Avropa çempionatının təsnifat mərhələsinə və İslam Həmrəyliyi Oyunlarına hazırlaşan kişi voleybolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışını ölkə xaricində davam etdirəcək.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.
Bildirilib ki, Pərviz Səmədovun baş məşqçisi olduğu komanda hazırlığın növbəti mərhələsini Belarusun paytaxtı Minskdə keçəcək.
Voleybolçularımız səfərə iyulun 9-da yollanacaq. Minskdə komandamızın yerli yığma ilə bir neçə yoxlama matçı da planlaşdırılır. Buradakı hazırlıq iyulun 16-da başa çatacaq.
Millimiz isə bundan sonra Bakıya Belarus yığması ilə birgə qayıdacaq. 2 komanda paytaxtda hazırlıq keçməklə yanaşı, yenidən bir neçə sınaq görüşündə gücünü yoxlayacaq.
Qeyd edək ki, mayın 15-dən hazırlığa başlayan milli AVRO-2023-ün təsnifat mərhələsində A qrupunda Türkiyə və Danimarka yığmaları ilə mübarizə aparacaq. Millimiz V İslam Həmrəyliyi Oyunlarında isə Sudan, Mərakeş və Kamerun milliləri ilə A qrupunda qüvvəsini sınayacaq.
Fərid Qayıbov ötən ay beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb