06 may 2022 16:53
1850

Zəngilan beynəlxalq əhəmiyyətli nəqliyyat-logistika mərkəzi olacaq

Zəngilan rayonuna təyin olunan xüsusi nümayəndəni qəbul edərkən ölkə başçısı cənab İlham Əliyev Zəngilan rayonu, həmçinin işğaldan azad edilmiş digər ərazilər haqqında geniş fikir bildirdi. Ermənistanın ərazilərimizi işğalda saxladığı illər ərzində torpaqlarımızda olmazın vəhşiliklər törətməsinə diqqət çəkən cənab Prezident Azərbaycan Ordusunun ölkəmizi böyük bəladan-erməni faşizmindən xilas etdiyini qeyd etdi.

Erməni işğalçıları Zəngilanda bütün infrastrukturu dağıtmış, xalqımıza məxsus dini, tarixi, mədəni irsi məhv etmiş, hətta rayonun təbiətinə qarşı ekoloji terror törətmiş, bir sözlə, rayonu yerlə yeksan etmişlər. Avropanın ikinci ən böyük çinar meşəsi olan Bəsitçay təbiət qoruğu məhv edilmiş, ağaclar kütləvi şəkildə qırılmış, hətta yandırılmışdır. Zəngilan ərazisindən keçən Oxçuçay da Ermənistanın ekoloji terroru nəticəsində tamamilə çirkləndirilmiş, fəlakət zonasına çevrilmişdir. İşğal olunmuş digər ərazilərdə olduğu kimi Zəngilanda da yeraltı və yerüstü təbii sərvətlər talan edilmişdir. Bütün bu cinayətlərə görə rəsmi İrəvanın məsuliyyət daşıdığını vurğulayan cənab Prezident beynəlxalq məhkəmələrə müraciət edilməsi üçün  dəymiş ziyanın hesablandığını və müvafiq prosedurların həyata keçirildiyini bildirdi.

Artıq işğaldan azad edilmiş hər bir ərazidə olduğu kimi Zəngilan rayonunda da sürətli bərpa-quruculuq işləri həyata keçirilir. Zəngilanın coğrafi mövqeyi nəzərə alınaraq rayon ərazisində bütün növ nəqliyyat infrastrukturunun yaradılması istiqamətində davamlı işlər görülür. Həm dəmir yolu, həm avtomobil yolları çəkilir, Beynəlxalq Hava Limanın inşası sürətlə davam etdirilir. Yaradılan nəqliyyat infrasturkturu həm yerli, həm də beynəlxalq yükdaşımalar üçün çox böyük əhəmiyyətə malik olacaq. Nəticədə isə Zəngilan beynəlxalq əhəmiyyətli      nəqliyyat-logistika mərkəzinə çevriləcəkdir. 

Cənab Prezident İlham Əliyev qarşıda duran vəzifələr haqqında danışarkən keçmiş məcburi köçkünlərin azad edilmiş torpaqlara mümkün qədər tez vaxtda qayıtmalarının vacibliyini vurğuladı. Çünki bu insanlar illərlə öz doğma yurd-yuvalarının həsrətilə yaşayıblar. Məhz ilk olaraq Zəngilan rayonundan olan keçmiş məcburi köçkünlər bu il öz doğma torpaqlarına qayıdacaqlar. Bunun üçün lazım olan hər bir iş dövlət tərəfindən görülməkdədir. Müasir standartlara uyğun “ağıllı kənd” konsepsiyası əsasında Ağalı kəndi yenidən qurulur, insanların məşğulluğunu təmin etmək üçün müvafiq infrastruktur yaradılır. Bu məsələlərlə bağlı ölkə başçısı Zəngilana təyin olunan xüsusi nümayəndəni qəbul edərkən də öz tapşırıqlarını verdi və bildirdi ki, ümumiyyətlə Zəngilan ərazisində iş yerləri yaradılmalı, insanların məşğulluğu təmin edilməlidir. Ən müasir texnologiyalar tətbiq edilməklə kənd təsərrüfatının potensialından istifadə edilməsi, aqroparkların və sənaye məhəllələrinin yaradılması əsas prioritet kimi müəyyənləşdirildi. Bütün bunlar isə əhalinin məşğulluğunun təmin olunması ilə bərabər ərzaq təhlükəsiziliyinə, eyni zamanda, ixrac imkanlarının artmasına səbəb olacaqdır.

Ölkə başçısı eyni zamanda Zəngilanın böyük turizm potensialının da olduğuna diqqət çəkərək bu istiqamətdə müvafiq işlərin görülməli olduğunu qeyd etdi. Zəngilanda olan füsunkar təbiət, gözəl meşələr, dağlar, bulaqlar, həmçinin yaradılan müasir nəqliyyat infrastrukturu rayonda turizmin inkişaf etdirilməsi üçün geniş imkanlar açır. Zəngilanın turizm potensialının digər rayonlarda yaradılacaq turimz imkanları ilə uzlaşdırılmalı olduğunu bildirən ölkə başçsı rayonun turizm imkanlarını dərindən təhlil etmək və bu istiqamətdə təxirəsalınmaz işlərə başlamağı tapşırdı. Cənab Prezident   qeyd etdi ki, dünya standartları əsasında otellər, istirahət zonaları yaradılmalı, kənd turizmi inkişaf etdirilməlidir. Bütün bunlar həmçinin əhali üçün məşğulluq və gəlir mənbəyi olacaq. Bir sözlə, öz doğma torpaqlarına qayıdan insanların rahatlığı üçün  hər bir sahədə dünyada, xüsusilə də Avropada mövcud olan mütərəqqi prinsip və mexanizmlər tətbiq ediləcəkdir.

Anar Şahmuradov,

YAP Ağdaş rayon təşkilatın məsul əməkdaşı