08 may 2022 20:08
1208

Ulu Öndər öz müdrikliyi və cəsarəti ilə Azərbaycan xalqının sevgisini əbədi qazanıb

Ölkəmiz və xalqımız üçün 2022-ci ilin əlamətdar hadisələrindən biri də mayın 10-da ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünün tamam olduğu gündür.

Tarix yazan dahi şəxsiyyətin dünyada yaşayan bütün azərbaycanlılar tərəfindən böyük ehtiramla anıldığı gün.  Tarixi şəxsiyyətlərin böyüklüyü illər keçdikcə daha aydın görünür. Uca dağların zirvəsi uzaqdan əzəmətli göründüyü kimi, millətinin tarixində dərin iz qoymuş, onun keçmişini yaratmış və gələcəyini müəyyən etmiş insanların da işi və ideyaları zaman məsafəsindən daha uca görünür, daha aydın nəzərə çarpır.

Bu ucalığa, bu zirvəyə boylandıqca insan sevinir, heyrətlənir və düşünür. Təbiidir ki, belə şəxsiyyətlərin taleyi həmişə çətin və keşməkeşli olur, çünki onlar özlərinin bütün mənalı ömürlərini fədakarcasına vətəninin, millətinin tərəqqisinə, onun dövlətinin möhkəmləndirilməsinə həsr edirlər. Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi müxtəlif dövrlərdə müəyyən etdiyi və həyata keçirdiyi strategiya bütün sahələrdə əldə edilən uğurların əsasını təşkil edir. Dünya təcrübəsindən məlumdur ki, dövlət başçısı ölkənin inkişaf tələblərini və xalqın mənafeyini dəqiqliklə qiymətləndirməyə qadir olan, ölkənin mədəni, iqtisadi və təbii resurslarını, potensialını əhalinin rifahı və dövlətçiliyin inkişafına yönəltməyi bacaran şəxs olmalıdır.

Məhz sadalanan bütün bu keyfiyyətlər ulu öndər, dahi şəxsiyyət Heydər Əliyev siyasətində öz əksini tapmışdır! Ümumilli lider Heydər Əliyevin ideyaları 21-ci əsrdə onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən, Ulu Öndərin yaratdığı Yeni Azərbaycan Partiyası tərəfindən uğurla davam etdirilir . Heydər Əliyev ideyaları yaşayan və yaşadan ideyalardır! 

Xanım Qədirova,
Salyan rayon Uşaq Gənclər İdman Şahmat məktəbinin baş məşqçi-müəllimi