Bildiyimiz kimi, işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işləri kompleks şəkildə sürətlə həyata keçirilir. Bölgənin inkişafının təmin olunması və zəruri infrastrukturun yaradılması əhalinin doğma torpaqlarına qayıdışını daha da yaxınlaşdırır. Cənab Prezident İlham Əliyevin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə təsdiq olunmuş iqtisadi rayonların bölgüsündə xüsusi əhəmiyyət kəsb edən məqam yeni iqtisadi rayonların: Qarabağ və Şərqi Zəngəzurun yaradılması oldu. Həmçinin, bu iqtisadi rayonlara Prezidentin xüsusi nümayəndəsinin təyin olması işğaldan azad olunmuş torpaqların ölkə iqtisadiyyatına inteqrasiyasının, əhalinin qayıdışının, onların məşğulluğunun, bir sözlə, bu torpaqların yenidən, ən qısa zamanda dilbər guşəyə çevrilməsinin əsas hədəflərdən olmasını sübut edir. Bu hədəflərə çatmaq üçün isə düşmən tapdağından azad edilmiş hər bir rayona xüsusi diqqətlə yanaşılır, özünəməxsus iqtisadi potensialı müəyyənləşdirilir. Bu ərazilərdən biri də Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonudur. Rayonun coğrafi mövqeyi logistika, kənd təsərrüfatı, turizm və digər sahələr üzrə layihələrin həyata keçirilməsinə imkan verir.
Dünyada ikinci, Avropada isə birinci Çinar meşələri ilə tanınan Zəngilan üçün artıq yeni bir inkişaf dövrü başlayır. Cənab Prezident İlham Əliyev may ayının 4-də Zəngilan rayonuna təyin olunmuş xüsusi nümayəndəni bu münasibətlə videoformatda qəbul etmişdir. Qəbul zamanı cənab Prezidentin toxunduğu məsələlər sırasında Zəngilanın nəqliyyat yolları da öz əksini tapmışdı. Zəngilan rayonunda bu istiqamətdə atılan adımmlar bu bölgənin Azərbaycanın nəqliyyat logistika məkanına çevrildiyini deməyə əsas verir. Çıxışı zamanı ölkə başçımız bildirmişdir ki, “Bu il Zəngilan Beynəlxalq Hava Limanı istismara veriləcəkdir. Əminəm ki, bu hava limanının çox böyük funksiyaları olacaqdır. Çünki biz Zəngilanı gələcəkdə beynəlxalq nəqliyyat-logistika mərkəzi kimi görürük. Rayonun yerləşməsi, beynəlxalq bazarlara yaxın olması və digər amillər bunu təmin edəcək”. Heç kimə sirr deyilki, işğal dövründə Ermənistan rəhbərliyi Zəngilandan keçmək şərti ilə Ermənistandan Cəbrayıla yol çəkmək istəyirdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu tərəfindən tarixi torpaqlarımızın geri qayıtması ilə onların bu istəyi də baş tutumadı. İndi bu torpaqlarda həyata keçirilən quruculuq işləri çərçivəsində yeni yollar salınır və ya tarixi yollar bərpa olunur. Bu yollar sırasında xüsusi əhəmiyyət kəsb edənlər sırasında isə Horadizdən Zəngilana, Zəngilandan Qubadlıya və buradan da iqtisadi rayonun digər rayonlarına çəkilən avtomagistral yollarıdır. Azərbaycanı Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana, həm də qardaş Türkiyəyə birləşdirməklə yanaşı beynəlxalq yük daşınmaların da keçəcəyi Horadiz-Ağbənd dəmir yolunun inşası isə uğurla davam etdirilir. Zəngəzur dəhlizi təkcə Cənubi Qafqaz üçün deyil, həmçinin Avrasiya məkanı üçün əlverişli nəqliyyat layihəsidir. Qəbul zamanı ölkə başçımızın söylədiyi kimi, Zəngəzur dəhlizi artıq reallıqdır. Xatırlatmaq istərdim ki, Avropa İttifaqı, Azərbaycan və Ermənistan liderlərinin bu ilin aprel ayında Brüssel görüşünün yekunları ilə bağlı bəyanatda da Aİ regionda nəqliyyat-kommunikasiya xətlərinin bərpası və yaradılmasında maraqlı olduğunu bildirmişdir. Eyni zamanda, bir çox Asiya ölkələrinin də bu məsələdə maraqlı olduqlarının da şahidi oluruq. Bu isə bir daha göstərir ki, Zəngəzur dəhlizinin açılması Cənubi Qafqaz regionu ilə yanaşı Avropa və Asiyanı da diqqətindədir.
Logistik mərkəz olmaqla yanaşı əlverişli coğrafi şəraiti Zəngilanda kənd təsərrüfatının da inkişafına imkan yaradır. Qəbul zamanı ölkə başçımızın vurğulamış olduğu məqamlardan biri də Zəngilanın kənd təsərrüfatı potensialı ilə bağlı oldu. Bildiyimiz kimi, keçmiş SSRİ dövründə Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının 20 faizi Qarabağ bölgəsinin payına düşürdü. Bu göstəricinin 1.9 faizi isə heyvandarlıq sahəsini əhatə ediridi və bu isə sözügedən sahənin geniş inkişaf etdiyi Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər və Cəbrayıl rayonlarını əhatə edirdi. 30 illik işğal dövründə isə bu torpaqlardan istifadə edilməyib, əksinə düşmən tərəfindən ekosid törədilib. İndi isə bu torpaqlarda digər sahələr kimi kənd təsərrüfatının da dirçəlməsi üçün mühüm layihələr həyata keçirilir. Bu istiqamətdə atılmış addımlardan biri də Zəngilanda yaradılmış “DOST Aqropark”dır. Zəngilan rayonu üzrə təyin edilmiş xüsusi nümayəndənin qəbulu zamanı ölkə başçımız işğaldan azad edilmiş ərazilərdə birinci aqroparkın məhz Zəngilan rayonunda yaradıldığını və bunun birinci nümunəvi aqropark olacağını diqqətə çatdırdı. Ötən ilin payızında Azərbaycan və Türkiyə liderlərinin iştirakı ilə təməli qoyulan bu aqropark Azərbaycanın və Türkiyənin qida təhlükəsizliyinə töhfə verməsini, bölgənin əkinçilik və heyvandarlıq məhsullarının beynəlxalq bazarlara çıxarılmasını özündə əks etdirir. Aqropark tam fəaliyyətə başladıqda beş yüz nəfərin işlə təmin olunması isə əhalinin məşğulluq imkanlarının artırılmasında da mühüm rol oynayacaq. Əhalinin məşğulluğunun təmin edilməsində mühüm rolan malik layihələrdən biri də ən müasir innovativ texnologiyaların tətbiqi ilə reallaşan “Ağıllı kənd” layihəsidir. Birinci pilot layihənin tətbiq olunduğu Ağalı kəndi tezliklə öz sakinlərini qarşılamağa tam hazır olacaq. Beləliklə, bir çox bərpa və yenidənqurma layihələri uğurla icra olunan Zəngilan öz sakinlərinin: keçmiş məcburi köçkünlərin qayıdacağı ilk rayonlardan biridir.
Şəbnəm Eldarova,
Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi
Bişkek diplomatiyası və Azərbaycanın çoxqütblü dünyada artan geosiyasi çəkisi
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb