Bolqarıstanın paytaxtı Sofiyada bədii gimnastika üzrə keçirilən 39-cu dünya çempionatında qrup hərəkətləri üzrə yığma komandalar mübarizəyə başlayıblar.
"İki sahil" Azərbaycan Gimnastika Federasiyasına istinadən xəbər verir ki, yarışda ölkəmizi Avropa çempionatının üçqat bürünc, V İslam Həmrəyliyi Oyunlarının ikiqat qızıl və gümüş mükafatçısı olan Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət qrup hərəkətləri komandamız təmsil edib.
Komandamızın üzvləri 3 lent və 2 top, eləcə də 5 halqa ilə proqramlarını nümayiş etdiriblər.
Gimnastlarımız 3 lent və 2 topla təsnifat mərhələsində uğurla çıxış edərək (29.250 xal) finala vəsiqə qazanıblar.
Ayrı-ayrı alətlər üzrə final mərhələsi sentyabrın 18-də baş tutacaq.
Bu gün isə fərdi gimnastlar çoxnövçülük proqramında qüvvələrini sınayacaqlar. Bu proqramda ölkəmizi Tokio Yay Olimpiya Oyunlarının iştirakçısı, Yay Universiadasının ikiqat gümüş, İslam Həmrəyliyi Oyunlarının dördqat qızıl, gümüş və bürünc mükafatçısı Zöhrə Ağamirova təmsil edəcək. Gimnastımız lentlə hərəkətlərdə 5-ci, halqa ilə hərəkətlərin icrasında isə 6-cı pillədə qərarlaşıb.
Qeyd edək ki, yığmamızın üzvləri həm fərdi, həm də qrup hərəkətləri proqramında göstərdikləri nəticələrinin yekununa əsasən komanda hesabında 6-cı olublar.