Bu gün açıq dənizlərə çıxışı olmayan Azərbaycan artıq çox mühüm nəqliyyat şəbəkəsi yaradıb
Cənubi Qafqazın taleyində mühüm rol oynayan Azərbaycanın yeni reallıqlar fonunda həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bütün bölgənin geosiyasi mənzərəsini dəyişməkdədir. Bu gün ölkəmiz həm region, həm də Qərb ölkələri ilə enerji sahəsində əməkdaşlıq edir. Genişmiqyaslı enerji layihələri ilə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm yer tutan ölkəmizin geosiyasi mövqeyi gündən-günə möhkəmlənir. Bu gün regionun və Avropanın Xəzərlə bağlı bütün layihələrində mərkəzi yer tutan Azərbaycan Şərqlə Qərbi birləşdirən bir körpü rolunu oynayır. Respublikamız həm də Xəzər hövzəsi dövlətlərinin Qərbə çıxış yoludur. Birmənalı demək olar ki, Qafqazda və Mərkəzi Asiyada uzunmüddətli tərəqqiyə və sabitliyə mühüm töhfələr verən Azərbaycan bu gün Xəzər-Atlantik okeanı akvatoriyası və Xəzər-Sakit okean-Hind okeanı akvatoriyası istiqamətində açar rolunu oynayır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü, düşünülmüş və uzaqgörən siyasətin nəticəsində respublikamızda son illər nəqliyyat infrastrukturunu inkişaf etdirmək üçün böyük layihələr həyata keçirilib. Yeni avtomobil yolları çəkilib və ya yenidən qurulub. Şərqlə Qərbi, Asiya ilə Avropanı birləşdirən strateji və böyük iqtisadi əhəmiyyətli Bakı-Tbilisi-Qars dəmir yolu xətti inşa edilib. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir.
Həmçinin Bakının Ələt qəsəbəsində Xəzər dənizinin ən böyük və müasir beynəlxalq liman kompleksi inşa edilib. Belə ki, Azərbaycan artıq Ələt ticarət limanının potensialını 15 milyon tondan 25 milyon tona qədər genişləndirməyi planlaşdırır. Buna səbəb isə son dövrlər yüklərin həcminin sürətlə artmasıdır. Cari ilin 9 ayı ərzində 60 faiz artım müşahidə olunub ki, bu da yüklərin nəqlində əhəmiyyətli göstəricidir. Bütün bunlar deməyə əsas verir ki, dövlətimizin başçısının söylədiyi kimi, bu gün açıq dənizlərə çıxışı olmayan Azərbaycan artıq çox mühüm nəqliyyat şəbəkəsi yaradıb.
Prezident İlham Əliyev oktyabrın 13-də Astanada baş tutan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasındakı çıxışında bildirib ki, Azərbaycan tərəfindən həyata keçirilən genişmiqyaslı nəqliyyat infrastrukturu layihələri ölkəmizi ən mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzlərindən birinə çevirib: “2022-ci ilin ilk doqquz ayı ərzində Azərbaycan ərazisindən keçən tranzit təxminən 65 faiz artıb. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına mühüm töhfələr verir. Azərbaycan Orta Dəhlizin önəmli hissəsini təşkil edəcək Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir”.
Təbii ki, Zəngəzur dəhlizi böyük tranzit imkanlarına malik, Şərqlə Qərbi birləşdirəcək strateji körpüdür. Şübhəsiz, Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri, bütün türk dünyasında mühüm rol oynayacaq. Yalnız Cənubi Qafqaz üçün deyil, bütün region üçün strateji əhəmiyyətə malik olan bu dəhliz böyük iqtisadi potensiala və təbii resurslara malik olan bir regionu birləşdirəcək.
Prezident İlham Əliyev Bişkekdə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimindən sonra mətbuata bəyanatında bildirib ki, nəqliyyat-tranzit sahəsində Çin-Qırğızıstan-Özbəkistan-Xəzər yeni dəmir yolunun tikintisinə və istismarına başlamaqla əmtəə dövriyyəsinin artması və yüklərin daşınmasının ucuzlaşması üçün imkanlar yaranacaq. Ölkə başçısı, həmçinin Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclasında bildirib ki, Azərbaycan Xəzərə çıxışı olan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi barədə qərarı dəstəkləyir: “Xəzərin bizim tərəfində Avropa istehlakçılarına qədər dəmir yolu, avtomobil və hava yolu üzrə geniş nəqliyyat infrastrukturu var”.
Azərbaycan Çinin “Bir kəmər, bir yol” layihəsində iştirak etdiyindən, daha doğrusu, birləşdirici funksiyasını yerinə yetirdiyindən Şərqlə Qərbi birləşdirən körpü rolunda çıxış edir. Bu mənada ekspertlərin də dediyi kimi, dünyanın iqtisadi nəhənglərindən olan Çinin Orta Asiya ölkələri vasitəsilə Azərbaycan üzərindən Avropaya yük daşıması ölkəmiz üçün mühüm əhəmiyyətə malikdir.
Təbii ki, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu dövlətimizin başçısının dediyi kimi, Orta dəhlizin bir hissəsi olacaq. Regionda və Qərbi Xəzər bölgəsində həyata keçirilən bütün bu layihələr sinxronlaşdırılmalıdır. Göründüyü kimi, sözügedən dəmir yolunun çəkilişi iqtisadi əlaqələrdə yeni mərhələ açacaq. Bu marşrut Çinin Mərkəzi Asiya vasitəsilə Avropa ilə artan əlaqələrini təmin etməsi üçün də yeni mərhələ kimi qiymətləndirilə bilər. Bütün bunların fonunda əminliklə demək olar ki, həmişə sivilizasiyalar arasında müsbət rol oynayan, beynəlxalq aləmdə öz mövqeyini getdikcə gücləndirən, bütün dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycan Asiya ilə Avropa arasında coğrafi, mədəni və siyasi baxımdan körpü rolunu oynayır.
Zahid Rza, “İki sahil”
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası