06 may 2022 21:48
960

Şərqi Zəngəzur varsa...

Mayın 4-də Prezident İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonuna Vahid Hacıyevin xüsusi nümayəndə təyin olunması ilə bağlı keçirdiyi videoformatdakı qəbulda bildirib ki, Yeni bölgüdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının olması strateji, iqtisadi və tarixi baxımdan çox vacib bir qərardır. Təsadüfi deyil ki, Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması tarixi ədalətin bərpası kimi dəyərləndirilir. Şərqi Zəngəzurun mövcudluğu, Qərbi Zəngəzurun da mövcudluğu deməkdir.Vətən müharibəsində böyük zəfərdən sonra geniş tikinti-quruculuq meydanına çevrilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bütün infrastrukturlar yenidən qurulur. Yeni avtomobil və dəmir yolları, körpülər, tunellər, hava limanları, elektrik və su xətləri, müasir yaşayış kompleksləri, məktəblər, xəstəxanalar, su elektrik stansiyaları tikilir.

Zəngəzur dəhlizi artıq reallıqdır. Zəngilan rayonunun ərazisindən keçən həm dəmir yolu, həm avtomobil yolu nəinki Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, eyni zamanda, beynəlxalq yükdaşımaları üçün yeni bir yol olacaq, beynəlxalq bir yol olacaq. Ona görə və eyni zamanda, keçmiş məcburi köçkünlərin rahatlığı üçün biz dörd və altı zolaqdan ibarət olan avtomobil yolunu sürətlə inşa edirik. Bu yolun hissə-hissə istifadəyə verilməsi gələn ildən başlayacaq. Zəngilan-Füzuli-Qubadlı kimi çoxsaylı istiqamətlərdə ən müasir standartlara cavab verən avtomobil yolları inşa olunur. Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun təməlinin qoyulması, Laçın rayonunda Güləbird Su Elektrik Stansiyasının açılışı, Zəngilan rayonunda «ağıllı kənd» layihəsinə start verilməsi göstərir ki, Prezidentimizin əzmi və qətiyyəti, uzaqgörən siyasəti sayəsində ərazilərimiz tez bir zamanda bərpa olunacaq, insanlar öz ata-baba yurdlarına qayıdacaqlar. Bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi qüdrətli Azərbaycan beynəlxalq əməkdaşlığın inkişafında, dünya miqyasında təhlükəsizliyin təmin olunmasında çox əhəmiyyətli rol oynayır. Hər zaman ölkəmiz irəlidədir, bundan sonrada irəlidə olacaq.

Əldə olunan nailiyyətlər, tətbiq edilən yeniliklər, insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması, tarixi keçmişimizə, böyük gələcəyimizə göstərilən diqqət və qayğı, müasir dövrün tələblərinə həmahəng olan məqsədyönlü işlər uğurların zəmanətinə çevrilib. Bu, bir daha onu deməyə imkan verir ki, bundan sonrakı dövrdə də növbəti nailiyyətlər üçün əsaslar yaradılıb. Bütün bunların təməlində isə ulu öndər Heydər Əliyev siyasi kursuna sarsılmaz sədaqət, milli dövlətçiliyə sıx bağlılıq, yüksək nizam-intizam, yorulmaz fəaliyyət və vətənpərvərlik dayanır.

Mehdi Balabəyov,
Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının sədri