06 may 2022 17:19
894

Ulu Öndər bütün dünya azərbaycanlılarının and yeri və qürur mənbəyidir

Bütün dünya azərbaycanlılarının and yeri və qürur mənbəyi olan ulu öndər Heydər Əliyevin ideyaları Azərbaycanın dünəninin, bugününün və gələcəyinin əsasıdır. Hələ müstəqilliyimizin ilk  illərində ölkəmizdə baş verən xaos və gərginlik tələb edirdi ki, daha müdrik və Vətənə bağlı bir lider Azərbaycan rəhbərlik etməlidir. Ona görə də Ulu Öndər xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmalı idi və qayıtdı.

Bəli, həmin dövrün iqtidarının yarıtmaz siyasəti nəticəsində Azərbaycan parçalanmaq, müstəqilliyini itirmək təhlükəsini yaşayırdı. Ölkədə sözün əsl mənasında, hakimiyyətsizlik idi. Siyasi hərc-mərclik baş alıb gedirdi. Bölgələrimizdə, paytaxtın ayrı-ayrı məhəllələrində silahlı dəstələr hökmranlıq edirdilər.  Ölkə vətəndaş müharibəsi və etnik toqquşmalar meydanına çevrilməkdə idi.  Xalq ümidsizlik və təlaş içərisində idi. Sabaha inam qalmamışdı.  Azərbaycanın xaricdəki yağı düşmənləri daxildəki satqınlarla birləşmişdilər. Azərbaycan torpağı etnik əlamətə görə parçalanıb yox olmaq təhlükəsi qarşısında qalmışdı. Vətəndaş müharibəsi artıq başlanmışdı.

Bu reallığı da qeyd etmək yerinə düşər ki, Azərbaycan xalqının dövlətçilik tarixində mürəkkəb mərhələlər çox olub. Tarix boyu bütün çətinliklərə rəğmən heç bir qüvvə xalqımızın dövlətçilik  arzularını, ənənələrini  məhv edə bilməmişdir. Yaşanan çətinliklərə, təhlükələrə baxmayaraq xalqımızda sabaha bir ümid var idi. Xalq öz xilaskarına-ulu öndər Heydər Əliyevə üz tutaraq onun hakimiyyətə qayıdışı nəticəsində bütün çətinliklərin arxada qalacağına əmin idi. Hər zaman Azərbaycanın gələcəyini düşünən Ulu Öndəri xalqının səsinə səs verdi, hakimiyyətə qayıtdı. Bununla da Azərbaycanın həyatında yeni bir mərhələ başladı. Dövlət müstəqilliyimizin əsasları gücləndirildi. Azərbaycan müstəqil dövlət kimi dünya birliyində yeri və mövqeyini möhkəmləndirmək istiqamətində atdığı uğurlu addımların nəticəsini gördü. Ümummilli lider Heydər Əliyev sabitliyi bərpa etdi, Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadəni təmin etməklə ölkəmizin iqtisadiyyatının dirçəldilməsinə, dünya iqtisadi sisteminə inteqrasiyasına nail oldu. 1994-cü il mayın 12-də ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində cəbhə xəttində atəşkəsə nail olundu. Bu mühüm addım Azrbaycanın hərtərəfli inkişafının təmin edilməsində əsas amilə çevrildi. Belə ki, həmin ilin sentyabr ayının 20-də «Əsrin müqaviləsi» imzalandı. Ölkə iqtisadiyyatının inkişafında neft amilinə xüsusi önəm verilməsi ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi idi. Neft gəlirlərindən səmərəli istifadə etmək məqsədilə Dövlət Neft Fondu yaradıldı. Bütün bu addımlar Azərbaycanın bugününə və gələcəyinə hesablanmışdı.

Ölkəmizin iqtisadi qüdrətinin artması, cəbhə xəttində atəşkəsə nail olunması nəticəsində ordu quruculuğu sahəsində də mühüm addımlar atıldı, nizami ordu yaradıldı. Ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi, döyüş qabiliyyətinin artırılması xüsusi diqqətdə oldu. Birinci Qarabağ müharibəsindəki məğlubiyyətimizin səbəbləri məlumdur. O vaxt nizami ordu yox idi, ordu quruculuğu aparılmırdı, Ölkəyə rəhbərlik edən  səriştəsiz, idarəçilik qabiliyyəti olmayan qüvvələri dövlət maraqları deyil, özlərinin  şəxsi ambisiyalarını həyata keçirmək düşündürürdü. Məhz onların xəyanəti nəticəsində Şuşanın, Laçının, Kəlbəcərin mənfur düşmən tərəfindən işğal olunması Dağlıq Qarabağla Emənistan arasında coğrafi bağlantı yaratdı.  Ermənistanın Azərbaycan torpaqlarını işğal etmək niyyəti reallığa çevrildi.

44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz Ulu Öndər tərəfindən yaradılan möhkəm təməl üzərində döyüş qabiliyyətini daha da artıran, maddi-texniki bazasını möhkəmləndirən, dünyanın ən güclü 50 ordusu sırasında yer alan Azərbaycan ordusunun hansı imkanlara malik olduğunu nümayiş etdirdi. Son 18 ildən artıq dövrdə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas vəzifə ordu quruculuğu oldu. Bu, bir həqiqətdir ki, bu gün müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin nəticəsi kimi qarşıya qoyduğu bir çox məqsədlərinə nail olub. Xüsusilə 2003cü ildən sonrakı dövrün əsas hədəfi torpaqlarımızın işğaldan azad edilməsi idi. Ümummilli lider Heydər Əliyevin vaxtilə işğal altında olan ərazilərimiz haqqında söylədiyi  «Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün bu, iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu. Biz onlarsız yaşaya bilmərik» fikirləri artıq reallıqdır.

Elmar Əhmədov,

YAP Salyan rayon təşkilatının sədri