2020-ci ildə Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə qazandıqdan sonra qarşıda duran prioritetlərdən biri Qarabağın yenidən qurulması, bərpası, həmin ərazilərə yeni nəfəs gətirmək idi. Çünki 30 il ərzində Erməni vəhşilərinin işğalı altında qalmış Azərbaycan torpaqlarında bütün sosial, mədəni, iqtisadi və ictimai infrastruktur tamamilə məhv edilmişdi. Həmin ərazidə bir vaxtlar mövcud olan sənaye obyektləri darmadağın edilmiş, nəqliyyat-kommunikasiya xətləri yararsız vəziyyətə salınmışdır. Bu illər ərzində erməni istilaçıları tərəfindən Azərbaycanın əzəli torpaqlarında qədim tarixi abidələri ilə məşhur olan Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Xocalı tamamilə yerlə-yeksan edilmiş, digər şəhərlər və qəsəbələr viran qoyulmuşdur. Bununla yanaşı, həmin ərazilərdə altmış min hektara yaxın meşə ərazisi məhv edilmiş və Azərbaycana qarşı ekosid həyata keçirilmişdir.
Ölkə başçısı cənab İlham Əliyev demək olar ki, hər çıxışında, bəyanatında erməni vandalizminin nəinki təkcə ölkəmizə qarşı, həm də bütün bəşəriyyətə qarşı törədilmiş bir akt olduğunu qeyd etmişdir. Prezident İlham Əliyevin mayın 4-də Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndənin təyin olunması ilə bağlı çıxışında bu və digər məqamlara toxunaraq Zəngilan rayonun əhəmiyyətindən, erməni işğalçılarının qovulmasından sonra görülən bərpa və quruculuq işlərindən, gələcək illərdə Zəngilan rayonun potensialından bəhs etdi.
Dövlət başçısı bildirdi ki, Azərbaycanda, ilk dəfə olaraq, “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyası tətbiq olunur. “Ağıllı kənd” layihəsi ilkin olaraq Zəngilan rayonunda artıq uğurla icra olunur. Burada salınan "Ağıllı kənd" pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Layihənin icrası, əsasən, 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, "ağıllı kənd təsərrüfatı" və alternativ enerji sahələridir. Ərazidə ilk olaraq tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evin tikintisi nəzərdə tutulub. Qeyd edək ki, “Ağıllı kənd”də evdaxili mühəndis kommunikasiya, isitmə sistemləri də ağıllı texnologiyalar əsasında qurulacaq. Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunacaq, turizm infrastrukturu formalaşdırılacaq. Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək.
Bir məqamıda qeyd edək ki, “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyası özündə Azərbaycan Respublikasının şəhər və kəndlərində göstərilən xidmətlərin keyfiyyətinin, təhlükəsizliyinin, səmərəliliyinin artırılması, onların göstərilməsində informasiya texnologiyalarının tətbiqi, habelə həmin xidmətlər üzrə mövcud resursların effektiv istifadəsi və idarə olunmasının təmin edilməsi şəhər və kənd yerlərində dayanıqlı inkişafını ehtiva edir.
Çıxışı zamanı cənab İlham Əliyev vurğuladı ki, işğal zamanı Qarabağda mövcud olmuş avtomobil yolları tamamilə yarasız vəziyyətə düşmüşdür. Yeni nəqliyyat – kommunikasiya xətlərinin inşası və tarixən mövcud olmuş yolların bərpası da yenidənqurma işlərinin tərkib hissəsidir. Bu istiqamətdə dəmir və avtomobil yolları vasitəsilə Naxçıvanla Azərbaycanın qərb rayonlarının birləşdirilməsi və Zəngəzur dəhlizinin işə düşməsi əsas hədəflərdən biridir. Bu kontekstdə əmin oluruq ki, Zəngilan tezliklə bölgənin böyük nəqliyyat və logistik mərkəzi olacaq.
Nəqliyyat infrastrukturunun qurulması istiqamətində aparılan işlər sırasında Qarabağda hava nəqliyyatının təşkili və yeni hava limanlarının inşası olduqca vacib məqamlardan biridir. Gələcəkdə insanların daha rahat və tez daşınması, eləcə də, strateji yüklərin vaxtında çatdırılması məqsədilə bu regionda hava limanlarının tikintisi strateji əhəmiyyətə malikdir. Füzuli rayonunda bu prosess artıq yekunlaşmışdır. Laçın rayonunda hava limanı ölkə başçısının dediklərinə istinadən 2024-cü ildə istifadəyə veriləcəkdir.
Zəngilanda isə hava limanının tikintisi nəqliyyat qovşağı baxımından olduqca vacibdir. Çünki Zəngilan Ermənistan, İran və Naxçıvanla sərhəddə yerləşir. Məhz burada istər dəmir yolu, istərsə də avtomobil yolları ilə daşımalarda tədarük və dəyişmə məntəqlərinin olacağı təqdirdə hava limanı vasitəsilə yüklərin ölkədən xaricə əsasən Türkiyə, Gürcüstan və Rusiyaya daşınması daha səmərəli olacaqdır.
Zəngilanda Sovetlər dönəmində burada mövcud olmuş dəmir yolu xətti də yenidən çəkilməkdədir. Eyni zamanda avtomobil yolu da ən müasir standartlara uyğun şəkildə tikilir. Bütün bunlar onu deməyə əsas verir ki, tezliklə Zəngilan həmin bölgədə, eyni zamanda Naxçıvan və Türkiyə istiqamətində bir mərkəzə çevriləcək.
Artıq işğaldan azad olunan ərazilərimizin mövcud potensialını, xammal və təbii ehtiyatları, məhsuldar torpaq sahələrinin həcmini nəzərə alsaq, bərpa mərhələsindən sonra qısa zamanda həmin rayonlarımızda məhsul istehsalının 8 dəfəyə yaxın artacağı proqnozlaşdırılır. Buda əhalinin məşğulluq məsələsi üçün vacib məqamlardan biridir. O deməkdir ki, çox qısa zamanda həmin ərazilərimizdə yeni iş yerlərinin yaradılmasını və güclü iqtisadi inkişafı müşahidə edəcəyik. Ərazilərimizin işğaldan azad edilməsi həmin torpaqlara Böyük Qayıdışın və nəhəng quruculuq işlərinin başlanmasını zəruri edib. İşğaldan azad edilmiş ərazilərin potensialından maksimum səmərəli istifadə etmək qarşıya qoyulan əsas vəzifələrdən biridir.
Vüqar Nəsirov,
YAP Pirallahı rayon təşkilatı Aparatında məsləhətçi
Bişkek diplomatiyası və Azərbaycanın çoxqütblü dünyada artan geosiyasi çəkisi
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb