21 aprel 2022 20:07
1271

Heydər Əliyev və Azərbaycan dili

“Dil insanı dəyərləndirmək üçün əsas vasitədir”

Həzrəti Məhəmməd Peyğəmbər (s. və s)

Sovet kommunist rejiminin tüğyan etdiyi bir dövrdə, 1978-ci ilin aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin, Azərbaycan Sovet Sosialist Respublikasının konstitusiyasının layihəsinin və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə çıxış edən Azərbaycan rəhbəri Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”.

Bu tarixi və cəsarətli təşəbbüs 1978-ci il aprelin 21-də qəbul edilmiş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapdı. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Azərbaycanın adlı-sanlı rəhbəri Heydər Əliyevin xalq arasında daha bir möhtəşəm tarixi qələbəsi idi. Xalqımızın görkəmli və əbədiyaşar oğlu həmin gün gələcək müstəqil Azərbaycanımızın milli rəmzlərindən ən mühümünün, ana dilimizin dövlət statusu almasının, qorunmasının və əsaslı inkişaf etdirilməsinin təməlini qoydu.

İndi 50 milyondan çox azərbaycanlının öz ana dilində danışması biri-biri ilə ünsiyyət bağlamasının tarixi təməlinin əslində həmin gündə qoyulmasını etiraf etməliyik. Böyük milli təəssübkeşliklə bu məsələyə yanaşan, dilimizi rəsmi dünya dillərinin sırasına qoşan ümummilli liderimiz Heydər Əliyevin o zaman qaldırdığı bu məsələ heç də keçmiş SSRİ məkanında birmənalı qarşılanmadı. Hətta başqa müttəfiq respublikaların birinci katibləri Azərbaycan rəhbərinə qarşı çıxdılar. İndi Rusiya ilə müharibədə olan Ukraynanın o zamankı rəhbəri V.Şerbitski etiraz edərək deyirmiş ki, indi gərək biz də bu addımı ataq, doğma rus dilindən uzaqlaşaq, respublikamızda öz dilimizi dövlət dili kimi rəsmiləşdirək. Azərbaycanın yenilməz rəhbəri Heydər Əliyev ona zamanında müdrikcəsinə cavab vermişdi ki, biz bu işdə heç kimə mane olmaq istəmir, öz milli maraqlarımızın yolu ilə gedirik. Obyektiv tarixçilərin yazdıqlarına görə, Heydər Əliyev o  zamankı SSRİ rəhbəri L.Brejnevlə görüşmüş bu məsələni əhatəli, müdrikcəsinə ona başa salaraq problemin həllinə nail olmuşdu. Ulu Öndərimiz o zamankı 15 müttəfiq respublikalar arasında yeganə rəhbər idi ki, öz xalqının dilinin dövlət dili səviyyəsinə qaldırılmasına, inkişaf etdirilməsinə nail olmuşdu. Həmin vaxtdan ana dilimiz geniş üfüqlərə çıxmış, inkişaf, tərəqqi yollarında inamla irəliləməyə başlamışdır. Bir faktı qeyd etmək yerinə düşər ki, təkcə 1979-cu ildə Azərbaycanda çıxan 14 milyon kitabın 12 milyonu doğma ana dilimizdə nəşr olunmuşdur.

 Bir az irəliyə nəzər salanda görürük ki, doğma Azərbaycan dilimiz həmin dövrə qədər çox maneələrlə üzləşmiş, həmişə də uğursuzluğa düçar olmuşdu. Belə ki, 1921-ci ildə Azərbaycan dilinin dövlət dili kimi Konstitusiya layihəsinə salınması Moskva tərəfindən dərhal rədd edilmişdi. Buna oxşar hadisə 16 ildən sonra, 1937 -ci ildə də baş vermişdi. İmperiya şovinizmi yenə də həmin təşəbbüsü yerindəcə boğmuşdu.

“Öz dilini bilməyənlər şikəst adamlardır” deyən müdrik Heydər Əliyev “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Bizim ən böyük sərvətimiz ondan ibarətdir ki, dilimiz yaşayır və zənginləşir. Dil hər bir millətin mənliyinin əsasıdır” söyləyirdi.

Azərbaycan xalqı öz müstəqilliyinə qovuşandan sonra da ulu öndər Heydər Əliyev ana dilimizin tarixi keçmişi ilə yanaşı onun mövcud vəziyyətini, cari problemlərini də daim diqqət mərkəzində saxlayırdı. Bu yöndə bir sıra mühüm, həyati tədbirlərin görülməsinə ciddi nəzarət edirdi. Ümummilli Lider 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” tarixi Fərmanı imzaladı. Ulu Öndərimizin ilk növbədə müstəqil, müasir Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması, möhkəmlənməsi yönündə müstəsna və tarixi əhəmiyyət daşıyan bu Fərmanı dövlət dili ilə bağlı hərtərəfli, geniş və mükəmməl məlumatları özündə əks etdirirdi. Ona görə də Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdı. Göründüyü kimi, xalqımızın yenilməz oğlu Heydər Əliyevin Azərbaycan dilinə böyük ehtiram və məhəbbəti göz önündədir. Prezident yanında belə bir səlahiyyətli, mötəbər komissiyanın fəaliyyəti dilimizin inkişafına, formalaşmasına xidmət edirdi. Bundan başqa, onu da xatırlamaq çox xoş olar ki, Ulu Öndərimizin başqa bir tarixi Fərmanı ilə hər il avqustun 1- i ölkəmizdə “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” kimi qeyd edilir. Bu tədbir artıq hər il əsl bayram əhval-ruhiyyəsi ilə keçirilir.

Bu gün respublikamızın uşaq bağçalarında, məktəblərində, ali təhsil müəssisələrində öz ana dilində dil-dil ötən uşaqlarımızı gənclərimizi görəndə ürəklərimiz iftixar hissi ilə döyünür. Həmin dili dövlət səviyyəsinə qaldıran, inkişafı və formalaşması üçün xalqın milli sərvətinə döndərən ulu öndərimiz Heydər Əliyevin nurli siması, fərəh və məhəbbətlə gülümsəyən mavi gözləri qürur və sevinc içində nəzərlərimizidə canlanır.

Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsi, müstəqil dövlətimizin başlıca əlamətlərindən biri kimi onun tətbiq edilməsi, qorunması və inkişaf etdirilməsi bu gün də respublikamızın Konstitusiyasına uyğun olaraq hüquqi statusunu inamla yaşadır.

Prezident İlham Əliyevin 2018-ci il 1 noyabr tarixli Fərmanı ilə ana dilimizin inkişafına böyük önəm verilməsi “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı xalqımızın varlığının, mənəviyyatının və milli-mənəvi dəyərlərinin əsas təminatçısı olan Azərbaycan dilinin gündən-günə inkişafına və qorunmasına tükənməz qayğı və fədakarlıqla xidmət edir.

Tahir Məmmədov,
Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü,
siyasi elmlər üzrə fəlsəfə doktoru