Azərbaycan ədalətsiz ölkənin vasitəçiliyinə "yox" deyir
Hələ 1987-ci ildə bədnam akademik Abel Aqanbekyan Fransanın "Humanite" qəzetinə müsahibəsində Qarabağda ikinci erməni dövlətinin qurulacağını elan etmişdi. Bu, onu göstərirdi ki, Fransa ermənilərə nə qədər doğmalıq göstəribsə, ən gizli və məkrli planlarına dəstək veribsə daşnaklar on illərlə məxfi saxladıqları sirlərini orada açıb elan ediblər. Həm də o anlama gəlir ki, Fransa təcavüzkar Ermənistanın yanında olacaqdır. Elə də oldu. Aqanbekyanın bədnam bəyanatından bu yana Fransa daim Ermənistanın yanında olub və işğalçılıq planlarına dəstək verib. İndi də verir.
İyirmi üç aydır ki, əsasən Fransanın pozucu fəaliyyəti ucbatından kapitulyant Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamaqdan qaçır. Paradoksa baxın: ordusu darmadağın olmuş məğlub ölkə sülhə gəlməkdən yayınır. Ancaq bu düşünülməmiş addıma Ermənistanı təhrik edənlər var və onların birincisi də Fransadır. Hətta bu günlərdə Makron Avropa İttifaqı və Azərbaycan tərəfindən arzuolunmaz qonaq sifəti ilə Praqa görüşündə özünü ortalığa soxaraq Ermənistanın xeyirinə çalışmağa cəhd etməkdən belə çəkinməyib.
Fransa Prezidenti Emmanuel Makron bu dəfə zərbənin istiqamətini dəyişərək Rusiyanı Cənubi Qafqazda və bu bölgənin hüdudlarından kənarda sabitliyi pozmaqda ittiham edib. Ancaq unudur ki, özü də Azərbaycandan və Ermənistandan 5000 kilometr uzaqdadır.
Makron “France 2” telekanalına müsahibəsində Rusiyanı Ermənistan və Azərbaycanı son toqquşmalara məqsədyönlü şəkildə təhrik etdiyini deyib.
Makronun iddiasına görə, Moskva son aylarda Azərbaycanın xeyirinə gərginliyi artırıb. Ölkəmizə qarşı öz absurd və ermənipərəst iddiasında bir az da irəli gedən Fransa prezidenti Azərbaycanı Ermənistana “hücum etməkdə” ittiham edib. “Guya 5000 rus əsgəri sərhəddə sabitliyə zəmanət vermək üçün oradadır, amma ruslar bir neçə əsr əvvələ dayanan bu münaqişədən istifadə edərək, Türkiyə ilə birlikdə vaxtilə yaxın olduğu ölkə olan Ermənistanı Azərbaycanın oyunlarına qarşı zəifləməyə başlayıb”, - Fransa başçısı söyləyib.
Makron Rusiyanın bölgədə qarşıdurma yaratmağa çalışdığını bildirib: “Görürsünüz, nə baş verir? Bu, Rusiyanın sabitliyi pozmaq cəhdidir. O, Qafqazda iğtişaş yaratmaq istəyir ki, hamının sabitliyi pozulsun”. O, əmin edib ki, Fransa Ermənistanı tək qoymayacaq: “Ermənistan bizim unikal əlaqəmiz olan ölkədir. Azərbaycan sərhəddə bir neçə dəfə hücuma keçib. Bunu qınadıq. Biz erməniləri tərk etməyəcəyik”.
Göründüyü kimi, özünü həmişə olduğu kimi, yenə də təkəbbürlü və baş münsif kimi aparmağa çalışan Fransa əslində 1987-ci ildən pozuculuqla məşğuldur. Biz azərbaycanlılar həmin məkrli bəyanatı heç vaxt unuda bilmərik. Aqanbekyanlara və digər yanlara meydan verən, işğalçının ayaqlarının altına daş qoyan bu ölkə heç vaxt sülhməramlı və ədalətli olduğunu sübut edə bilməyib. Axı, necə ədalətli ola bilər ki, yüz illərdir Afrikanın məzlum xalqlarını və millətlərini müstəmləkə əsarəti altında saxlayır. Burada da açıq görünür ki, Fransa Ermənistan və Azərbaycan arasında danışıqlarda neytral tərəf deyil və Azərbaycan onun zorən vasitəçiliyini qəbul etməyəcək. İstər Birinci, istərsə də İkinci Qarabağ müharibələrində və münaqişənin davam etdiyi uzun illərdə Fransanın bizə qarşı qıcadığı bütün "diş"lərini görmüşük. Qısaca desək, Azərbaycan ədalətsiz ölkənin vasitəçiliyinə "yox" deyir.
Vəli İlyasov, "İki sahil"
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası