23 sentyabr 2022 08:52
581

AÇ-nin final mərhələsi 32 komanda ilə keçiriləcək?

UEFA-nın futbol üzrə Avropa çempionatının final mərhələsinin 32 komandaya qədər genişləndirilməsi ideyası dəstək qazanmayıb. 

"İki sahil" xəbər verir ki, bu barədə “Daily Mail” nəşrinə məlumatlı mənbələr bildirib.

“Avro-2016”da iştirakçıların sayı ilk dəfə olaraq 16-dan 24-ə qaldırılmışdı. Bundan sonra UEFA əlavə genişləndirmə məsələsinə baxmağa başlayıb. Belə bir ideya var ki, 2028-ci ilin yayından başlayaraq, final mərhələsində 24 deyil, 32 komanda oynasın.

Bununla belə, Avropa teleyayımçıları UEFA işçi qrupuna bildiriblər ki, 55 milli komandadan 32-nin final mərhələsində oynaması maraq doğurmayacaq. Yəni yarışın bu formatının kommersiya dəyəri az olacaq.

Məsələ ilə bağlı yekun qərarın UEFA İcraiyyə Komitəsinin noyabrda keçiriləcək iclasında veriləcəyi gözlənilir.