17 oktyabr 2022 10:56
417

Füzuli şəhərinin düşmənin tapdağından azad edilməsi böyük qələbəni daha da yaxın etdi

Azərbaycan ordusunun şanlı Zəfəri nəticəsində işğaldan azad edilmiş ərazilərimizdən biri də Füzuli şəhəri və ətraf kəndlərimizdir. Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. 5 yanvar 1994-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdur. Qələbə ilə bitən bu hərbi əməliyyatlara Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevin əmri ilə başlanmışdır. Ermənistanın təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin komandanlığı ilə 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilmişdir.  Füzuli əməliyyatı Azərbaycan Ordusunun Vətən müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub. Füzuli Vətən müharibəsinin ilk günündən son gününədək ərazisi uğrunda döyüşlərin gərgin aparıldığı rayonlardandır. Müzəffər Ali Baş Komandanın xilaskarlıq missiyası nəticəsində 44 gün ərzində Füzulinin şəhər mərkəzi ilə yanaşı, 53 kəndi erməni işğalından azad edilib. Oktyabrın 17-də Füzuli şəhərinin azad edilməsi isə Azərbaycan Ordusunun cəbhənin cənub istiqamətləri üzrə irəliləməsi üçün daha geniş imkanlar yaratdı.

Azərbaycan ordusu hətta mümkünsüz hesab olunan vəzifələrin öhdəsindən gəldi. Müzəffər Azərbaycan ordusu şərəfli missiyanın öhdəsindən gələ bildi. Qısa müddət ərzində Füzuli rayonunun əksər kəndləri və Füzuli şəhəri düşmənin tapdağından azad edilməsi böyük qələbəni xalqa daha da yaxın etdi. Strateji məntəqə və yüksəklikləri əldən edən Azərbaycan ordusu Ermənistanın hərbi-texniki potensialını böyük dərəcədə sıradan çıxara bilib. Ötən günlər ərzində məhv edilmiş və qənimət kimi götürülmüş texnikanın qiyməti təqribən 2 milyard dollar səviyyəsindədir.

Füzulinin azad edilməsi Vətən müharibəsinin gedişatında strateji əhəmiyyət kəsb edirdi. Azərbaycan Ordusu peşəkarlığı və mərdliyi ilə düşməni qorxuya salmışdı. Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur.

Artıq Qarabağın bütün ərazisində olduğu kimi Füzulidə də bərpa işləri həyata keçirilir. Müzəffər Ali Baş Komandan İlham Əliyev azad olunmuş Füzuliyə səfərləri çərçivəsində Azərbaycan bayrağını qaldırıb, Füzuli-Şuşa avtomobil yolunun – “Zəfər yolu”nun təməlini qoyub, o cümlədən Füzuli Beynəlxalq Hava Limanının, Horadiz-Ağbənd dəmir yolu xəttinin, Füzuli-Hadrut avtomobil yolunun təməlini atıb, Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarında yaradılan şəraitlə tanışlıq və “Füzuli” yarımstansiyasının açılışı olub. Əlavə olaraq dağıntı və ziyanın müəyyənləşdirilməsi üçün İşçi Qrup tərəfindən qiymətləndirmə işləri aparılır. Erməni hərbi birləşmələrinin təxribatı nəticəsində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, habelə sahibkarlıq subyektlərinə dəyən ziyanın qiymətləndirilməsi üçün bütün lazımi tədbirlər görülür. 

Münaqişə artıq başa çatmış, tarixə çevrilmişdir. Bu gün bizim yaşadığımız bu tarix olduğu kimi, təhrif olunmadan xalqın yaddaşında qalmalı, gələcək nəsillərə çatdırılmalıdır. 

Səba Rzayeva,
YAP-ın gənc fəalı