15 oktyabr 2022 10:29
828

Ölkəmiz əhalinin rifah səviyəsinə görə dünyanın ən qabaqcıl ölkələri siyahısında yer alır

Hər bir dövlətin əsas vəzifələrindən biri əhalinin sosial müdafiəsini təşkil etmək, maddi nemətlərin ədalətli bölgüsünə nail olmaqdan, daxili siyasətin sosialyönümlüyünü ön planda saxlamaqdan, vətəndaşların sosial rifah halını yaxşılaşdırmaqdan ibarətdir.Azərbaycanda da dövlət daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət yürüdür.Xüsusilə də şəhid ailələri və Qarabağ müharibəsi əlilləri, onların ailə üzvləri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar. Bu kateqoriyaya aid olan insanlara mənzil və avtomobillər verilir, güzəşt və müxtəlif kompensasiyalarla təmin edilirlər.  Azərbaycan bundan sonra da bu yolla gedəcək.Təbii ki, uğurlu iqtisadi islahatlar əlavə gəlirlərin həcmini artırmaqla insanların sosial-iqtisadi rifahının yüksəldilməsinə, kompleks sosial paketlərin həyata keçirilməsinə imkan verir. Bu da bir daha göstərir ki, dövlət idarəetməsində, genişmiqyaslı islahatların həyata keçirilməsinin mərkəzində insan amili, sosial rifahın yüksəldilməsi dayanır. Prezident İlham Əliyev sosial sahə ilə bağlı həyata keçirilən dövlət siyasətini dəyərləndirərkən gələcəkdə bu sahədə daha böyük artımların olacağının anonsunu da verib: "Biz minimum əməkhaqqını, minimum pensiyanı artırırıq. Ancaq daha da artırılmalıdır və artırılacaq. Hazırda iqtisadi vəziyyətimiz də, maliyyə vəziyyətimiz də yaxşıdır. Biz əlavə əldə edilmiş bütün gəlirləri vətəndaşların sosial müdafiəsinə yönəldəcəyik”.

Azərbaycan Prezidentinin elə bir vədi yoxdur ki, reallaşmasın. Verdiyi hər bir vədinə sadiq olan lider kimi tanınan cənab İlham Əliyev həyata keçirdiyi böyük islahatlarla bir daha göstərir ki, siyasətinin mərkəzində Azərbaycan vətəndaşının maraqları dayanır. Bu siyasət uğurla davam edir və xalq-prezident birliyini getdikcə daha da möhkəmləndirir. Ölkəmizdə sosial müdafiə sistemində aparılan islahatlar xalqın rifahının yaxşılaşmasına xidmət edir. Bu istiqamətdə ardıcıl addımlar atılır. Əhalinin həssas qrupları ilə bağlı imzalanan Sərəncam və fərmanlar 2 milyona qədər əhalini əhatə edib, 2 milyard manat vəsait ayrılıb. Son Sərəncam və fərmanlar, ümumilikdə iki paket sənədlər qrupu 2 milyon nəfərə qədər insanın gəlirlərinin artmasına xidmət edəcək. Göründüyü kimi, dövlətin həyata keçirdiyi iqtisadi inkişaf tədbirləri sistemli hal alır. Bütün bunlar həm də təsdiq edir ki, ölkədə həyata keçirilən siyasətin mərkəzində iqtisadi inkişaf və insan amili durur.

Bunlar Azərbaycanın həm də sosial-rifah dövlətinə çevrilməsi yolunda ən mühüm addımlardan birini təşkil edir. Ölkəmizin, ölkə rəhbərimizin baş hədəflərindən biri məhz Azərbaycanın sosial-rifah dövlətinə çevrilməsidir. Bu istiqamətdə də çox önəmli addımlar atılmaqdadır və bunlar da nəticə etibarı ilə Azərbaycanı əsl sosial-rifah dövlətinə çevirəcəkdir və bunun gələcəyi çox yaxındadır.

Rza Eyvazlı,
YAP-ın gənc fəalı