Azərbaycan ilə Qırğızıstanı ortaq dəyərlər və strateji hədəflər birləşdirir
Dövlətimizin başçısı İlham Əliyevin Qırğız Respublikasına səfəri ictimai rəydə rəğbətlə qarşılanıb. Hazırda ölkəmiz Orta Asiyanın türk dövlətləri ilə geniş əlaqələrə malikdir.
Qazaxıstan, Özbəkistan və Türkmənistanla münasibətlər məzmunca çoxşaxəli olması ilə yanaşı, həm də milli-mənəvi maraqlara bağlılığı ilə seçilir. Bunun da əsas səbəbi bu dövlətlərin xalqları ilə ortaq milli-mənəvi dəyərləri bölüşməyimizdir. Bütün türk dövlətləri ilə əməkdaşlığın daim inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərindən biridir.
Azərbaycan və Qırğızıstanla ildən-ilə inkişaf edən münasibətlər hazırda iki ölkə arasında strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Cari il aprelin 20-də Qırğızıstan Prezidenti Sadır Japarov ölkəmizdə rəsmi səfərdə olub. Səfər zamanı “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə” imzalanıb.
2022-ci il oktyabrın 11-də Prezident İlham Əliyev Qırğız Respublikasına dövlət səfəri çərçivəsində ikitərəfli danışıqlar aparıb, həmçinin Dövlətlərarası Şuranın I iclasında iştirak edib. Daha sonra Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərəsimi olub. Prezidentlər mətbuata bəyanatlarla çıxışlar ediblər. Azərbaycan Prezidentinin iştirakı ilə Qırğızıstan-Azərbaycan Dostluq Parkının, habelə Heydər Əliyev və Nizami Gəncəvi adına ümumtəhsil məktəbinin açılışı olub.
Hazırda Qırğızıstanda təxminən 20 mindən çox azərbaycanlı yaşayır. Onların əksəriyyəti 1920-1930-cu illər bolşevik repressiyalarında bu ölkəyə sürgün olunanlar və ya onların övladlarıdır. İki ölkə arasında fundamental diplomatik əlaqələrin əsası 1993-cü ildən qoyulmuşdur. 1993-cü ilin dekabrında Türkmənistanda MDB Dövlət Başçıları Şurasının iclası zamanı Ulu Öndər Heydər Əliyevlə Qırğızıstan Prezidenti Əsgər Akayevin görüşü keçirilmişdir. Heydər Əliyev daha sonra 1995-ci ilin avqustunda Türkdilli Dövlət Başçılarının üçüncü sammitində iştirak etmək üçün Qırğızıstana gedib və orada qırğızıstanlı həmkarı ilə görüşüb. 11 sentyabr 1996-cı ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Qırğızıstan Respublikası Xarici İşlər Nazirliyi arasında protokol imzalanıb. Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə Azərbaycan-Qırğızıstan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub.
Bütün bunlar onu deməyə əsas verir ki, diplomatik əlaqələr yarandığı gündən Qırğızıstan-Azərbaycan ikitərəfli əməkdaşlığı qarşılıqlı faydalı tərəfdaşlıq, dostluq əsasında qurulmuş və bütövlükdə siyasi, ticarət-iqtisadi, elmi-texniki, mədəniyyət və digər sahələrdə uğurla inkişaf etmişdir. Görünən odur ki, Azərbaycan digər türkdilli dövlətlərlə olduğu kimi, Qırğızıstanla da geniş siyasi-iqtisadi və mədəni əlaqələrini etibarlı şəkildə davam etdirir. Hər iki ölkənin məqsədi türk dünyasının inkişafına, siyasi və mədəni birliyinə töhfə verməkdir.
Prezident İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri, Prezident Sadır Japarov ilə görüşü, imzalanan sənədlər və liderlərin səsləndirdiyi fikirlər iki qardaş ölkənin münasibətlərində hərtərəfli əməkdaşlığa hesablanan yeni mərhələnin əsasının qoyulduğunu deməyə əsas verir. Bütün bunlar türkdilli dövlətlər arasında qardaşlıq münasibətlərinin inkişafında nümunəyə çevrilir.
Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası