16 oktyabr 2022 15:51
741

Dövlət başçımızın Astanada Zirvə Toplantısındakı çıxışı ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) 28 dövləti özündə birləşdirən nüfuzlu təşkilatdır. Cari ilin 13 oktyabr tarixində təşkilatın Qazaxıstanın sədrliyi ilə Astanada keçirilən 6-cı Zirvə Toplantısında 11 dövlət başçısının iştirakı bu təşkilatın mötəbərliyindən xəbər verir.

Prezident İlham Əliyev Zirvə toplantısındakı çıxışında Ermənistanın işğal müddətində Azərbaycan ərazisində törətdiyi vəhşiliklər, müharibədən sonrakı erməni təxribatları, eləcə də dünya siyasətində Azərbaycan dövlətinin haqlı mövqeyi barədə ətraflı məlumat verdi. Dövlət başçımızın çıxışı  eyni zamanda Azərbaycan torpaqlarının işğalı zamanı, müharibə və postmüharibə dövründə ölkəmizə qarşı ədalətsiz mövqe nümayiş etdirən dövlətlərə bir cavab mesajı idi.

İkinci Qarabağ müharibəsində qazanılmış möhtəşəm Qələbə nəticəsində iki il əvvəl Azərbaycan öz torpaqlarını Ermənistan işğalından azad etdi. Şanlı ordumuz 30 il davam edən Qarabağ münaqişəsinə son qoydu, ədaləti bərpa etdi. Beləliklə, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinin icrasını özü təmin etdi.

İşğal dövründə ermənilər Azərbaycan torpaqlarında 1 milyondan çox mina basdırıblar. Bu gün də Ermənistan hərbi cinayətlərini davam etdirir, minalanmış ərazilərin dəqiq xəritələrini hələ də Azərbaycan tərəfinə verməyib. Postmüharibə dövründə minaların partlaması nəticəsində 250 nəfər Azərbaycan vətəndaşı həlak olmuş və ya ağır yaralanmışdır.

Azərbaycan müharibə bitəndən dərhal sonra Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq və bərpa işlərinə başladı. Artıq “Böyük Qayıdış” proqramının icrasına başlanmışdır. Keçmiş məcburi köçkünlərin doğma yurd yerlərinə qayıtmaları prosesi uğurla həyata keçirilir.

Müharibənin başa çatmasına baxmayaraq, Ermənistan öz revanşist hərəkətlərindən əl çəkmir. Bu ilin sentyabr ayında işğalçı dövlət növbəti dəfə Azərbaycana qarşı hərbi təxribat törətdi. Rəşadətli Azərbaycan Ordusu ermənilərin hərbi təxribatının qarşısını almaq üçün əks-hücum əməliyyatı həyata keçirdi. Dövlət başçımızın qeyd etdiyi kimi, baş vermiş bu hərbi təxribata görə Ermənistanın hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır.

30 illik işğal zamanı Ermənistanın şəhər və kəndlərimizi dağıtmasına, misli görünməmiş vəhşiliklər törətməsinə baxmayaraq, Azərbaycan bu işğalçı dövlətə sülh müqaviləsi imzalamağı təklif edir. Bu, bütün dünyaya Azərbaycan dövlətinin və xalqının nə qədər humanist və sülhsevər olduğunu nümayiş etdirir. İqtisadi cəhətdən güclü bir dövlət olaraq, Azərbaycan öz ərazisində beynəlxalq əhəmiyyətli layihələr həyata keçirir. Ölkəmiz Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizinin inkişafına böyük töhfə verir. Azərbaycan Orta Dəhlizin əsas və önəmli hissəsini təşkil edən Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə dəstəkləyir. Bu dəhliz region dövlətləri ilə yanaşı, dünya ölkələrinin iqtisadi inkişafı üçün çox önəmlidir.

Prezident İlham Əliyev iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə olduğu kimi, Astanada keçirilən Zirvə Toplantısında da Azərbaycanın milli maraqlarına xidmət edən fəaliyyəti ilə yaddaşlarda qalacaq.

Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri