Füzuli rayonu 1827-ci ildə yaranmış və ilk əvvəl rayonun adı Qaryagin olmuşdur.Görkəmli şair Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Füzuli rayonu adlandırılmışdır. Füzuli rayonunun ərazisi 1386 km², əhalisi isə təxminən 144 min nəfərdir.Rayon ərazisində axan Quruçay ,Köndələnçay, Qozluçay ,Çərəkən çayları Araz hövzəsinin çaylarıdır. Rayon XX əsrin 70-ci ilindən böyük inkişaf yolu keçmiş, müasir kənd təsərrüfatı rayonuna çevrilmişdir.İşğaldan əvvəl rayonda pambıqtəmizləmə ,yağ-pendir və dəmir-beton məmulatı zavodları ,toxuculuq fabriki, daş karxanası ,dram teatrı, mədəniyyət evi, mərkəzi rayon xəstəxanası ,kütləvi kitabxana var idi. Üzümçülük ,taxılçılıq ,ipəkçilik və heyvandarlıq kənd təsərrüfatında əsas inkişaf sahələri olmuşdur.
Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi olmuşdur. Bu abidələr sırasına rayonun Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni, XIX əsrin Cəlil türbəsini, Aşağı Aybasanlı kəndində XVIII əsr İbrahim turbəsini aid etmək olar.
İşğaldan əvvəl rayonda 86 ümumtəhsil və iki texniki peşə məktəbi ,65 məktəbəqədər uşaq bağçası ,90 kitabxana ,79 klub müəssisəsi ,1 tarixi diyarşünaslıq muzeyi ,9 musiqi məktəbi ,7 xəstəxana ,16 həkim məntəqəsi ,9 feldşer- mama məntəqəsi fəaliyyət göstərirdi. Füzuli rayonu 23 avqust 1993-cü ildə tam işğal olunmuşdur. 1994 –cü ilin yanvarında Füzuli rayonunun 22 yaşayış məntəqəsi Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuşdur və həmin ərazilərdə 1997-ci ildən başlayaraq yeni iqtisadi islahat həyata keçirilməyə başlanılmış ,kəndlilərə torpaq paylanılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 17 oktyabr 2020-ci il tarixində xalqa etdiyi müraciətində Füzuli rayonunun Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhərinin Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmasını elan etdi.
Azərbaycan Ordusunun peşəkarlığı və mərdliyi qarşısında qorxuya düşən düşmən Füzuli uğrunda döyüşlərin son mərhələsində silahlarını yerə atıb qaçdı. Füzulinin azad edilməsi hərbçilərimizin böyük peşəkarlığı, məharəti və fədakarlığı sayəsində mümkün oldu. Bu döyüşlərdə Ordumuzun göstərdiyi şücaətə verilən yüksək önəmin təzahürü olaraq ölkəmizdə “Füzulinin azad olunmasına görə” medalı təsis edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda döyüşlərdə iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş 25167 hərbi qulluqçumuz “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub. Bu gün işğaldan azad edilmiş digər ərazilərimiz kimi, Füzulidə də bərpa və quruculuq işləri gedir. Tezliklə Füzuli rayonu da ən qısa müddətdə bərpa ediləcək və öz sakinləri ilə firavan günlərinə qovuşacaq.
Gülnaz Mehdiyev,
Bakı şəhəri, 58 nömrəli tam orta məktəbdə laborant
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası