13 oktyabr 2022 22:38
712

Türk dövlətlərinin birliyi dövrün tələbidir

Azərbaycan Respublikasının Orta Asiyanın türk dövlətləri ilə əlaqələri ildən - ilə genişlənir və möhkəmlənir. Qazaxıstan, Özbəkistan və Türkmənistanla münasibətlərin yaxşılaşdırılması milli - mənəvi maraqlarla bərabər, həm də bu ölkələrin birliyinin möhkəmlənməsinə xidmət edir. Bütün türk dövlətləri ilə əməkdaşlığın inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin əsas istiqamətləri olmaqla, artıq real işlərdə öz səmərəsini göstərməkdədir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğızıstana səfəri də bu baxımdan xarakterik və hər iki ölkənin gələcəyi, birliyi, əməkdaşlığı üçün çox əhəmiyyətlidir. Səfər zamanı ikitərəfli danışıqlar aparılıb, Dövlətlərarası Şuranın iclası keçirilib, bir çox sənədlər imzalanmışdır. Qırğızıstan - Azərbaycan Dostluq Parkının, Heydər Əliyev və Nizami Gəncəvi adına ümumtəhsil məktəbinin açılışı, “Ata - Beyit” Milli Tarixi - Memorial Kompleksinin ziyarət edilməsi, mətbuata verilən bəyanatlar və səsləndirilən fikirlər hər iki dövlətin xoş məramından, dostluq münasibətlərindən qaynaqlanır.

Qırğız Respublikasının Prezidenti Sadır Japarov münasibətlərin yaradılmasında Prezidentimizin şəxsi diqqətinə böyük qiymət verərək bildirmişdir: “Hörmətli İlham Heydər oğlu, Sizin ölkənin milli maraqlarının təmin edilməsinə və mənafeyinə, onun dünya ictimaiyyəti arasında beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə istiqamətlənmiş geniş qurucu fəaliyyətimizi xüsusilə qeyd etmək istəyirəm. Sizin şəxsi diqqətiniz və Qırğızıstanla bütün istiqamətlərdə əməkdaşlığı dərinləşdirmək istəyiniz bizim ölkədə hörmət və dəstəklə qarşılanır”.

Türkdilli dövlətlərin birliyinin və əməkdaşlığını təmin edilməsi dünyanın ədalət prinsipləri ilə idarə olunmasına, bəşəri dəyərlərin həyata keçirilməsinə bir zəmanətdir. Qırğızıstana səfər bunu aydın göstərdi və Prezidentimiz qeyd etdi ki, “Bu gün mən Qırğız torpağında bir daha görürəm ki, bu qardaşlıq sözdə deyil, əməldədir”.

Prezidentimizin söylədikləri həyata keçirilən tədbirlərdə öz əksini tapır və əməli işlər sözsüz ki, gələcəkdə də öz bəhrələrini verəcəkdir.

Tahir Rzayev,
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri