17 oktyabr tarixində Füzuli düşmən işğalından azad edilmişdir
İki il bundan öncə Vətən Müharibəsinin davam etdiyi günlərdə, 17 oktyabr 2020-ci il tarixində cənab Prezident xalqa müraciətində xalqımızı təbrik edərək Füzuli şəhərinin erməni işğalçlarından azad edilməsi müjdəsini vermişdi. Həmin vaxt çıxışında cənab Prezident bildirmişdir ki, bu gün tarixi bir gündür, on yeddi oktyabr nəinki füzulililərin xatirəsində, Azərbaycan dövlətinin tarixində əbədi qalacaqdır. Budur, biz artıq möhtəşəm qələbəmizlə başa çatan Vətən Müharibəsinin ardından həmin əbədi tarixin, 17 oktyabr –Füzulinin düşmən işğalından azad olunmasının ikinci il dönümünü qeyd edirik.
Dünyaşöhrətli şairimiz Məhəmməd Füzulinin adını daşıyan Füzuli rayonu işğaldan öncə 140 min nəfərdən çox əhalisi ilə ölkəmizin ən qədim yaşayış məntəqələrindən biri idi. Füzuli həm də tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin rayonumuz idi. Hələ 1994-cü ilin yanvar ayında, atəşkəsə dair Bişkek protokolu imzalanmamışdan əvvəl, işğalla heç vaxt barışmayacağını bütün dünyaya bəyan edən Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində Füzuli rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuş, o cümlədən, Horadiz qəsəbəsi də həmin vaxt düşməndən azad edilmişdi. Azad edilmiş kəndlər və Horadiz qəsəbəsi abadlaşdırlmış və Fizuli əhalisinin demək olar ki, yarısı həmin ərazilərdə məskunlaşdırılmışdı.
Sonrakı hadisələr artıq hamıya bəllidir: silahlı münaqişənin dayandırılması üçün atəşkəsin imzalanması və daha sonra münaqişənin sülh yolu ilə həll edilməsi üçün səbrlə gözlənilən 30 il... Bu 30 il, nəinki işğal olunmuş torpalqarımızın Azərbaycana qaytarılması ilə nəticələnmədi, əksinə cəzasızlıq düşmənin daha da azğınlaşmasına, sərhəddə atəşkəsin pozulması və təxribatlara əl atmasına, hətta yeni ərazi iddialarına düşməsinə gətirib çıxardı. Sonda Ermənistanın təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə erməni təcavüzünün qarşısını almaq üçün 27 sentyabr tarixində başlayan Vətən müharibəsi bizi həm Füzuliyə, həm də işğal altında qalmış digər rayonlarımıza qovuşdurdu.
Vətən Müharibəsi zamanı Füzuli əməliyyatı Azərbaycan Ordusunun cənub-şərq cəbhəsində apardığı ən əhəmiyyətli döyüşlərdən biri olub. Füzuli uğrunda aparılmış döyüşlər həm də müharibənin ən ağır döyüşlərindən biri idi. Çünki 30 il ərzində düşmən təmas xəttində möhkəm istehkamlar qurmuşdu, ən nikbin hərbi analitiklər də deyə bilərdi ki, 30 il ərzində qurulmuş müdafiə xətlərini yarmaq üçün ən azı bir neçə ay vaxt lazımdır. Lakin qələbə əzmli Ali Baş Komandan və onun Müzəffər Ordusu müharibənin başlamasından bir ay keçməmiş onlarla kəndin, Cəbrayıl rayonun azad edilməsinin ardından Füzulini də düşmən işğalından azad etdi. Hərbi-coğrafi nöqteyi-nəzərdən də Füzulinin azad edilməsi bizə növbəti strateji üstünlük, həmçinin mənəvi güc vermişdir.
Əlbəttə, Füzuli əməliyyatındakı bu qələbələr bizə itkisiz başa gəlməmişdi. Onlarla hərbçimiz Füzuli uğrunda gedən döyüşlərdə həlak olmuş, şəhidlik zirvəsinə yüksəlmiş və ya müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Şəhidlərimizə Allahdan rəhmət diləyir, xatirələrini böyük ehtiramla anırıq. Şəhidlərimizə və qazilərimizə göstərilmiş ən böyük diqqət onların dövlət səviyyəsində təltif edilməsi olmuşdur. 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edilmişdi. Prezident İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25301 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Bu gün artıq Füzuli “Böyük Qayıdış”ın bir hissəsi kimi öz dirçəliş, bərpa dövrünə qədəm qoyub. Cənab Prezident iki il ərzində Füzuliyə 9 səfər edib. Elə təkcə cəmi iki il ərzində cənab Prezidentin Füzuliyə səfərlərinin sayı rayonun bərpa və yenidənqurmasına göstərilən böyük dövlət diqqəti və qayğısının göstəricisidir. Füzuli şəhərinin Baş planı təsdiq olunub, rayonda çoxsaylı avtomobil yollarının, xəstəxananın, Peşə Liseyinin, “Ağıllı kənd” və çox mənzilli yaşayış məhəlləsinin və digər obyektlərin təməli qoyulub. Cəmi 8 ay ərzində inşa olunmuş “Qarabağın hava qapısı” adlandırılan Füzuli Beynəlxalq Hava Limanını isə “Böyük Qayıdış”ın simvollarından biri hesab edə bilərik. Fizuli beynəlxalq hava limanının açılışında qardaş Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan da iştirak edərək sevincimizi bizimlə bölüşmüş və bütün dünyaya Azərbaycanla birlik, həmrəylik mesajları vermişdi. Cənab Prezidentin Füzuliyə son səfəri isə bütün şəhidlərimizə dərin ehtiram əlaməti olan 27 sentyabr-Anım Günündə baş tutmuş və cənab Prezident Füzulinin Qaraxanbəyli kəndi yaxınlığında şəhidlərimizin şərəfinə ucadılmış xatirə lövhəsinin açılışını etmişdir.
Füzulinin bərpasından danışarkən bir faktı da qeyd edək ki, Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur, rayonda yüz mindən çox mina basdırılıb. Füzulililər və bütün xalqımız əmin olsun ki, Erməni təxribatı nəticəsində həm mülki əhaliyə, dövlət əmlakına, həm də tarixi abidələrə, təbiətə dəyən ziyanın qiymətləndirilməsi üçün dövlət səviyyəsində bütün lazımi tədbirlər görüləcək və erməni vandalizminə adekvat qiymət veriləcəkdir.
Ziyafət Əsgərov,
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası