21 aprel 2022 16:27
810

Ana dilinin qorunması kimi həssas məsələ hər zaman Ulu Öndərin diqqət mərkəzində olub

Hər bir xalqın, hər bir millətin varlığının sübutu üçün ən vacib amillərdən biri də onun ana dilinin olmasıdır. Çünki dil insanlar arasında ünsiyyət vasitəsi olmaqla yanaşı, hər bir xalqın varlığının ən əsas təminatçısıdır. Azərbaycan xalqının ünsiyyət vasitəsi olan ana dilimiz milli-mənəvi dəyərlər sistemində ən qiymətli sərvətimizdir. Dilimiz də Vətənimiz, torpaqlarımız kimi keçmişimizin, bu günümüzün və sabahımızın güzgüsü olmuş, xalqımızı dünyada tanıdan ən başlıca milli əlamət kimi rol oynamışdır.

Bütün milli-mənəvi dəyərlərimiz kimi ana dilimiz də tarixin ağır sınaqlarından keçmişdir. Zaman-zaman ana dilimizə qarşı məqsədli və qərəzli yanaşmalar olmuşdur. Lakin xalqımız öz dilini, dilimiz isə onu yaşadan xalqımızı qorumuş, indiki biçimdə formalaşdırmışdır. Digər milli-mənəvi dəyərlərimiz kimi ana dilimizin qorunması və hazırkı tərəqqi dövrünə qovuşması məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Hələ Azərbaycana birinci rəhbərliyi dövründə ana dilinin qorunması kimi bir həssas məqamı daim diqqət mərkəzində saxlayan Heydər Əliyev keçmiş SSRİ mühitində dillərin sıxışdırıldığı bir şəraitdə qətiyyətli, cəsarətli və Vətənə sadiq mövqe tutmuşdur.

1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” Heydər Əliyevin bu təşəbbüsü 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapmışdır. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorumuşdur. Çünki, ana dili dövlət rəmzlərimiz olan bayraq, gerb, himn kimi müqəddəsdir.

Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdir. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulamışdır ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Bu, əslində ana dilinin dövlət dili statusunu qorumaq məqsədi güdürdü.

Azərbaycanda dilçi alimlərə yüksək diqqət və qayğı göstərilməsi, milli dildə nəşr edilən kitabların tirajlarının artırılması və digər tədbirlər ana dilinin daha da inkişaf etdirilməsi məqsədi ilə atılan mühüm addımlar Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində olan xidmətlərindəndir.

Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi də Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə qayıdışından sonra isə Azərbaycan dili öz inkişafında yeni mərhələyə qədəm qoydu. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilən müstəqil dövlətimizin ilk Konstitusiyası ilə dövlət dilinin adı bərpa edildi. Bu, Ulu Öndərin ana dilimizə dəyişməz mövqeyinin daha bir parlaq nümunəsi oldu. Bundan sonra dövlət səviyyəsində ana dilinin inkişafı və qorunması istiqamətində əhəmiyyətli sənədlər qəbul edildi.

Ulu Öndər Heydər Əliyev ana dilimizin tarixi keçmişi ilə yanaşı, mövcud durumunu və problemlərini daim diqqət mərkəzində saxlayıb və bu yöndə bir sıra mühüm tədbirlərin həyata keçirilməsinə dair imza atıb. Ulu Öndər Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdır. İlk növbədə müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir. Sözügedən Fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır. Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.

2002-ci il 30 sentyabr “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi ana dilimizə olan dövlət qayğısının daha bir təsdiqi oldu. Qanuna əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Həmin Qanun Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır.

Sevindirici haldır ki, Ulu Öndərin yolunun və siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkəmiz bütün sahələrdə yüksək tərəqqi mərhələsindədir. Təbiidir ki, bu tərəqqi digər bütün sahələrdə olduğu kimi ana dilimizin müasir inkişafına da şərait yaradıb. Ümummilli Liderin ideyalarını bütün sahələrdə rəhbər tutan və dövrün tələblərinə uyğun gerçəkləşdirən Prezident İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. Bu gün dilimizin inkişafının əsas qarantı da məhz ölkə rəhbərinin özüdür.

Prezident İlham Əliyev milli xüsusiyyətlərimizin saxlanmasında ana dili və ədəbiyyatımızın başlıca amillərdən olduğunu dəfələrlə vurğulayaraq demişdir: “Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir”. Ölkə rəhbəri müxtəlif çıxışlarında, insanlarla söhbətlərində, bölgələrdə keçirdiyi görüşlərdə həmişə dövlət atributlarına, xüsusilə də Azərbaycan dilinə, əlifbasına, mədəniyyətinə, incəsənətinə, milli adət-ənənələrinə xüsusi qayğı və ehtiramla yanaşır.

Biz müəllimlər də öz növbəmizdə ana dilimizin incəliklərini, gözəlliklərini şagirdlərimizə aşılamağa çalışırıq. Müxtəlif maarifləndirici tədbirlər, müsabiqələr təşkil edir, şagirdlərimizin, gənclərimizin ana dilimizi sevməsi, onu qoruması, əziz tutması üçün əzmlə çalışırıq. Çalışırıq ki, gələcəyimiz olan gənclər azərbaycanlı olub, saf, təmiz Azərbaycan dilində danışmaqları ilə hər zaman fəxr etsinlər.

Nazimə Şamıyeva,
Füzuli rayon M.Xəzani adına müsiqi təmayüllü internat tipli gimnaziyanın direktoru