03 iyul 2022 11:37
643

Prosineçki qalmaqallı şəkildə qovuldu

Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki "Olimpiya" (Lyublyana) klubundan istefaya göndərilib.

“İki sahil” xəbər verir ki, bu barədə Sloveniya təmsilçisinin rəsmi saytı məlumat yayıb. 53 yaşlı məşqçi komandasının Konfrans Liqasındakı oyununa 6 gün qalmış qovulub. Onunla birlikdə idman direktoru Mladen Rudonja da klubu tərk edib.

Sloveniya mətbuat xorvatiyalı mütəxəssisin klub rəhbərliyi ilə yola getmədiyini yazıb. Robert Prosineçki 3 ay əvvəl "Olimpiya"nın baş məşqçisi təyin edilmişdi və onunla 1.5 illik müqavilə imzalanmışdı.

Klub prezidenti Adam Delius keçirdiyi mətbuat konfransında Prosineçkinin bəzi futbolçuların alınmayacağı təqdirdə vəzifəsindən gedəcəyini dediyini, U-16 və U-17 komandalarının ən yaxşı oyunçularını belə tanımadığını bildirib.

Prosineçki isə azarkeşlərin də iştirak etdiyi mətbuat konfransında klub rəhbərliyini fırıldaqçılıqda ittiham edib: "Mən çox yerdə işləmişəm. Ancaq heç vaxt belə yalançı və fırıldaqçıları görməmişəm. Belə adamların klub idarə etməsi absurddur".

Xatırladaq ki, R.Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisinin baş məşqçisi olub.