15 oktyabr 2022 12:30
721

Əldə olunmuş möhtəşəm qələbə Azərbaycan tarixinin qəhrəmanlıq səhifələrindən biridir

2020-ci il dövlətçilik tariximizə qızıl hərflərlə yazıldı, Zəfər ili kimi həkk olundu. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz işğalçı Ermənistan üzərində möhtəşəm Qələbə qazandı, beləliklə xalqımızın 30 illik həsrətinə son qoyuldu. Ali Baş Komandanımızın düşünülmüş strategiyası, siyasi iradəsi və qətiyyəti sayəsində ordu ilə xalqın sarsılmaz birliyi təmin olunaraq qazanılan tarixi Zəfərdən sonra qərinələr keçəcək, illər ötəcək, tarix isə bu şanlı Qələbəni xalqımızın taleyinin ən parlaq səhifəsi kimi heç vaxt unutmayacaq. Tarix boyu Azərbaycan çox şərəfli anlar yaşamış, xalqımızın qüruruna səbəb olan hadisələr baş vermişdir. Ancaq  torpaqlarımızın işğaldan azad edilməsi dövlətçilik tarixində xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan xalqı 30 ildə yorulmadan, dövlətini möhkəmləndirərək bu möhtəşəm Qələbə xəbərini səbirsizliklə gözləyirdi. Uzun illərdən bəri dərin intizarla gözlədiyimiz bu Qələbə, eyni zamanda, Azərbaycanın erməni işğalçıları tərəfindən pozulan ərazi bütövlüyünün bərpasının təsdiqidir. Vətən müharibəsində qələbənin əldə olunması Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində apardığı ardıcıl, qətiyyətli diplomatik mübarizə ilə sıx şəkildə bağlıdır. Ötən illər ərzində Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsi və milli maraqlarının təmin olunması sahəsində Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu ölkəmizə beynəlxalq aləmdə çoxlu dost dövlətlər və etibarlı tərəfdaşlar qazandırıb.

Azərbaycanın Cənubi Qafqazın aparıcı dövləti kimi dünya birliyində mövqeyi daha da möhkəmlənib. Digər ölkələrin suverenliyinə, ərazi bütövlüyünə və daxili işlərinə qarışmamaq Prezident İlham Əliyevin siyasətinin əsas prinsiplərindən birini təşkil edir. Bu siyasətin nəticəsində ölkəmizlə dünya dövlətləri arasında qarşılıqlı faydalı və bərabərhüquqlu əməkdaşlıq möhkəmlənir, Azərbaycan vətəndaşlarının firavan və təhlükəsiz şəraitdə yaşayışı təmin olunur. son illər ərzində ölkəmizin əldə etdiyi nailiyyətlər və beynəlxalq arenadakı böyük nüfuzu, xalq-iqtidar birliyi, xüsusilə ordu quruculuğu sahəsində görülmüş işlər Azərbaycanın Vətən müharibəsində qələbəsini şərtləndirən vacib faktorlardır. Xalqımız 30 ilə yaxındır işğal altında olan torpaqlarımızın azad olunmasını, tarixi ədalətin və ölkəmizin ərazi bütövlüyünün bərpasını böyük sevinc hissi ilə qeyd edir.

Bu qələbə ilə Azərbaycan bütün dünyaya öz gücünü və haqq-ədalət uğrunda qətiyyətli mübarizəsini nümayiş etdirdi. Ali Baş Komandan İlham Əliyevin müdrikliyi, Milli Ordumuzun gücü, cəmiyyətdəki vətəndaş həmrəyliyi nəticəsində əldə olunmuş möhtəşəm qələbə Azərbaycan tarixinin qəhrəmanlıq səhifələrindən biridir. Xalqımız bu şanlı qələbəni böyük səbirsizliklə gözləyirdi və hər birimiz üçün müqəddəs sayılan torpaqlarımızın azad olunması sübut etdi ki, Azərbaycan əsgəri Vətənimizin hər qarış torpağı uğrunda canından keçməyə hazırdır.

Ayşən Qasımova,
YAP-ın gənc fəalı