordumuzun cəsurluğu və ruh yüksəkliyi qarşısında düşmən Füzuli uğrunda döyüşlərin son mərhələsində silahlarını yerə atıb qaçdı. Bu döyüşlərdə Ordumuzun göstərdiyi şücaətə verilən yüksək önəmin təzahürü olaraq ölkəmizdə “Füzulinin azad olunmasına görə” medalı təsis edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda döyüşlərdə iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş 25167 hərbi qulluqçumuz “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub.
Bu gün xalqımız ikiqat qürurludur, indi Füzuli həm azaddır, həm də Füzuliyə yeni nəfəs gəlib. Bu gün o torpaqların hər qarışı bərpa olunur, o torpaqlarda yenidən həyat canlanır.
Sübhan Ərəbi,
YAP-ın gənc fəalı
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası