Azərbaycanın iri yaşayış məskənlərindən olan Füzulinin əsası 1827-ci ildə qoyulmuşdur. Rayon mərkəzi Qaryagin qəsəbəsi olmaqla, Qozluçay, Köndələnçay, Araz boyu və Füzuli-Ağdam magistral yolunun hər iki ətrafında olan kəndləri əhatə etmişdir. 1959-cu ildə böyük şairimiz Məhəmməd Füzulinin 400 illik yubileyi münasibətilə rayonun adı dəyişdirilərək, Füzuli rayonu adlandırılmışdır.
Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. 5 yanvar 1994-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdur. Qələbə ilə bitən bu hərbi əməliyyatlara Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevin əmri ilə başlanmışdır. O zaman işğaldan azad olunmuş ərazilərdə hazırda rayon əhalisinin 50%-ə qədəri yaşayır. Ermənistanın silahlı qüvvələri ilə mübarizədə rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 657 nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkin düşmüşdür.
Ermənistanın təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin komandanlığı ilə 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilmişdir. Bu döyüşlərdə Füzuli rayonundan 80 nəfərədək sakin şəhid olmuş, 300 nəfərədək sakin yaralanmışdır. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub. Füzulinin işğaldan azad edilməsi düşmənin müqavimətini qırdı. Bura azad edildikdən sonra Azərbaycanın incisi olan Şuşa istiqamətinə irəliləmək üçün daha böyük imkanlar yarandı. Füzuli şəhərinin strateji əhəmiyyəti də böyükdür. Düşmən işğal dövründə ən çox bu istiqamətdə möhkəmlənmişdi. Təsadüfi deyil ki, buranın azad olunandan sonra Ermənistan ordusunda fərarilik halları daha geniş vüsət aldı. Bu əməliyyat sayəsində həmçinin Cəbrayıl və Xocavənd rayonunun bir sıra yaşayış məntəqələri, Zəngilan, bir neçə gün sonra Qubadlı, Laçın dəhlizi azad edildi və müharibənin taleyi həll edildi.
İşğaldan azad edilmiş bütün torpaqlarda həyat bərpa olunacaq, insanlar öz evlərinə, doğma kəndlərinə, evlərinə geri qayıdacaqlar. Ötən bir il ərzində şəhər və kəndlərimizin bərpası ilə bağlı böyük işlər görülüb. Füzuli şəhərinin baş planı, kəndlərin inkişaf konsepsiyası hazırlanıbdır. Birinci infrastruktur layihələri də məhz Füzulidə başlamışdır. Cəmi 8 ay ərzində Füzuli Beynəlxalq Hava Limanı inşa edilib ki, bu da dünya praktikasında, dünya tarixində minalanmış ərazidə belə qısa müddətə hazır olan, bəlkə də, ilk hava limanıdır. Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərində məskunlaşmış əhalinin elektrik enerjisi, su, qaz, yol və digər məişət qayğıları tam ödənilmişdir. Görülən işlər, həyata keçirilən tədbirlər əhalinin əhval-ruhiyyəsini yüksəldir, onları bütün sahələrdə uğurlar qazanmağa ruhlandırır.
Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası