17 oktyabr 2022 12:50
802

Tarixi dini abidələrimizə qarşı erməni vandalizmi

Ermənistan silahlı qüvvələrinin 30 ilə yaxın  işğal altında saxladığı Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı rayonlar şanlı Azərbaycan Ordusu tərəfindən işğalçılardan təmizləndikcə xalqımıza məxsus tarix və mədəniyyət abidələrinin vandalizmə məruz qaldığı, yerlə-yeksan edildiyi, bir qisminə isə toxunulmadığı, saxtalaşdırılaraq erməniləşdirildiyi ortaya çıxır. Elə bu günlərdə işğaldan azad edilmiş Qarabağ ərazisində ermənilərin “saxta tarix” istehsal edən müəssisəsi aşkar olunub. Belə ki, ermənilər həmin sexdə tarixi abidələr, daşlar üzərində iş aparır, yeni metodlarla qədim abidələr düzəldirmişlər.Erməni vandalizmi sərhəd tanımır, bu proses xalqın qədim tarixi abidələrinin, mədəniyyət nümunələrinin dağıdılmasına yönəlib. Azərbaycan Prezidenti İlham Əliyev Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısında çıxışı zamanı deyib. “Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısında çıxışı zamanı deyib. Dövlət başçısı bildirib ki, Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğal zamanı şəhərlərimiz və kəndlərimiz, mədəni və dini abidələrimiz, məscidlərimiz məqsədli şəkildə dağıdılıb, təhqir və talan edilib: “Hətta məscidlərdən heyvan saxlamaq üçün tövlə kimi istifadə olunurdu.Təəssüf ki, 30 il ərzində biz erməni cəmiyyətinin bu cür vandalizmə qarşı heç bir etirazını eşitmədik, əksinə, hətta bu dağıntılar, erməni vandallar və hərbi cinayətkarlar təqdir edilir və qəhrəmanlaşdırılırdı.Ermənistan Azərbaycanın mülki əhalisinə və hərbçilərinə qarşı sistemli şəkildə müharibə cinayətləri törədib.

Birinci Qarabağ müharibəsindən bəri 3900-ə yaxın Azərbaycan vətəndaşı itkin sayılır. Onların əksəriyyəti işgəncələrə məruz qalıb, öldürülüb və kütləvi məzarlıqlarda basdırılıb. Biz işğaldan azad edilmiş iki kənddə bu il kütləvi məzarlıqlar aşkar etdik.Xalqımız Ermənistan tərəfindən xüsusi əhəmiyyətə malik unikal abidələrə bu cür barbarcasına münasibəti dünya irsinə qarşı yönələn təhdid kimi dəyərləndirir. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə yerləşən yaşayış evləri, təhsil, sənaye və kənd təsərrüfatı obyektləri ilə yanaşı, yüzlərlə mədəniyyət müəssisəsi, o cümlədən 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət evi, 85 musiqi və rəssamlıq məktəbi dağıdılıb. Bununla yanaşı, 100 mindən çox eksponatın toplandığı 22 muzey və muzey filialı, 4 rəsm qalereyası, 4 teatr müəssisəsi, 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı erməni vandalizminin qurbanı olub.Bundan başqa, Qarabağ münaqişəsinə qədər dövlət qeydiyyatına alınan 700-dən çox tarix və mədəniyyət abidəsi, o cümlədən Cəbrayıl rayonunda 11 və 15 aşırımlı Xudafərin körpüləri, Kəlbəcər rayonunda Gəncəsar və Xudavənd məbədləri, Ağdam rayonunun Xaçın Türbətli kəndində məqbərə, Füzuli rayonu ərazisində dünyanın ən qədim sakinlərinin yaşayış məskənlərindən biri - Azıx mağarası, Şuşa Dövlət Tarix Memarlıq Qoruğu talan edilib. Ermənistan silahlı qüvvələri tərəfindən viran və talan edilən Ağdam, Cəbrayıl və Füzuli şəhərlərinin bugünkü görünüşləri bütün deyilənlərin sübutudur.

Bədiyyə Sadıqova ,
YAP-ın gənc fəalı