08 may 2022 22:29
1083

Zəngəzur dəhlizi böyük strateji əhəmiyyətə malikdir

Türk dünyasını birləşdirəcək olan Zəngəzur dəhlizi uzun illərdir bütün türk dünyasının gözlədiyi ən vacib layihələrdən biridir. Zəngəzur dəhlizi üç - lokal, regional və interkontinental müstəvidə böyük əhəmiyyət kəsb edir. Lokal müstəvidəki əhəmiyyət yeni nəqliyyat yolunun keçdiyi hər bir ölkədə yerli inkişafı stimullaşdırıcı faktor kimi çıxış etməsidir. Regional müstəvidəki önəmi Türkiyə və Mərkəzi Asiya arasında yeni marşrutun ortaya çıxması, Xəzər dənizində gəmi nəqliyyatının artması, Azərbaycanın əsas ərazisi və Naxçıvan Muxtar Respublikası ilə alternativ keçid yaradılması, Rusiya və Türkiyə arasında Gürcüstandan yan keçən yeni istiqamət təklif etməsi və digər əhəmiyyətli amillərdir. Dəhlizin interkontinental, yəni qitələrarası əhəmiyyəti isə Çinin illərdir artan iqtisadi nəqliyyat şəbəkəsinə yeni bir alternativlik təşkil etməsidir. Bu alternativlik Çindən gələn malların Türkiyənin şərq vilayətlərinə və oradan da Avropaya daşınmasını təklif edir.

Ölkə Prezidenti İlham Əliyev öz çıxışlarında Zəngəzurun strateji əhəmiyyətdən danışarkən bunun ətraf ölkələrə də müsbət təsirini xüsusi vurğulamışdır. Çıxışlarından birində Prezident İlham Əliyevin səsləndirdiyi “Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq, o cümlədən Ermənistan üçün…” fikirləri Azərbaycanın tutduğu tolerant mövqeyi bir daha əyani şəkildə sübut etmişdir.

Qədim yurd yerimiz olan Zəngəzur yenidən böyük türk dünyasının birləşməsi rolunu oynayacaqdır. Layihə həm tarixi aspektdən, həm müasir geosiyasi reallıqlar prizmasından, həm də siyasi-iqtisadi baxımdan türk dövlətlərinin güclənməsinə, beynəlxalq və regional siyasi-iqtisadi proseslərdə rolunun və iştirakının daha əhəmiyyətli təsirə malik olmasına xidmət edəcəkdir.
Biz xalq olaraq əminik ki, Azərbaycan Prezident İlham Əliyev Cənablarının apardığı uğurlu siyasət nəticəsində bundan sonra yeni-yeni tarixi nailiyyətlərə imza atacaqdır!

İlahə Novruzova,
Füzuli rayonu 45 №li tam orta məktəbin direktoru