Məhz bu keyfiyyətlərinə görə Azərbaycan dili ulu öndər Heydər Əliyevin milli siyasət konsepsiyasında mühüm yer tutur
Xalqımızın ümummilli lideri Heydər Əliyev Vətənə sonsuz sevgisi, böyük siyasi iradəsi, fenomenal təfəkkürü, dövlətçilik strategiyası, tarixi keçmişimizə, mədəniyyətimizə, xüsusilə də ana dilimizə tükənməz hörməti ilə dünyada nüfuz qazanmış nadir şəxsiyyətdir.
1993-cü ilin iyununda Ulu Öndərin xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıdışı Azərbaycanda yeni eranın başlanğıcını qoydu. Ən başlıcası isə odur ki, dövlət müstəqilliyimiz qorunub saxlanılaraq möhkəmləndirildi. Tarixdə ilk dəfə olaraq Azərbaycanın milli siyasət kursu müstəqil dövlət siyasətinin tərkib hissəsi kimi gerçəkləşdirilməyə başlanıldı. Ümummilli lider Heydər Əliyevin istər 1969-1982, istərsə də 1993-2003-cü illərdə ölkəmizə rəhbərlik etdiyi dönəmlərdə müəllifi olduğu milli siyasət konsepsiyasının tərkib hissələrindən biri də Azərbaycan dilinin dövlət dili statusu alması, beynəlxalq səviyyəyə yüksəldilməsi, daha da zənginləşərək nüfuz qazanması və gündəlik təcrübədə işlək dilə çevrilməsi məsələsidir.
1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən dahi şəxsiyyət Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” Ümummilli Liderin bu təşəbbüsü 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapmışdır. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi ulu öndər Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Dahi şəxsiyyət bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorumuşdur.
Ulu öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi ikinci dönəmdə də “Dili yaşatmaq xalqı yaşatmaqdır” devizi ilə fəaliyyətini uğurla davam etdirdi. 1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyasına “Azərbaycan dili” maddəsinin (21-ci maddə) salınması, 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, 2001-ci il avqustun 9-da “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərmanların imzalanması, eləcə də 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi dahi şəxsiyyət Heydər Əliyevin ümummilli məsələlərdə, xüsusən də dil məsələsində düşünülmüş, uzaqgörən siyasi xəttini uğurla davam etdirdiyini isbatlayır.
Ulu öndər Heydər Əliyevin Azərbaycan dilinin inkişafı, onun tətbiqi sahəsinin genişləndirilməsi və xarici təsirlərdən qorunması, habelə dilimizin saflığı istiqamətində müdrik siyasəti hazırda dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ümummilli Liderin dil siyasəti, dilimizin inkişafı yönündə göstərdiyi tarixi xidmətlər əsl məktəbdir və bu təcrübədən hər zaman istifadə olunacaqdır.
Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri